KÖŞƏ

Vəli İlyasov

AXC nə üçün Gəncəni paytaxt seçmişdi?

07 mart 2018 22:57
3573

Dahi  Nizami Gəncəvinin,  qəhrəman Cavad xanın və bir sıra məşhur ədəbiyyat  və dövlət xadimlərinin  ruhunu özündə  yaşadan Gəncə şəhəri həm də tarixən azadlıq, milli müstəqillik yolunda işıq saçan məşəl olmuşdur. XIX əsrin sonu,  XX əsrin əvvələrində Azərbaycan tarixi-mədəni, sosial-siyasi inkişafına görə iki əsas mərkəzə -Bakı və Gəncə şəhərlərinə malik idi.  Neft sənayesinin inkişafı ilə daha çox  politexnik və çoxmillətli mərkəz kimi formalaşan Bakıda siyasi proseslər əsasən Rusiyanın təsiri altında dəyişirdi. Ona görə də sinfi maraqların milli maraqları üstələdiyi Bakı şəhərində Azərbaycanın milli qüvvələrinin səsi bəzən eşidilməz olurdu. Milli ənənələrin daha güclü  olduğu Gəncə isə etnik cəhətdən daha yekcins idi, eyni zamanda burada kifayət qədər milli ziyalı təbəqəsi var idi.

1905-ci ildə Gəncədə Yusif bəy və Həmid bəy Yusifbəyovlar, Ələkbər bəy Rəfibəyov, Ələsgər bəy Xasməmmədov kimi ziyalıların rəhbərliyi ilə “Türk Sosialist- Federalist İnqilab Komitəsi” yaradıldı. Bu təşkilat Azərbaycana muxtariyyət və Rusiyanın federativ şəkildə qurulması ideyasını ortaya qoyan ilk siyasi qüvvə oldu. Birinci Dünya müharibəsi başlandıqdan sonra  Azərbaycanın siyasi liderləri fəaliyyət dairələrini genişləndirərək  əsasən keçmiş difaiçilərdən ibarət olan yeni təşkilat -”Gəncə Milli Komitəsi” yaratdılar. Beləliklə, 1917-ci ildə çar monarxiyası yıxıldıqdan sonra, Azərbaycanda real hakimiyyətə malik iki qüvvə - Stepan  Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti və milli qüvvələrdən ibarət Gəncə Milli Komitəsi mövcud idi. Nəsib  bəy Yusifbəylinin rəhbərliyi ilə “Türk-Ədəmi-Mərkəziyyət” Partiyası yaradıldı və Novruz bayramı günündə Gəncənin Şah Abbas məscidinin həyətində təşkil olunmuş izdihamlı mitinqdə partiyanın məramnaməsi bəyan edildi. Nəsib  bəy Yusifbəylinin həmin mitinqdəki çıxışında ilk dəfə olaraq, Azərbaycanın muxtariyyəti siyasi bir tələb kimi ortaya qoyuldu.

Qafqaz müsəlmanlarının 1917-ci ildə Bakıda keçirilən qurultayında Gəncə liberalları bakılı müsavatçıları öz ideoloji platformaları ilə tanış etdilər və onları milli ideyanın konkret şəkildə - məsələnin Azərbaycanın milli ərazi muxtariyyəti şəklində qoyuluşunun perspektivinə  inandıra bildilər. Beləliklə, Azərbaycanın gələcək siyasi perspektivləri barədə vahid mövqeyə malik olmaları, Gəncə və Bakı liderlərinin vahid siyasi təşkilatda birləşmələrinə zəmin yaratdı. 1917-ci ilin mayında keçirilən Ümumrusiya müsəlmanlarının qurultayı, onun yekun sənədi iyunda “Türk Ədəmi-Mərkəziyyət”  partiyası Müsavat adlandırılan birləşmiş  təşkilatın yaranması ilə nəticələndi. Yaradılan partiyanın, hər iki tərəfdən 4 nəfər olmaqla, 8 üzvdən ibarət mərkəzi komitəsi yaradıldı və birgə bəyannamə qəbul edildi. 1917-ci ilin oktyabrında partiyanın qurultayında qəbul edilmiş proqram  “Ədəmi-Mərkəziyyət”  prinsipləri əsasında tərtib edilmişdi. Təəssüf ki, bəzi məsələlərdəki fikirlərdə  mövqeləri razılaşdırmaq mümkün olmadı və bu fikir müxtəlifliyi sonralar AXC dövründə də özünü büruzə verdi.

1918 - ci il mayın 28 - də Azərbaycan Xalq Cümhuriyyəti elan edilsə də, bütün Azərbaycanda, eləcə də Bakıda bolşevik - erməni alyansı at oynadırdı və  Məhəmməd Əmin Rəsulzadənin dili ilə desək, “...böylə bir təhlükə qarşısında milləti müdafiə edəcək tək bir Gəncə qalmışdı”. İyunun 16 -da hökumət Tiflisdən Gəncə şəhərinə köçdü. Azərbaycan Xalq Cümhuriyyəti düz 3 ay Gəncədə fəaliyyət göstərdi. Yeni dövlətin ilk addımları məhz bu  şəhərdə atıldı. Dövlət strukturlarının formalaşması məhz Gəncənin adı ilə bağlıdır.

Cümhuriyyətin  Gəncə dövrü bir sıra mühüm hadisələrlə zəngindir. İlk müstəqil dövlət üç ay ərzində burada xalqın tələbi ilə bağlı yüzə yaxın qərar və qanun qəbul edib:

Məhz Gəncədə, ilk dəfə olaraq, milli bayrağımız  başımızın üstündə dalğalandı;  məhz Gəncədə Azərbaycan dili dövlət dili elan edildi;

AXC-nin vətəndaşlığı haqqında qərar qüvvəyə mindi;  dahi Üzeyir bəyin başçılığı ilə “Azərbaycan” qəzeti işıq üzü gördü.

Gəncənin ulu adı özünə qaytarıldı, Karyaqin qəzası Cəbrayıl adlandırıldı, Zaqatala Azərbaycanla əbədi birləşdirildi.

Məhz Gəncədə dövlətin sosial - iqtisadi, maliyyə əsaslarını yaratmaq, sərhəd rayonlarında mühafizə, gömrük postlarının təşkili, bank əməliyyatlarının nizama salınması və digər istiqamətlərdə əməli addımlar atıldı.

Xarici siyasətdə də  mühüm işlər görüldü: daşnakların Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri araşdıran Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Komissiya qısa bir vaxtda 36 cild və 3500 vərəqdən, 100-dən çox fotoşəkildən ibarət təhqiqat materialları hazırladı və dünya ictimayyətinə çatdırmaq üçün konkret işlər gördü.

Sentyabrda keçiriləcək Paris Sülh Konfransında dünyanın böyük dövlətlərinin müstəqil Azərbaycanı dəstəkləməsi üçün lazımı işlər aparmaq məqsədilə, həmin dövlətlərə komissiyalar göndərildi.

Ən başlıcası, məhz Gəncədə Milli Ordumuzun təşkili sahəsində ilk addımlar atıldı,  Azərbaycan dövlətçiliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün real işlər görüldü ,  hərbi nazirlik, hərbi zavod yaradıldı. Hərbi mükəlləfiyyət haqqında qərar qəbul edildi. Zabit kursları təşkil olundu. 26 iyun 1918-ci ildə isə  Azərbaycan dövlətinin ilk nizami hərbi qüvvəsi olan müsəlman korpusu əsasında “Əlahiddə Azərbaycan Korpusu” yaradıldı. Bakı Sovetinin daşnak-bolsevik qoşunlarının  Gəncə üzərinə hücumunun qarşısı   Nuru Paşanın komandanlıq etdiyi  Qafqaz-Türk İslam Ordusu  tərəfindən alındı.

Sentyabrın 15-də isə həmin birləşmiş ordu  Bakı üzərinə hücum edərək, burada hakimiyyəti ələ keçirmiş “Sentrokaspiy diktaturası”nı darmadağın etdi və Bakını antiazərbaycan qüvvələrin pəncəsindən  xilas etdi.

Gəncədə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin idarəedici və qanunverici orqanları 17 sentyabr 1918-ci il tarixində Bakıya köçdü və Bakı şəhəri paytaxt elan edildi...

Vəli İlyasov, “İki sahil”