08 noyabr 2018 14:28
2898

Müasirlik, dinamik inkişaf, yeni texnologiyaların tətbiqi...

“Biz kadr potensialının hazırlanması işində daha da fəal olmalıyıq... Azərbaycan dünyanın sayı o qədər də çox olmayan kosmik klubuna da üzv olmuşdur. Bu, bizim siyasətimizi əks etdirir. Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var. Çünki kadr potensialı güclüdür. Təhsil lazımi səviyyədədir. Savadlılıq təxminən 100 faizdir. Bu, elmin inkişafı üçün əsas bazadır. Elmin inkişafına diqqət və qayğı göstərilir. Bütün bu amillər var. Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun.”  Dövlətimizin başçısı İlham Əliyev XXI əsrin  yeni texnologiyalar əsri olduğunu önə çəkərək, bildirir ki, o ölkələr  bu texnologiyaların sahibidir, onlar dünya miqyasında öz maraqlarını daha yüksək səviyyədə  müdafiə edə bilirlər.

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın yeni texnologiyaların inkişafına marağı təsdiqlənsin. Ölkəmiz  son beş ildə  orbitə 3 peyk çıxarıb: “Azərspace 1” telekommunikasiya peyki, “Azərsky” müşahidə peyki və “Azərspace 2”. Bu mühüm hadisələr  dövlətimizin gücünü, həyata keçirilən siyasətin  uğurlu gələcəyə hesablandığını təsdiqləyir. Ölkə Prezidenti İlham Əliyev üçüncü peykin orbitə buraxılması münasibətilə xalqa təbrikində bu məqamı da  qeyd etmişdir ki, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir.

Dövlətimizin başçısı İlham Əliyevin hər ili konkret bir sahənin adı ilə  bağlayıb, bu istiqamətdə mühüm tədbirlər həyata keçirməsi də dövrün tələblərinə uyğun təkmilləşmə əsasında hərtərəfli inkişafa stimuldur.  2013-cü ilin ölkəmizdə “İKT İli”, 2014-cü ilin “Sənaye İli”, 2015-ci ilin “Kənd təsərrüfatı İli” və s. kimi  mühüm  addımlar    günümüzün əsas çağırışları sırasında olan yeni texnologiyaların tətbiqi şəraitində  iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasında mühüm rol oynadı.   Yeni inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması,  elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda 12 istiqaməti özündə ehtiva edən Strateji yol xəritələri bu məqsədlərin gerçəkləşməsinə xidmət edir.

İqtisadiyyatın aynası olan   dövlət büdcəsindən ayrılmalara diqqət yetirdikdə də  müdafiə xərclərindən sonra təhsilin, elmin  inkişafına önəm diqqətdən yayınmır.  “Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri hərbi xərclərdən sonra ikinci yerdədir” söyləyərkən Prezident İlham Əliyev  bu  vəsaitlərin ildən-ilə artırılmasında  ölkədə   kadr hazırlığının beynəlxalq standartlara çatdırılmasını nəzərdə tutur. Dövlətimizin başçısı onu da qeyd edir ki, təhsilin səviyyəsi ölkəmizin perspektivlərini müəyyən edəcək. Qarşıya  qoyulan  məqsədə  nail  olmaq üçün ilk növbədə  təhsilin bütün  pillələrində  maddi-texniki bazanın möhkəmləndirilməsinə, məktəblərin ən müasir İKT vasitələri ilə təminatına  kadr hazırlığının təməli kimi diqqət yetirilir. Təhsil  problemlərinin   həlli istiqamətində zəruri addımların atılması, uşaqların gənc yaşlarından  ən mütərəqqi  təcrübə ilə tanış olması, beynəlxalq  standartlara uyğun hazırlanması üçün ölkəmizdə  əsaslı baza  yaradılıb. Əsas  vəzifə  odur ki, təhsilə ayrılan xərclərdən səmərəli istifadə olunsun,  gənc nəslin dünyada  gedən proseslərə uyğun, eyni zamanda, milli dəyərlərə əsaslanaraq inkişafı təmin edilsin.  Bakıda  Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun keçirilməsində də  əsas məqsəd məhz bu idi ki,   müxtəlif ölkələrdə aparılan gənclər siyasətinə diqqət artırılsın, gənclər siyasəti üzrə dünya ekspertləri bir araya gəlib, müasir dövrün cağırışlarını birgə cavablandırmağın yollarını müzakirə etsinlər. Dünya gənclərinin problemlərinin Azərbaycanda müzakirə olunması, gənclər siyasəti ilə bağlı ilk Qlobal Forumun ölkəmizdə keçirilməsi  məhz bu sahədə də təcrübəmizin nümunəviliyinə, ölkənin hərtərəfli inkişafında gənclərin malik olduğu potensial imkanlardan səmərəli istifadəyə daha çox önəm verilməsinə işıq saldı.  Müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu  mühüm vəzifələr önə çəkilərək ötən ilin sonunda Gənc alimlərin I qurultayı keçirildi.  İntellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işin gücləndirilməsi əsas hədəf kimi irəli sürüldü. Bütün bu addımlar ümumilikdə yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağının artırılması, ən əsası kadr hazırlığını iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırmağa xidmət edir.  Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürən və bu istiqamətdə  mühüm addımlar atan dövlətimizin başçısı İlham Əliyev hər zaman bildirir ki, yeniləşmə, təkmilləşmə dövlət siyasətinin əsasını təşkil edir.  Cənab İlham Əliyev gələcəklə bağlı bunları açıqlayır: “İndi imkanlarımız genişlənir və elmin, elmi tərəqqinin inkişafına xüsusi diqqət göstərilməlidir, xüsusilə İKT sektorunda. Çünki İKT-nin inkişafı bir neçə məqsədi güdür. İlk növbədə bu, Azərbaycanın intellektual potensialının inkişafına xidmət göstərəcəkdir. Ölkədə gedən müasirləşmə siyasətinə dəstəyini verəcəkdir. Digər tərəfdən, bu sahədə çox böyük iqtisadi imkanlar vardır. Gələcəkdə İKT sektorunda yaranacaq gəlir Azərbaycan iqtisadiyyatının inkişafına çox böyük təsir göstərəcəkdir.”  Məhz İKT sektorunda əldə olunan uğurlara söykənərək, bu   fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün    dünyada  təkcə neft-qaz ehtiyatlarına malik ölkə  deyil, həmçinin  yüksək səviyyəli  elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar  ölkəsi kimi tanınır.  O da məlumdur ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirilməsinə əsasən Azərbaycan son illərdə  İKT sahəsində  dünya üzrə dinamik inkişaf edən   ölkələr  sırasında ilk onluqdadır.

Davamlı inkişafın təmin edilməsində məmur-vətəndaş münasibətlərinin rolunu nəzərə alsaq, bu gün ölkəmizdə beynəlxalq təcrübəyə əsaslanan “Elektron hökumət”in formalaşdırılması mütərəqqi addım kimi dəyərləndirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir,  müvafiq infrastrukturun yaradılması üzrə tədbirlər  həyata keçirir. Azərbaycan brendi olan “ASAN xidmət” beynəlxalq səviyyədə dəstəklənir.  Bu günlərdə  dünyada  bir çox məşhur simalarla görüşən, tanınmış televiziya kanallarında, xəbər proqramlarında  və debatlarda iştirak edən  robot “Sofiyanın “ ölkəmizə səfəri də Azərbaycanın innovasiyalar ölkəsi kimi qazandığı nüfuza bir daha aydınlıq gətirdi.   

Bütövlükdə bəşəriyyətin innovasiyalardan, müasir texnologiyalardan faydalandığını qeyd  edən ölkə Prezidenti İlham Əliyev bildirir ki, Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunə olmalıdır.   “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, həmçinin davamlı inkişafa yönələn Strateji yol xəritələri  2013-2023-cü illərdən sonrakı dövrün də aydın mənzərəsini yaradır. Təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin qorunması fonunda  Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır.

Yeganə Əliyeva, “İki sahil”