12 noyabr 2018 22:50
2834

KTMT-nin Astana Sammiti Ermənistana etimadsızlığın nümayişkarənə təsdiqidir

Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) noyabrın 8-də Astanada keçirilən son sammitində Ermənistan böyük uğursuzluğa düçar oldu. Belə ki, bu təşkilatın ali orqanı olan kollektiv təhlükəsizlik şurasının qərarı ilə Ermənistanın nümayəndəsi olan Yuriy Xaçaturov bu təşkilatın baş katibi vəzifəsindən vaxtından əvvəl azad edilib. Bundan sonra baş katibin səlahiyyətlərini müvəqqəti olaraq Xaçaturovun müavini Valeri Semerikov yerinə yetirəcək.

KTMT-nin prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. Yuriy Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra Ermənistan baş naziri Nikol Paşinyan 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanda saxlamağa çalışsa da, tamamilə uğursuzluqla üzləşdi. Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi.

Sammitə ev sahibliyi edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev baş katib məsələsində müəyyən kolliziyanın baş verdiyini qeyd etdi. O, rus dili üzrə əlifba ardıcıllığına görə Ermənistandan sonra növbəti baş katibin Belarusdan olmalı olduğunu bildirdi. Nəticə etibarilə, Ermənistan üzv olduğu KTMT çərçivəsində də özünü tamamilə təcrid olunmuş vəziyyətə salıb. Ermənistan rəhbərliyi Yerevan küçələri ilə dövlət başçıları səviyyəsində keçirilən zirvə toplantılarını qarışıq saldığını və qeyri-peşəkarlığını növbəti dəfə nümayiş etdirmiş oldu. Sammitin video yazılarında da Ermənistan nümayəndə heyətinin küskün şəkildə olması özünü aydın şəkildə nümayiş etdirirdi.

Təsis olunmasından etibarən Ermənistan qədər KTMT-yə zərbə vuran ikinci bir dövlət olmayıb. KTMT-nin baş katibinə qarşı digər üzv dövlətlərlə məsləhətləşmədən cinayət işinin açılması təşkilatın nizamnaməsinə ən böyük hörmətsizlikdir. Həmçinin, Ermənistan qonşu dövlətlərə münasibətdə yürütdüyü siyasətinə görə KTMT üçün əlavə yük və problemdən başqa bir şey deyildir.

Ermənistanın ciddi etirazlarına baxmayaraq, KTMT dövlət başçıları tərəfindən qəbul edilmiş sənədlər sırasında “KTMT yanında müşahidəçi və tərəfdaş dövlətlərin statuslarının hüquqi təsdiqi” haqqında qərar da yer alıb. Bu sənəd məhz Azərbaycan üçün hazırlanıb. Azərbaycanın təşkilatın üzv dövlətləri yanında nüfuzu və əhəmiyyəti o qədər böyükdür ki, KTMT nizamnaməsində dəyişiklik edilərək müşahidəçi dövlət statusu təsis edilib.

Astana sammiti bir daha göstərdi ki, KTMT liderləri Cənubi Qafqazda və qonşu regionlarda öz strateji planlarını əsasən Azərbaycanın maraqları və imkanlarına uyğunlaşdırmağa yönəliblər. Sammit, həmçinin tam çılpaqlığı ortaya qoydu ki, bir tərəfdaş, strateji ortaq kimi Ermənistana bel bağlamaq olmaz. Ən əsası isə odur ki, işğalçı Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibədə həmişə ən son ümid yeri kimi təsəvvür etdiyi KTMT-də dağıdıcı zərbə aldı, rüsvayçı şəkildə təşkilatın bir küncünə tullanıldı.

İndi  Ermənistan Azərbaycanın ağıllı  və düşünülmüş diplomatiyası nəticəsində təmsil olunduğu bir təşkilatdan aldığı ağır travmanın dərin şokunu yaşayır. Qazaxıstanın paytaxtında keçirilən zirvə görüşü bir daha təsdiq etdi ki, Ermənistan KTMT-də etibarını itirib. Artıq üzv dövlətlər bu ölkənin daha bir nümayəndəsini təşkilatın idarəçiliyində görmək istəmirlər. Siyasi ekspertlər qeyd edirlər ki, bundan sonra Ermənistan nümayəndələrinin bəyanatlarına KTMT-də yanaşmalar fərqli olacaq. Zaman Ermənistanın əleyhinə işləyir. Üstəlik rəsmi Moskvanın kəskin reaksiyası  prosesi daha da çətinləşdirir. Kremldə düşünürlər ki, Ermənistan rəhbərliyi əvvəlcə Yuri Xaçaturovu qurumun baş katibi vəzifəsindən geri çağırmalı və yalnız bundan sonra ona qarşı cinayət təqibi başlatmalı idi.

Qeyd edək ki,  Ermənistan rəhbərliyi Yuri Xaçaturovun geri çağırılması haqqında qərarı onun “1 mart işi”nə təqsirləndirilən şəxs qismində cəlb olunduğu üçün qəbul edib. Y.Xaçaturova qarşı “Konstitusiya quruluşunun devrilməsi” maddəsi ilə cinayət işi bu ilin iyulunda açılıb. O, azadlığa girov əsasında buraxılıb. Xatırladaq ki, prezident seçkilərindən sonra 2008-ci il fevralın 19-da ölkədə etirazlar başlayıb. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi siyasi blokun tərəfdarları bildirirdilər ki, seçkidə məhz Ter-Petrosyan qələbə qazanıb və səsvermənin nəticələrinə yenidən baxılmalıdır. 2008-ci il martın 1-də nümayişin dağıdılması zamanı silahdan istifadə edilib, səkkizi mülki şəxs, ikisi isə polis əməkdaşı olmaqla on nəfər həlak olub. Yuri Xaçaturov kütləvi etiraz aksiyaları zamanı Yerevan Silahlı Qüvvələr qarnizonunun rəisi olub və istintaqa görə nümayişin dağıdılmasına rəhbərlik edib.

Beləliklə, Azərbaycanın düşünülmüş strateji siyasəti nəticəsində işğalçı Ermənistan təmsil olunduğu bir regional dövlətlərarası təşkilatdan da ağır zərbə aldı. Noyabrın 8-də KTMT-nin Astana sammitində baş verənlər göstərdi ki, təcavüzkar Ermənistanın iflası qaçılmazdır.

Zahid Rza, “İki sahil”