12 noyabr 2018 22:52
2547

Yeni Azərbaycan Partiyası zəfərlərə doğru

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə  partiyanın yaranmasının 26 illiyi münasibəti ilə “Yeni Azərbaycan Partiyası zəfərlərə doğru”  adlı tədbir  keçirib.

Hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini polkovnik-leytenant Elçin Kərəmov qeyd edib ki, bu il yaranmasının 100 illiyini qeyd etdiyimiz Milli Ordumuz dövlətimizin dayağı, onun ərazi bütövlüyünün təminatçısıdır: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulub, Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi  hərtərəfli düşünülmüş və əsaslandırılmış ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan Ordusu regionumuzda ən qüdrətli hərbi gücə çevrilib və mənfur düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı ən qısa müddətdə azad etmək iqtidarındadır. Qısamüddətli və qalibiyyətli aprel döyüşləri xalqımızın vətənpərvərlik ruhunu bir daha nümayiş etdirməklə yanaşı Ordumuzun yüksək döyüş bacarığı və qüdrətini də əyani şəkildə sübut etdi.”

Sonra YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Azərbaycan dövlətçiliyinin inkişafında partiyamızın xidmətlərindən danışıb. Qeyd edib ki, 1992-cil noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış edib, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanıb.

Rəsmi hissə başa çatdıqdan sonra tədbir incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam etdirilib. 7 yaşlı Nuray Rəhmanın vətənpərvərlik ruhunda səsləndirdiyi mahnılar hərbi hissənin əsgər və zabit heyəti tərəfindən böyük coşqu ilə qarşılanıb.

Orxan Vahidoğlu, “İki sahil”