12 noyabr 2018 23:48
2912

Ermənistanın “Astana fiaskosu”

Ötən həftənin yadda qalan siyasi olaylarından biri noyabrın 8-də Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti oldu. Toplantıda ən çox diqqət çəkən məqam isə Ermənistanın faktiki, təklənmiş duruma düşməsi idi.

Məsələ ilə bağlı bir neçə analitikin fikirlərini öyrəndik. Onlar məsələni şərh edərək bildirdilər ki, Astanada keçirilən zirvə görüşü bir daha göstərir ki, Ermənistan KTMT-də etibarını itirib və üzv dövlətlər bu ölkənin daha bir nümayəndəsini təşkilatın idarəçiliyində görmək istəmirlər.

Politoloq Nəzakət Məmmədova bildirdi ki, Astana sammiti Ermənistanın uğursuzuğu ilə başa çatdı: “Belə ki, Ermənistan KTMT baş katibi vəzifəsinə yeni namizəd irəli sürmək istəyirdi. Lakin üzv ölkələr buna qarşı çıxdılar. Ermənistanın öz nümayəndəsini vaxtından əvvəl geri çağırmasından sonra KTMT-yə üzv olan ölkələr qarşısında 3 seçim variantı qalırdı: Xaçaturovun müavini Semerikovun 2020-ci ilin mayınadək Xaçaturovu əvəz edib, onun səlahiyyətlərini icra etməsi, Belarusun nümayəndəsinin təşkilatın baş katibi vəzifəsinə seçilməsi ki, burada da ən şanslı namizəd ölkənin Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas hesab olunurdu, nəhayət üçüncü variant kimi Ermənistanın təkidi ilə Xaçaturovun yerinə başqa bir erməninin KTMT baş katibi seçilməsi. Lakin Astana sammitində təşkilata üzv dövlətlər Ermənistanın təklifini rədd etdilər və belə qərara gəldilər ki, dekabrın 6-da Sankt Peterburqda yeni baş katibin seçilməsi məsələsinə baxılsın. Bununla da, Ermənistan KTMT təşkilatında uğursuzluğa düçar oldu və onun mövqeləri zəifləməyə doğru gedir. Bununla tək təşkilat daxilində yox, yaxın gələcəkdə ikitərəfli Rusiya-Ermənistan münasibətləri də pisləşəcək”.

Siyasi ekspert Azər Həsrət isə bildirdi ki, Ermənistan hakimiyyəti hər zaman KTMT-yə üzv ölkələrə Azərbaycanla əlaqələri inkişaf etdirməmələri üçün təsir etməyə çalışıb: “Göründüyü kimi, rəsmi İrəvanın bu cəhdləri boşa çıxdı. Çünki həmin ölkələrin Azərbaycanla iqtisadi və hərbi sahədə əməkdaşlığı onlar üçün daha önəmlidir. Beynəlxalq münasibətlər üzrə ekspert Yevgeni Mixaylov da hesab edir ki, bundan sonra Ermənistan nümayəndələrinin bəyanatlarına KTMT-də başqa cür yanaşacaqlar. Onun sözlərinə görə, indi vəziyyət dəyişib və heç də Ermənistanın leyhinə deyil. Rəsmi Moskvanın kəskin reaksiyası isə vəziyyəti daha da mürəkkəbləşdirib. Bu sammit həm də onunla yadda qaldı ki, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, KTMT çərçivəsində müşahidəçi və tərəfdaş dövlətin hüquqi statusunu müəyyən edən sənədə də imza atıldı. Faktiki olaraq Azərbaycanın regiondakı yerini, çəkisini, əhəmiyyətini nəzərə alaraq KTMT öz nizamnaməsində dəyişiklik edir və həmin təşkilat yanında müşahidəçi dövlət statusu müəyyən edir. Bu, Azərbaycan üçün hazırlanmış bir sənəddir. Bu fakt Ermənistanın növbəti məğlubiyyətidir”.

Ekspert onu da qeyd etdi ki, bütün bunlar çox önəmli hadisələrdir və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Ermənistanın hər zaman təşkilatın imkan və potensialından istifadə etməklə Azərbaycanı hədələdiyinin də şahidi olmuşuq: “Lakin bu son sammit bir daha göstərdi ki, Ermənistanın bu təşkilatla bağlı düşüncələri xülyadır. Reallıqda bu təşkilat çox istəyir ki, Azərbaycanla sıx əməkdaşlıq mühitində olsun. Bütün bunlar hamısı onu nümayiş etdirdi ki, Ermənistanın yeni rəhbərliyinin də Azərbaycana münasibətində taktiki gedişləri də heç bir nəticə vermir. Təşkilatın sammiti bir daha onu göstərdi ki, Azərbaycana hər yanda böyük hörmət, ehtiram var”.

Mənsumə Babayeva, “İki sahil”