XXI əsrin ilk onilliyində sürətlə inkişaf edən, yayılan informasiya və kommunikasiya texnologiyalarının ölkələrin sosial-iqtisadi həyatına ciddi təsir etdiyi bir dövrdə Azərbaycanda gedən proseslər ölkəmizin şaxələndirmə siyasətinin əsasını təşkil edir. Belə ki innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə fəallaşması, iqtisadi proses və metodların istehsal sahəsində tətbiqi idarəetmədə yeni metodlardan yararlanma imkanlarını artırır. Ekspertlərin açıqlamalarına görə gələcəkdə dünya iqtisadiyyatının artımı məhz bu amillərin təsiri ilə mümkün olacaq.
Siyasi müstəqilliyin əsasını təşkil edən iqtisadi müstəqilliyin təminatı, bütün istiqamətlər üzrə həyata keçirilən konseptual proqramlarda nəzərdə tutulan hədəflərin milli iqtisadiyyatının prioritetlərini təşkil etməsinin məntiqi nəticəsi dövlət başçımız İlham Əliyevin “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır” sözlərində əksini tapıb. Son illərdə iqtisadi islahatlar baxımından da Azərbaycanın digər dövlətlərə nümunə göstərilməsi ölkəmizin güclü iqtisadi imkanlarının tükənməz olduğunu təsdiqləyir. İqtisadi cəhətdən heç kimdən asılı olmamağımız tarixi nailiyyətimiz olmaqla ölkədə davam edən düşünülmüş siyasətin nəticəsidir.
2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi, cari ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan hədəflərin əksəriyyəti artıq həllini tapıb.
15 ildə 3 dəfədən çox artan ÜDM üzrə artım cari ilin ötən aylarında 0,8, olmuşdur. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Ölkədə aparılan sənayeləşmə siyasətinin nəticəsidir ki, doqquz ayda ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuşdur. Bu vəsaitin 5,6 milyard dollarının qeyri-neft sektoruna ayrılması şaxələndirmə siyasətinin uğurudur. Bu müddətdə ölkəmizdə 85 min daimi iş yerinin açılması isə insanların rahat yaşayıb, işləməsi naminə həyata keçirilən sosial islahatların həllini tapmasıdır.
Mötəbər beynəlxalq maliyyə qurumlarında da nümunə göstərilən bu nəticələr inkişafın Azərbaycan modelinə verilən dəyərdir. “ Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur. Sadəcə olaraq, biz gərək bu sahədə öz islahatlarımızı davam etdirək” söyləyən cənab İlham Əliyevin regionlara səfərləri zamanı istifadəyə verilən sənaye müəssisələri, infrastruktur layihələrinin reallaşması, insanların rifah halının yüksəlməsi, daxili bazarda yerli istehsalın payının artması təsdiqləyir ki, dövlətin maliyyə dəstəyi ilə istifadəyə verilən müəssisələr ölkə iqtisadiyyatının inkişafını şərtləndirən amillərdəndir.
Dayanıqlı ictimai-siyasi sabitlik, zəngin potensial, şaxələndirilmiş iqtisadiyyat və qeyri-neft sektorunun inkişafı, dünyada siyasi-iqtisadi zərurətə çevrilmiş neft-qaz hasilatında və nəqlində artan imkanlarımız, böyük transmilli layihələr üzərində aparılan işlər, qara qızılın insan kapitalına çevrilməsi istiqamətində atılan məqsədyönlü addımlar ölkəmizin tükənməyən sərvətlərindən səmərəli və xalqın mənafeyi baxımından istifadə Azərbaycanı 2013-2020-ci illər üçün nəzərdə tutulan vəzifələrin həllini sürətləndirir.
İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi rifah halının durmadan yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin və işsizliyin minimuma endirilməsi başlıca perspektivlərdəndir”. Sağlam və rəqabətə davamlı biznes mühitinin yaradılması ilə özəl bölmənin inkişafına göstərilən dəstək, xarici investorların Azərbaycana artan marağı ölkəmizin dünya bazarlarında mövqeyinin möhkəmlənməsinə stimul yaradır. Əlavə istehsal sahələri yaradılır. Dövlət tərəfindən iş adamlarına, fermerlərə güzəştli şərtlərlə verilən kreditlər, nəzərdə tutulan imtiyazlar artırılır, hüquqi və maddi dəstək göstərilir. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan islahatların beynəlxalq səviyyədə dəyərləndirilməsi ölkəmizə liderlik şansı qazandırmaqla bu sahədə əldə olunan təcrübənin geniş təbliği üçün də imkanları artırır. Yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilən Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının açıqlamasında
Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların nəticəsində mümkün olub. Qlobal trendlər nəzərə alınmaqla tamamilə yeni yanaşma əsasında hazırlanmasına baxmayaraq, Azərbaycanın müasir dövrün ilk Qlobal Rəqabətlilik Hesabatında bir neçə indikator üzrə qazandığı uğurlar daha yaxşı nəticələr üçün yeni imkanlar açır. Keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıran, dövlətlərarası ticarət əlaqələrini genişləndirən, qlobal enerji və nəqliyyat layihələri ilə maraq doğuran Azərbaycanın iqtisadi nailiyyətləri Dünya Bankının “Doing Business 2019”” hesabatında yüksək nailiyyət kimi göstərilib, Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Hesabatda qeyd olunduğu kimi son illərdə Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Dövlətimizin başçısı tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib. Bir sözlə, həyata keçirilən islahatlar dünya miqyasında inkişafın Azərbaycan modelini formalaşdırır.
Xuraman İsmayılqızı, “İki sahil”