08 noyabr 2018 22:12
4624

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

9 noyabr  Azərbaycan   Dövlət Bayrağı Günüdür

“Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.
Bu, bizim müstəqil dövlətimizin rəmzidir.
Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.
Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə  bərabər olsun”

Ümummilli lider Heydər Əliyev

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə  təsadüf edən Dövlət Bayrağımızın bu illki təntənəsi  xalqımız üçün ikiqat əlamətdardır. AXC-nin dövlət atributları kimi  qəbul etdiyi üçrəngli bayrağın bərpası  onun məqəddəsliyinə hörmət, etiram edən hər bir vətəndaş üçün qürur mənbəyidir.

...Hər bir dövlətin, millətin  varlığını təsdiqləyən bayraq  dövlət atributları içərisində də seçilir. Türk dünyasında  “tuğ” adlandırılan dövlət bayraqları müqəddəs sayılmış, ucadan uca  hesab edilmişdir. Elə buna görə də  ən əlamətdar günlərdə belə sevincimizin ilk şahidi, müjdəçisi də üçrəngli bayrağımız olur.

Dövlət başçılarının andiçmə mərasimlərində   Qurani-Kərimlə birgə bayrağımızı öpüb, xalqa , milli- mənəvi dəyərlərə sadiq qalacağına söz verməsi onu göstərir ki,  üç rəngli bayrağımız da  müqəddəs kitabımız qədər əzizdir. Elə bir dövlət himni yoxdur ki, orada həmin ölkənin bayrağının adı çəkilməsin. Çünki bayraq hər bir dövlətin, millətin əsrdən əsrə, nəsildən nəslə ərmağanı, varlığını bildirən müqəddəs əmanətdir. Döyüşlərdə bayrağımızı silahı kimi canı, qanı ilə  qoruyan igidlərimiz tarix yaradıblar. Beynəlxalq yarış, müsabiqə və olimpiadalarda əzəmət rəmzi olan üçrəngli bayrağımızı ən uca zirvələrə  qaldıran idmançılarımız, sənətkarlarımız bununla da Azərbaycan adlı bir məmləkətin varlığını bütün dünyaya bəyan edirlər.

Sovetlərin tərkibində olarkən   məcburən üçrəngli bayrağımız “oraq çəkicli” bayraqla əvəz olunsa da   həqiqət zamanla səsləşən  ədaləti ilə    hökmünü verdi. Sovet ideologiyasından  azad olduqdan sonra müstəqilliyini əldə edən   Azərbaycan xalqı  yenidən üçrəngli bayrağına sahibliyini də qazandı.

17 noyabr 1990-cı il : Dövlət Bayrağımız Naxçıvanda bərpa olundu

Həmin gün  ulu öndər  Heydər Əliyevin sədrliyi ilə  keçirilən Naxçıvan MSSR Ali  Sovetinin  sessiyasından bəzi məqamları yada salaq:  İclasa ağsaqqal kimi sədrlik edən müdrik  siyasətçi Heydər Əliyev bildirdi ki,  sessiyanın gündəliyində müstəqilliyimizin əbədiliyini təsdiqləyən mühüm məsələlər müzakirə olunur:  Naxçıvan MSSR-in adından “soset, sosialist” sözləri çıxarılsın.  Azərbaycanın dövlət rəmzlərinin bərpası ilə bağlı qərar qəbul edilsin. Həmin tarixi sessiyada qəbul olunan qərara  müvafiq olaraq  Naxçıvan MSSR-in adı dəyişdirilib Naxçıvan Muxtar Respublikası adlandırıldı.  Azərbaycan Xalq Gümhuriyyətinin dövlət rəmzləri- bayrağı, gerbi, himni bərpa olundu.

Milli yaşam fəlsəfəsi olan  “Türkləşmək, müasirləşmək,  islamlaşmaq” ideyasını rənglərində əbədiləşdirən bayrağımız Azərbaycan dövlətinin sadiq qaldığı ənənələri yaşadır və yaşadacaqdır. Bu ideyaların  xalqımızın milli maraqlarına uyğun qorunub, saxlanılması və inkişafı üçün gördüyi işlər Ulu Öndərin  Vətənə, xalqına bağlılığından irəli gəlirdi. Mavi rəngə uyğun türkçülük ideyasını möhkəmləndirən , 1990-cı ildə  dünya Azərbaycanlılarının həmrəyliyi gününü təsis etməklə  azərbaycançılıq məfkurəsinin formalaşmasına nail olan Ulu Öndər sonrakı illərdə verdiyi sərəncamlarla  milli- mənəvi dəyərlərimizin qorunub saxlanılmasına da  geniş imkan yaratdı.

Ölkədə demokratik islahatlara başlamaqla qırmızı rəngin rəmzinə uyğun müasirliyin, dünya birliyinə inteqrasiyanın təməlini qoydu. Ölkəmizin dinamik  inkişafı ilə bağlı  müəyyənləşdirdiyi prinsiplərə, yeni dövrün reallıqlarına  uyğun konsepsiyasının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi ilə  Azərbaycanın dünya birliyində mövqeyi, möhkəmləndi, liderlik səviyyəsinə  yüksəldi.  “Azərbaycan  ən qədim zamanlardan dinlərin, dillərin,  və mədəniyyətlərin təmas, ünsiyyət yeri olmuşdur” söyləyən  Ulu Öndərin İslami dəyərlərə bağlılığı,  bayrağımızın yaşıl rənginə uyğun xidmətləri  bu gün də  yaşanır.

Üçrəngli  bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Prezident seçilən, andiçmə mərasimində “Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının, ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək,  ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq,  onların yaxşı yaşaması üçün lazımi şərait yaratmaq- bu vəzifələr mənim prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam. Hər bir dövlətin yaşam tarixi onun mövcudluğu ilə  ölçülür, varlığın təsdiqləyən  rəmzlər kimi  bayraqlar da  həmin tarixdən “vətəndaşlıq vəsiqəsi” qazanır, müqəddəsləşir, bir millətin qürür, iftixar mənbəyinə çevrilir” söyləyən  milli müstəqilliyimizin qarantı,  ulu öndər Heydər Əliyevin vurğuladığı kimi, müstəqil dövlət kimi varlığımızı təsdiqləyən tarixi hadisələrin sevincini yaşadıqca qürur mənbəyimiz olan üçrəngli bayrağımız  fərəhli anlarımızın şahidi kimi  daim  yüksəklərdə dalğalanacaq.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə  imzaladığı   Sərəncamla  Dövlət Bayrağı Günü təsis olundu. Beləliklə hər il həmin tarix ümumxalq bayramı kimi qeyd  edilir.

“Dünən var idik, bu gün yaşayırıq, sabah da olacağıq”  ideyasını əzəməti ilə  dünyaya çatdıran bayrağımız əbədiyyət, müqəddəslik simvolu,  qürur mənbəyimizdir. Azadlıq  uğrunda  canlarından keçən şəhidlərimizin  ruhunu yaşadan bayrağımız  dünya birliyində bizi tanıdan, təmsil edən siyasi pasportumuz, mənəviyyatımız, milli təfəkkür  və məfkurəmiz, kimliyimizdir.

Bu gün Azərbaycan möhkəm əsaslar üzərində uğurla inkişaf edir. Ölkə daxilində gedən bütün proseslər müsbət istiqamətdə irəliləyir.

Azərbaycanda daxili sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş uğurlarımızın əsas şərtidir.  Azərbaycanda  iqtisadi, siyasi islahatlar bu möhkəm təmələ əsaslanır və  təkmilləşir. Ölkədə demokratikləşmə prosesləri çox uğurla davam etdirilir.  Dünya dövlətlərini düşündürən və narahat edən  iqtisadi və maliyyə böhranının hər yerdə ağır fəsadlar yaratmasına baxmayaraq, Azərbaycan bu sınaqdan da şərəflə çıxdı.  “Biz bu məqsədə çatacağıq. Azərbaycan beynəlxalq arenada özünə layiq yerini tuta bilmişdir. Xarici tərəfdaşlarımızın, dostlarımızın sayı gündən-günə artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi,   ölkəmiz liderlik mövqeyini daha da gücləndirir. 

Ölkəmizdə bütün millətlərin nümayəndələri, müxtəlif dini konfessiyalara  məxsus insanlar mehribanlıq, dostluq şəraitində yaşayır milli mənsubluğundan asılı omayaraq Azərbaycan Bayrağı hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs, toxunulmazdır. Biz bu gün müstəqil ölkə kimi  böyük qürur hissi ilə yaşayırıq. Fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq. Ölkədə müstəqil siyasət aparılır. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu, böyük xoşbəxtlikdir, böyük sərvətdir. Bu gün atılan addımlar və irəli sürülən təşəbbüslər ölkəmizə    möhtəşəm  uğurlar qazandıracaqdır.   Hədəflər isə bəllidir: 20 il, 50 ildən sonra Azərbaycan daha da  inkişaf edəcək. Üçrəngli bayrağımız  sadalanan və perspektivdə nəzərdə tutulan  bütün uğurlarımızın qarantı, müjdəçisi kimi Azərbaycanın şöhrətini dünyaya bəyan edəcək. Prezident İlham Əliyev andiçmə mərasimində  məhz bu bayraq altında  xalqına daim sədaqətlə xidmət edəcəyini bildirmiş, Azərbaycanı iqtisadi qüdrəti ilə seçiləcək ölkə səviyyəsinə qaldıracağı  vədini vermiş və andına sadiq qalmışdır. Bu gün Azərbaycan adlı bir məmləkət bütün Avropanı qazandığı  iqtisadi nailiyyətlərilə  fəth edirsə, bu, daim uca tutduğumuz bayrağımıza sədaqət rəmzidir. Amma müstəqilliyimizin, suverenliyimizin ifadəsi olan  bayrağımızın dalğalanacağı daha   bir ünvan bizi gözləyir. Bu ünvanı Prezident, Ali Baş Komandan   İlham Əliyevin əmri ilə fəth edəcəyini bildirən xalqımız  dövlət başçısının bu sözlərinin reallaşacağına tam əmindir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də  işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.”  Azərbaycan xalqı inanır və əmindir ki,  Lələtəpədə,  Günnütdə dalğalanan bayrağımızın növbəti ünvanı Xankəndidir!

Xuraman İsmayılqızı, “İki sahil”