11 yanvar 2018 14:27
565

Ermənistan prezident seçkilərini bəhanə edəcək

2018-ci ilin gəlişi dünyanın siyasi sferasına bir sıra önəmli dəyişikliklər gətirdi. Yeni ildə dünyada və regionda gedən proseslər fonunda Azərbaycan dövlətinin qarşısında duran ən ümdə vəzifə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqdır. 2018-ci ili ötən ildən fərqləndirən daha bir mühüm hadisə bu il regionda keçiriləcək prezident seçkiləridir.

“İki sahil” qəzetinə açıqlamasında bütün bu hadisələr fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılacaq yeni addımlardan danışan siyasi şərhçi Arzu Nağıyev bildirdi ki, 2018-ci ildə sözügedən münaqişənin həlli uzana bilər: “Məlumdur ki, bu il Ermənistanda seçki ilidir. Hakimiyyət uğrunda mübarizə üç qrup arasında aparılır. Bunlar Qərbyönümlülər, Qarabağ klanı və Rusiyaya loyal olan biznesmenlərdir. Məlum məsələdir ki, bu gün Qarabağ klanının əsas məqsədi Dağlıq Qarabağda separatçılara verdiyi müstəqillik sözünü tutmaqdır. Son günlər Avropa Birliyinə daxil olan dövlətlər də Azərbaycanın ərazi müstəqilliyini tanıdıqdan sonra Ermənistan artıq işğalçı ölkə kimi dünya ictimaiyyətinin gözündən düşüb. Buna görə də Ermənistan hökuməti çalışacaq ki, nəyin hesabına olursa olsun Dağlıq Qarabağ məsələsi həll edilməsin və status-kvo saxlanılsın. Bununla da hakimiyyəti qorusunlar.

Qərbyönümlü digər tərəf isə ölkənin siyasi sferasını tamamilə dəyişməyə can atır. Düşünürəm ki, güclü erməni lobbisi buna imkan verməyəcək. Üçüncü, yəni Rusiyaya loyal olan biznesmenlər bu gün Ermənistan iqtisadiyyatına tam təsir edə bildiklərinə görə, Serj Sarkisyan onları tam qane edən dövlət başçısıdır. Onlar çalışacaqlar ki, mövcud rejim saxlanılsın.  İndidən seçkilərin nəticələri haqqında tam proqnoz vermək olmur. Amma istənilən halda  Azərbaycanı maraqlandıran əsas məsələ Dağlıq Qarabağ məsələsinin həll edilməsidir. Ümumiyyətlə, seçki gərgin  bir proses olduğundan düşünürəm ki, prosesin uzanmasını müşahidə edəcəyik”.

Siyasi şərhçi diqqətə çatdırdı ki, Azərbaycan sülh addımları atmaqla münaqişənin həllinə çalışsa da, qarşı tərəfi danışıqlar masasına oturtmaq asan deyil. Təbii ki, Azərbaycan tərəfi üçün müharibə yolu da istisna deyil: “2017-ci il Azərbaycanın xarici siyasətdə atdığı önəmli diplomatik addımlarla yadda qaldı. Təbii ki, 2016-cı ilin aprel hadisələri hələ də  yaddaşlardadır. İstər Ermənistan, istərsə də işğalçı ölkəni müdafiə edən digər havadarlar yaxşı başa düşdülər ki, Azərbaycan illər öncəki Azərbaycan deyil. Gənc olmasına baxmayaraq, güclü orduya malik, müstəqil siyasət yürüdən müasir, demokratik dövlətdir.  Sadəcə olaraq münaqişənin sülh yolu ilə həll olunması Azərbaycan tərəfi olaraq bizi də maraqlandırır. Çünki müharibədə qazanan və məğlub olan tərəf olmasından asılı olmayaraq hər iki tərəf itirir. Amma buna baxmayaraq, ərazi bütövlüyümüzün bərpa olunması yolunda atılan addımlar davamlıdır. Azərbaycan bir qarış torpağını belə işğalçılara verməmək üçün lazımi bütün addımları atmağa hazırdır. Düşünürəm ki, işğalçı tərəf ötən illərdə olduğu kimi, danışıqlar masasına oturmamaq üçün əlindən gələni edəcək və ölkədə keçirilən prezident seçkilərini bu prosesə əngəl səbəb kimi göstərəcək”.

Şəfiqə Dadaşova, “İki sahil”