01 noyabr 2018 23:52
3265

Qısa müddətdə böyük nailiyyətlər

Kosmik sənayenin son 10 illik inkişaf dönəmi: qısa müddətdə böyük nailiyyətlər

Azərbaycanda son illərdə iqtisadiyyatın neftdən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafı istiqamətində böyük işlər həyata keçirilir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 4 noyabr 2008-ci il tarixli Sərəncamı da məhz qeyri-neft sektorunun inkişafına xidmət edən önəmli bir addım idi.

Azərbaycanda müasir kosmik sənayenin yaradılmasından keçən 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə beynəlxalq əhəmiyyətli layihələr gerçəkləşdirilib. Dövlət başçısının 2010-cu il mayın 3-də imzaladığı müvafiq Sərəncamla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis olunması da Azərbaycanda kosmik sənayenin inkişafı istiqamətində atılan mühüm addımlardan idi. Bu qurumun yaradılmasında məqsəd telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi idi.

“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda da qeyd olunduğu kimi, ölkəmizin Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

10 il əvvəl icrasına başlanılan sözügedən Dövlət Proqramının əsas məqsədi respublikada kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi, dövlət strukturlarının peyk rabitəsinə olan tələbatının ödənilməsi, regionlarda əhalinin teleradio yayımına artan tələbatının təmin edilməsi, ölkənin beynəlxalq rabitə kanallarının artırılması və kosmik fəzadan səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişaf etdirilməsi, kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi, kosmik sənaye texnikasının inkişafı, yeni rabitə xidmətlərinin təşkili, teleradio yayımı, Yerin məsafədən zondlanması, hidrometeorologiya, ekoloji monitorinq, fövqəladə hallara nəzarət, kosmik tədqiqatlar, axtarış və xilasetmə üzrə proqramlar və s. bu sahənin inkişafına geniş perspektivlər yaratmaq idi.

Aradan keçən zaman kəsiyində məlum Dövlət Proqramında nəzərdə tutulan məqsədlərin demək olar ki, böyük qismi gerçəkləşdirilib.

2013-cü il fevralın 8-də Azərbaycanın ilk süni telekommunikasiya peykinin - “Azerspace-1”-in orbitə çıxarılması ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün, eyni zamanda, kosmik sənayemizin böyük nailiyyət göstəricisi idi. Bununla da Azərbaycan kosmik ölkələr sırasına daxil oldu. Dünyanın 1/3-ni əhatə edən “Azerspace-1” peyki bu gün Azərbaycan üzərində ən güclü siqnala malik peyklərdəndir.

2014-cü ildə kosmik sənaye sahəsində ölkəmiz növbəti uğura imza atdı: Azərbaycanın ikinci müşahidə peyki “Azersky” kosmosda öz yerini aldı. “Azersky” peyki yer səthini yüksək dəqiqliklə müşahidə etmək qabiliyyətinə malikdir. Başlıca tətbiq sahəsi Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət etmək olan “Azersky” peyki həm də kommersiya potensialına malikdir. Bu peykin xidmətlərindən nəinki Azərbaycanda, eləcə də Fransa, Moldova, Latviya, Estoniya, Tacikistan, Özbəkistan və s. ölkələrdə aktiv istifadə olunur. Dəyəri 157 milyon Avro olan “Azersky” peykindən indiyədək 24 milyon ABŞ dolları həcmində gəlir əldə edilib. Qürurla vurğulaya bilərik ki, dünyada cəmi 20 ölkə belə peyklərə malikdir. Bu fakt onu göstərir ki, Azərbayan bu gün kosmik sənaye sahəsində sürətlə inkişaf edərək bu istiqamətdə də dünyanın aparıcı dövlətləri sırasında yer almaqdadır.

Kosmik sənayenin inkişafı tarixində 2018-i il də uğurlu bir tarix  kimi yadda qaldı. Bu il sentyabrın 26-da daha bir telekommunikasiya peykimiz - “Azerspace-2” orbitə çıxarıldı.

Beləliklə də ölkədə bir çox digər sahələrdə olduğu kimi, ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində Azərbaycan Elmlər Akademiyasının nəzdində kosmik tədqiqatların aparılmasına başlanılması, bir çox texnoloji istehsalat komplekslərinin yaradılması ilə əsasını qoyduğu, çağdaş dövrümüzdə isə Prezident İlham Əliyevin rəhbərliyi altında müasir inkişafının zirvəsinə çatan Azərbaycanın kosmik sənayesi böyük tarixi uğurlara nail oldu.

Kosmik sənaye sahəsinin inkişafı həm Azərbaycanın milli təhlükəsizliklə bağlı maraqlarının tam şəkildə təmin olunması, həm də ölkə iqtisadiyyatının artımına dəstək deməkdir. Belə ki, hazırda Cənubi Qafqazın ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos”un xidmətlərinin alıcıları əsasən xarici ölkələrdəki qurumlar olduğundan onun fəaliyyəti ixraca istiqamətlənib. Belə ki, şirkətin idarəçiliyində olan “Azerspace-1” peykinin gəlirlərinin 80 faizi, “Azersky” peykinin gəlirlərinin 98 faizi xarici bazarlarda formalaşır. “Azərkosmos”un hazırda dünyanın 25-ə yaxın ölkəsində 100-dən çox özəl və dövlət şirkətlərinin daxil olduğu sabit müştəri bazası mövcuddur. Bu gün “Reuters”, MTV, “National Geographic” kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes tərəfdaş olaraq “Azərkosmos”u seçir.

Prezident İlham Əliyev sayca üçüncü peykimizin- “Azerspace-2”nin orbitə çıxarılmasını dövlətimizin növbəti uğuru kimi dəyərləndirərək qeyd etmişdir: “Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir. Biz “Azerspace-2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik. Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”.

Sevinc Abdullayeva, “İki sahil”