Dövlətimizin başçısı İlham Əliyev Ağdam rayonuna səfəri zamanı Ağdam Muğam Mərkəzinin açılışında bir daha dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dəyişməz mövqeyini bəyan etdi
Ölkə Prezidenti İlham Əliyevin elə bir çıxışı yoxdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmasın, məsələnin həllində dünyanın ikili siyasətinə diqqət yönəldilməsin. Reallıq budur ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. BMT Təhlükəsizlik Şurasının, həmçinin digər qurumların qəbul etdikləri qərar və qətnamələrdə bu fakt öz əksini tapıb və erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması qeyd olunub. Məsələnin sülh danışıqları əsasında nizamlanmasında maraqlı olan Azərbaycan dövləti beynəlxalq ictimaiyyətdən məsələnin mahiyyətini düzgün dərk etməyi, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmağı bir tələb kimi irəli sürür. Daim yazılarımızın əsas mahiyyətində dayanan dünyanın ikili siyasətinin yaratdığı problemlər göz önündədir. Məhz ədalət meyarının arxa plana keçməsi, bəyanatların kağız üzərində qalması Azərbaycan dövlətini münaqişənin həlli prosesində hərb variantını istisna etməməsinə gətirib çıxarır. İkili yanaşmalara baxmayaraq, istər diplomatik mübarizədə qələbəsini, istərsə də iqtisadi imkanlarının artması fonunda hərbi qüdrətinin möhkəmlənməsini təmin edən Azərbaycan dövləti bu əminliyi ən yüksək tribunalardan bəyan edir ki, gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaq.
27 illik müstəqillik tarixinə malik olan Azərbaycanın təkcə cari ilin ötən dövrünün sosial-iqtisadi göstəricilərinə diqqət yetirsək, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranar. Təbii ki, iqtisadi imkanlar öz növbəsində digər sahələrin, o cümlədən ordunun maddi-texniki bazasının daha da möhkəmlənməsinə geniş yol açır. Dövlətimizin başçısı bildirmişdir: “ Bu gün Azərbaycan hərbi baxımdan nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü dövlətlər sırasındadır. Biz hərbi qüdrətimizi bundan sonra da artıracağıq və hesab edirəm ki, bu, danışıqlar üçün ən vacib amillərdən biridir.”
İstər Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi, istərsə də Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən parad Ordumuzun gücünün, qüdrətinin, malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Son illərdə 20-dən çox hərbi zavod yaradılıb ki, bunlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur. Ölkəmiz, eyni zamanda, hərbi məhsullarını ixrac etməyə başlayıb.”
Ordumuzun bu gücünə, qüdrətinə arxalanaraq rəsmi Bakı münaqişənin həllində hərb yolunu istisna etmir. 2016-cı ilin aprel, cari ilin Naxçıvan qələbələri də işğal altında olan torpaqlarımızın azad olunacağına əminliyi daha da artırır. Cənab İlham Əliyev Ağdam rayonundakı nitqində bu məqama xüsusi diqqət yönəldərək bildirmişdir ki, aprel döyüşləri onu göstərdi ki, Ermənistan tərəfindən uzun illər ərzində yaradılan mif darmadağın edildi.
Daim sərsəm bəyanatları ilə dünya ictimaiyyətinin diqqətini özlərinə yönəltməkdə maraqlı olan Ermənistan hakimiyyəti bu yalanı da həqiqət kimi təqdim etməyə çalışırdı ki, münaqişənin həllində hərb variantı seçilərsə, məğlub tərəf Azərbaycan olacaq. İqtisadi böhran içərisində çabalayan, xarici ianələrdən asılı olan Ermənistanın ordusu Azərbaycan Ordusundan güclü təqdim edilirdi. Aprel döyüşləri ermənilərin bu yalanlarını da ifşa etdi. “Ermənistanın acı hərbi məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu faktı da qeyd etmişdir ki, Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir. Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidir.
İşğalçı Ermənistanın bu gün heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığı reallıqdır. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən kasıb ölkə kimi yer alan Ermənistanın büdcəsinin erməni diasporunun yardımları və xarici iyanələrin hesabına formalaşdığı faktdır. İqtisadi böhran əhalinin ölkəni kütləvi tərk etməsində katalizator rolunu oynayır. Ermənistan ordusunda vəziyyət olduqca acınacaqlıdır. Bunu erməni xalqının özü də etiraf edir. İşğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalan Ermənistanın iqtisadi böhran içərisində çabalaması qaçılmazdır. Ən əsası bu dövlətin müstəqilliyi daim formal xarakter daşıyıb, dünyanın iri dövlətlərinin maraqlarının ifadəsi kimi çıxış edib. Bu fikir beynəlxalq səviyyədə də qeyd olunur ki, işğalçı ölkədə iqtisadi durumun ağırlığı bu şəkildə davam edərsə, ölkədən tərk etmələrin daha da dərinləşməsi fonunda Ermənistan adlı dövlətin varlığı sual doğuracaq. Təbii ki, yeganə çıxış yolu Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsidir.
Dövlətimizin başçısı İlham Əliyev Ağdam səfərində də bunu bəyan etmişdir. “Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, - bunu heç gizlətməyə də ehtiyac yoxdur, - biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar.”
Münaqişədən daha çox hansı tərəfin əziyyət çəkdiyi göz önündədir. Müharibə şəraitində yaşamasına baxmayaraq Azərbaycan öz iqtisadi inkişafı ilə möcüzələr ölkəsi kimi tanınıb və nüfuz qazanıb. Dünya Bankının bu günlərdə açıqladığı «Doing Business 2019» hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək, ən çox islahat aparan ölkəsi elan olunub. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində əldə olunan gəlirlərin düzgün istiqamətləndirilməsi qeyri-neft sektorunun inkişafını sürətləndirir. Ən əsası Azərbaycan bu gün dünyanın 10 xoşbəxt ölkəsi sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin irəli sürdüyü hər bir təşəbbüsün xalq tərəfindən dəstəklənməsi davamlı inkişafa geniş yol açır. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Həyata keçirilən siyasətin önündə vətəndaş amilinin dayanması beynəlxalq səviyyədə təqdir olunan mühüm məqamlar sırasındadır.
Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Hadisələrə ən böyük dəyəri zaman verir. Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında bu inamı ifadə edir ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb variantını seçəcəyi təqdirdə də qələbəsi şəksizdir. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. Azərbaycanın artan beynəlxalq nüfuzu, mövqeyinin dəstəklənməsi, ən əsası tarixi həqiqətlərin münaqişənin həllində əsas amil olması dövlətimizin başçısı İlham Əliyevi bu bəyanatı daha böyük inam və qətiyyətlə səsləndirməsinə əsas verir: «Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik.» Ölkə Prezidenti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirlərin görüləcəyini bildirir: «Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaqdır.»
Yeganə Əliyeva, «İki sahil»