09 noyabr 2018 00:47
3090

Dünyanın ən sürətli robot qapıçısı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ultramodern texnologiya əsaslı dünyanın ən sürətli robot qapıçısı hesab olunan “Robokiper” ölkəmizə gətiriləcək.

Nazirlikdən bildirilib ki, “Robokiper” cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında təqdim olunacaq.

Alman alimlərinin ixtirası olan “Robokiper” dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Messi, Neymar və Ronaldinyo kimi futbol ulduzları onun qoruduğu qapıya qol vura bilməyiblər.

Cəmi 10 nüsxədə mövcud olan “Robokiper” dünyanın hər yerində böyük maraqla qarşılanır.

“Bakutel-2018” iştirakçıları “Robokiper”ə qol zərbəsi vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə “Azercell” şirkəti tərəfindən 10 AZN dəyərində danışıq kartı və digər hədiyyələr, “Aloff” firması tərəfindən isə futbol topu təqdim ediləcək.

“Robokiper”lə yarışmaq üçün əsl futbol oyununda olduğu kimi, topa yaxınlaşıb penalti vurmaq lazımdır. Top vuran şəxsin peşəkar idmançı, yaxud həvəskar olmasının isə heç bir fərqi yoxdur. Qeyd edək ki, “Bakutel-2018” sərgi-konfransının açılışına dəvət olunan Azərbaycan klublarının bir sıra tanınmış futbolçuları, o cümlədən futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Robokiper”in qapısına qol vurmağa çalışacaq.