13 noyabr 2018 01:02
2864

F1 Braziliya Qran-Prisinin gələcəyi sual altındadır

Formula 1 Braziliya Qran-Prisinin keçirilməsi üzrə kontraktın müddəti 2020-ci ildə başa çatır və bu mərhələnin gələcəyi sual altındadır. San-Pauluda dəfələrlə bildiriblər ki, yarışların keçirilməsi şəhər büdcəsinə artıq yükdür və kontraktın uzadılması üçün xərcləri azaltmaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bu çərçivədə təxirəsalınmaz tədbirlərdən biri də “Interlagos” avtodromunun özəlləşdirilməsidir. Lakin bunun üçün San-Paulu şəhər şurasının müvafiq qərarı tələb olunur. Məsələnin səsverməyə çıxarılması tarixi isə hələ müəyyən olunmayıb. Şəhər meri Bruno Kova bazar günü keçirilən yarışları izlədikdən sonra jurnalistlərə bildirib ki, avtodromun özəlləşdirilməsi “Interlagos”da Formula 1-in taleyinin müsbət həlli deməkdir. “Bu yarışlar şəhərimiz üçün mühümdür və onu qoruyub saxlamaqdan ötrü lazım olan bütün imkanlara malikik”, -deyə mer əlavə edib.

Öz növbəsində, “Liberty Media” şirkətinin nümayəndəsi qeyd edib ki, kontraktın uzadılmasına tələsmək lazım deyil, çünki hələ yetərincə vaxt var. Şirkət nümayəndəsi vurğulayıb ki, Braziliya mərhələsi Formula 1 üçün əhəmiyyətlidir.