08 fevral 2018 14:39
1802

2017-ci il Sumqayıt üçün də uğurlu olub

Sumqayıtda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ötən ilin sosial-iqtisadi inkişafını, abadlıq-quruculuq işlərini əks etdirən film nümayiş olunub.

Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun ötən ilin yekunlarına dair hesabat məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində 2017-ci il Sumqayıt üçün də uğurlu olub: “2016-cı illə müqayisədə 2017-ci ildə ümumi daxili məhsulun həcmi 30,2 faiz artaraq 1 milyard 533 milyon manatdan çox olmuşdur. Onun bir nəfərə düşən həcmi 4489 manat təşkil etmişdir ki, bu da 2016-cı ilə nisbətən 32,4 faiz çoxdur. Ötən illə müqayisədə sənaye müəssisələrində məhsul istehsalı 34 faiz artaraq 1 milyard 81 milyon manat təşkil etmişdir. Ümumi daxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 85 faizdən çox olub.”

Bildirilib ki, ötən il Kimya Sənaye Parkında illik istehsal gücü 30 min ton olan süni sürtkü yağları, istehsal gücü 30 min ədəd olan yüksək təzyiqədavamlı birləşdiricilərin istehsalı, 145 çeşiddə quru formada 13 min ton, maye halında 57 min ton istehsal gücünə malik pestisidlər zavodu, müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiyanın təhlükəsizliyinin təmin olunması xidməti göstərən Data Mərkəz, 67 mVt gücündə yarımstansiya istifadəyə verilib. Həyata keçirilən tədbirlər nəticəsində 6901 yeni iş yeri açılıb. Bu da 2016-cı illə müqayisədə12 faiz çoxdur.

“Dekabrın 15-də ölkə Prezidenti cənab İlham Əliyevin Sumqayıt şəhərinə səfəri və səfər çərçivəsində şəhərin sosial-iqtisadi və mədəni inkişafında böyük əhəmiyyəti olan Bayraq Muzeyi və Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatı üçün tikilmiş yeni inzibati bina, Kimya Sənaye Parkında dörd yeni istehsal sahəsinin açılışı və üç müəssisənin təməlinin qoyulması, “Kimyaçı” Mədəniyyət Sarayında, Səməd Vurğun və Koroğlu küçələrində, Lüdviqshafen parkında və “Azərboru” ASC-nin Boruyayma istehsalat sahəsində aparılan yenidənqurma və əsaslı təmir işləri ilə tanışlığı, şəhər ictimaiyyəti ilə keçirilən səmimi görüşü, şəhərin sosial-iqtisadi, mədəni inkişafında xidmətləri olan 40 nəfərin fəxri adlarla, diplom, orden və medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncam hər bir sumqayıtlının xatirəsində silinməz iz qoyub” deyən Zakir Fərəcov vurğulayıb ki, bu səfər bir daha təsdiqlədi ki, cənab Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ənənəsinə sadiq qalaraq şəhərimizin sosial-iqtisadi inkişafını, əhalinin qayğılarının həllini daim diqqət mərkəzində saxlayır.

Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 mənzildən ibarət yaşayış binalarının tikintisinə 2,8 hektar torpaq sahəsi ayrılıb. Hazırda həmin ərazidə evlərin tikintisi davam etdirilir. Bununla yanaşı, şəhərin müasir yol-nəqliyyat sisteminin qurulması diqqət mərkəzində saxlanılıb. İlin əvvəlindən Metallurq, Sülh küçəsindən başlayaraq sənaye zonasından keçməklə Bakı-Quba magistralına qədər 4 kilometr uzunluğunda yol yenidən əsaslı şəkildə təmir olunur, yolun hərəkət hissəsi genişləndirilir. Həmin küçədə “Acı dərə” kanalının məcrasının dəyişdirilməsi ilə əlaqədar yeni suötürücü kanalizasiya xətti çəkilir. Bir neçə küçədə avtomobil yoluna yeni asfalt örtüyü salınıb. Şəhərdə 450 yaşayış binasının üstü yüksək keyfiyyətli metal kirəmitlə örtülüb. Həmçinin ötən ilin noyabr ayından növbəti 100 binanın dam örtüyünün dəyişdirilməsinə başlanılıb. Bu işlərin cari ilin birinci rübünün sonunadək başa çatdırması nəzərdə tutulub. “Lift Servis” Birliyi tərəfindən şəhərin mənzil fonduna aid hündürmərtəbəli binalarda istismar müddətini ötmüş liftləri dəyişmək üçün 105 lift alınaraq şəhərə gətirilib.

Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov son 14 il ərzində regionlarının sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərdən, Azərbaycanın daxili və xarici siyasətdə əldə etdiyi uğurlardan danışıb. Natiq qeyd edib ki, son illərdə ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt şəhəri də yeni inkişaf mərhələsini yaşayır.

Daha sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çıxışlar dinlənilib. Çıxışlarda 2017-ci ildə görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli ilə bağlı təkliflər irəli sürülüb.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Hesabat yığıncağından sonra yeni istifadəyə verilmiş “Kimyaçı” Mədəniyyət sarayında tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı  təqdim edilib.

Orxan Vahidoğlu, “İki sahil”