05 noyabr 2018 22:36
4929

Mənəvi sərvətimiz olan ana dilimizin saflığını qoruyaq!

Milli-mənəvi dəyərlərimizin qorunmasında misilsiz xidmətlər göstərən ulu öndər Heydər Əliyev varlığımızı təsdiqləyən dilimizin saflığının qorunmasına xüsusi diqqətlə yanaşmışdır. Azərbaycan dili uzun illəri əhatə edən formalaşma dövründə siyasi, dini, mədəni münasibətdə olduğu xalqlar arasında ünsiyyət vasitəsi kimi başqa dillərə də təsir etmişdir. Xalqımızın ən qiymətli sərvəti olan dilimizə başqa millətlərin nümayəndələrinin verdikləri qiymətdən də aydın olur ki, səlis, axıcı, ahəngdar Azərbaycan dili türkdili xalqlar arasında da seçilir və sevilir. Ölkəmizdə yaşayan və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq Azərbaycan dilini ikinci ana dili kimi qəbul edən bütün vətəndaşlar üçün ünsiyyət vasitəsi olan Azərbaycan dilinin xalqımızın elmi, bədii məntiqi təfəkkürünün formalaşması və inkişafında böyük rolu olmuşdur. Böyük rus şairi M.Y. Lermontov vaxtılə yazırdı: “Azərbaycan dili burada ( Qafqazda), ümumilikdə Asiyada fransız dilinin Avropada oynadığı rol qədər zəruri bir dildir.”

Tarix sübut edir ki, dil ağlın, şəxsin, millətin güzgüsü olmaqla, tanınmış dahilərə, yazarlara, söz səltənətində əbədi taxt quranlara yaşam haqqı verən mənəvi pasportdur. “Aqil ki, görünməz bir xəlifədir; qüvvəti, qüdrəti sözlərindədir” söyləyən Nizami Gəncəvi, “Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz. Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz”ü ilə dilimizə dəyər verən Füzuli, “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyən Nəsimi dilimizi zənginləşdirən sözün qüdrəti ilə zirvələrdə yer almışlar.

Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirən, “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir” söyləyən ulu öndər Heydər Əliyev bildirirdi ki, xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir. Ulu Öndər onu da bildirirdi ki, öz ana dilini bilməyən adamlar şikəst adamlardır: “Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.” Ulu Öndər dilimizin saflığının qorunmasında xüsusi xidmətlləri olan yazıçı-dramaturq M.F. Axundov və yazıçı, dövlət və siyasi xadim N.Nərimanovu Azərbaycan dilinin əvəzsiz tədqiqatçıları adlandırırdı. “ Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri ilə milli varlığımızın ifadəsi olan Azərbaycan dilinə məhəbbətini ifadə edən Ulu Öndər respublikaya rəhbərliyinin bütün dövrlərində Azərbaycan dilinə çox qayğı ilə yanaşmış, onun saflığı, yad təsirlərdən qorunması üçün səylərini əsirgəməmişdir. Azərbaycan dilinə qayğını dövlətimizin siyasi -ideoloji vəzifəsi hesab edən Ulu Öndər “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “ Azərbaycan Respublikasında dövlət dili haqqında Qanununun tətbiq edilməsi barədə” fərmanları imzalamaqla ədəbi dilimizin fəaliyyət imkanlarını daha da genişləndirmiş, müxtəlif üslubların potensialları təkmilləşdirilmiş, dil mədəniyətimizin qarşısında yeni üfüqlər açılmışdır.

Qanuna müvafiq olaraq dövlət dilinin təhsildə, mətbuatda, xüsusi adlarda, xidmət sahələrində, vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə, reklamlarda işlənməsi qaydaları, qanun pozulmasına görə məsuliyyət müəyyənləşdirildi.

“Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanın imzalanması əhəmiyyəti ilə diqqəti çəkdi. Fərmanda qeyd olunduğu kimi latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütünlükdə təmin edildiyi və yeni əlifbadan istifadənin özünü doğrultduğu nəzərə alınaraq hər il 1 avqust tarixinin ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması zəruri hesab olundu.

Milli varlığımızı təsdiqləyən, dərin köklərə malik xalqımızın tarixi kimi qədim olan Azərbaycan dilinin təkmilləşdirilməsini müasir türk xalqları ilə yaxınlaşmaq, onlar arasında mənəvi, mədəni iqtisadi bağlılıq kimi dəyərləndirən , “Dil siyasətində sərhəd məhdudiyyəti yoxdur” söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının, ana dilinin mənşəyinin öyrənilməsinə, formalaşmasına, inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıb. “Xalqları dil qədər, milli-mənəvi ənənələr, dəyərlər qədər birləşdirən başqa vasitə yoxdur”,

“Ana dilimiz müstəqil Azərbaycanın , Azərbaycan xalqnın ən böyük milli sərvətidir” söyləyən ümummilli lider Heydər Əliyev bildirirdi ki, hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki, onun qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdəki mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq hamının və hər kəsin vətəndaşlıq borcudur. 1993-cü ildə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə köklü islahatlar aparan, dövlətin dil siyasətinə millətin varlığını təsdiqləyən amil kimi diqqətlə yanaşan ümummilli lider Heydər Əliyevin təklifinə və ümumi razılaşmaya əsasən Azərbaycan dilinin latın qrafikalı əlifbasının tətbiqi məqsədəuyğun hesab olundu. Bu sahə üzrə nəzərdə tutulan problemlərin həlli üçün xüsusi Sərəncamla Dil Komissiyası yaradıldı. Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi, inkişafı, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli- mədəni özünüifadə ehtiyaclarının ödənilməsi imkanları genişləndi.

Müstəqilliyimizin bərpasında sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial- iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət daşıdı.

Ümummilli lider Heydər Əliyevin dil siyasətini, dilimizə diqqət və qayğısını eyni məsuliyyətlə davam etdirən Prezident İlham Əliyev “ Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həlli vacib prioritetləri müəyyənləşdirdi. Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi. Yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitəsilə yayılması, latın qrafikasında “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılması qarşıya məqsəd kimi qoyuldu. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, “Elektron hökumət”, “Elektron dərslik”, “Elektron kitabxana” terminləri yarandı və bu sahədə önəmli uğurlar əldə olundu. “Azərbaycan Milli Ensklopediyasının nəşri haqqında” Sərəncam imzalandı.

Latın qrafikasına keçid türkdilli xalqları birləşdirən amil kimi Azərbaycan diasporunun formalaşması və təkmilləşdirilməsi prosesini də sürətləndirdi. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbulunda da məqsəd Azərbaycan dilinin istifadəsinə dövlət qayğısının artırılması, dilçilik araşdırılmalarını əsaslı sürətdə yaxşılaşdırmaqla fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini, cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir. Eyni zamanda Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dil normalarına ciddi surətdə əməl edilməsi kimi digər məsələlər də günün tələbi olaraq qalmaqdadır.

Deyilənlər milli-mənəvi dəyərlərimizə diqqətini əsirgəməyən Prezident İlham Əliyevin ana dilinin inkişafına göstərdiyi qayğılardan bir neçəsidir. Sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslarda Azərbaycan dilinin öyrənilməsinə maraq artmaqdadır.

Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı Fərmanda ana dilimizin qorunması üçün həyata keçiriləcək islahatlar, hədəflər əksini tapır.

Fərmanda qeyd olunduğu kimi, respublikamız müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlanmış, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranmışdır. Ana dilimizin qorunması üçün qəbul olunmuş sənədlər, həyata keçirilən islahatlar, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında””kı Sərəncamlar, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”” Nazirlər Kabinetinin Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.

Ana dilimizin yad təsirlərdən qorunması naminə aparılan islahatlar, həyata keçirilən tədbirlər nəticəsində mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik Azərbaycan dilinə başqa millətlər tərəfindən də maraq göstərilir. Fərmanda qeyd olunduğu kimi, bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədərdir. Cəmiyyət tərəfindən birmənalı olaraq qəbul olunmayan televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir.

Bu baxımdan nöqsanların aradan qaldırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Respublikada dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”” publik hüquqi şəxsin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı””nın hazırlanması başlıca vəzifə kimi qarşıya qoyulur. Kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərin hazırlanması tövsiyə olunur.

Nəzərdə tutulan hər tədbir, islahat Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı formatı ilə fərqlənən Azərbaycan dilinin qorunmasına xidmət edəcək.

Dilimizi qoruyaq ki, var olaq, bir olaq, əbədi yaşayaq. Millətlər arasında dilimizin gözəlliyi ilə seçilək. “Mən Azərbaycan vətəndaşıyam” sözünü ana dilimizə hörmətimizlə bildirək.

Xuraman İsmayılqızı, “İki sahil”