08 noyabr 2018 22:27
2789

Ermənistanın xarici siyasət fiaskosu: işğalçılığın “bəhrəsi”

Coğrafi və siyasi baxımdan strateji mövqedə yerləşən Azərbaycan dinamik inkişaf etməklə bərabər, hazırda  transsərhəd layihələrin əsas icraçısı rolunda çıxış edir. Bəzən qlobal miqyaslı zidd mövqelərin kəsişdiyi son dərəcə mühüm geosiyasi bir ərazidə yerləşməsinə baxmayaraq Azərbaycan paradoksal və təzadlı durumlarda həmişə məqsədəuyğun və balanslaşdırılmış siyasi xətt tutaraq tərəfsizliyini qoruyur. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Azərbaycanın  xarici siyasət meydanında müstəqil siyasət yürütdüyünü və heç bir dövlətin öz iradəsini  ölkəmizə diktə edə bilməyəcəyini bəyan edib.

Çoxvektorlu xarici siyasət kursunu gerçəkləşdirməklə  Azərbaycan həm də  milli varlığını təhdidlərdən  qoruyaraq ölkədə ictimai-siyasi sabitliyə nail olub.

Son 15 il ərzində  Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksələrək iqtisadi, enerji, siyasi və hərbi sahədə hər iki dövlətin maraqlarını təmin edəcək bir dinamikanı nümayiş etdirməkdədir.

Azərbaycan-Türkiyə müttəfiqliyi Ermənistanda ən çox qıcıq və hiddət yaradan mövzulardandır.

Azərbaycan bundan başqa hazırda dünyanın super gücləri olan ABŞ və Rusiya ilə balanslaşdırılmış siyasi xətt müəyyənləşdirməyi bacarıb.

Ermənistandakı son siyasi xaosun nəticələrindən biri kimi sözügedən ölkənin Rusiya ilə münasibətlərinin xeyli korlanması fonunda hazırda Rusiya-Azərbaycan əməkdaşlığı daha da dərinləşərək yüksələn xətlə inkişaf edir.

Ölkəmizin ABŞ-la münasibətlərinə gəlincə, rəsmi Vaşinqton da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini dəfələrlə bəyan edib.

Azərbaycanın dünyanın böyük gücləri ilə uğurlu  balanslaşdırılmış siyasəti  dəfələrlə Ermənistanın “armenianreport.com”, “lragir.am”, “armeniasputnik” kimi internet portallarında xüsusi qısqanclıqla müzakirə olunur.

Bundan başqa Azərbaycanın təkcə qonşu dövlətlərlə deyil, xüsusilə də İsraillə qurduğu və son dövrlərdə öz pik dövrünü yaşayan yüksək strateji tərəfdaşlıq münasibətləri, İsrailin Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləməsi Ermənistan mediasında diqqət mərkəzində olan və böyük qısqanclıqla izlənən, müzakirə edilən  mövzulardır.

Bu gün Avropanın və Asiyanın  nüfuzlu dövlətləri Azərbaycanla siyasi və iqtisadi əməkdaşlıq etməkdə maraqlıdırlar.

Azərbaycanın son 15 ildəki uğurlu xarici siyasət kursuna qısa bir ekskursdan sonra tarixi ərazilərimizi işğal edən Ermənistanın son dövrlərdə apardığı xarici siyasətə nəzər salsaq, təcavüzkar ölkənin təkcə iqtisadi, sosial və hərbi sahədə deyil, bu istiqamətdə də tam bir fiasko yaşadığını görə bilərik.

Bunun üçün işğalçı ölkənin mediasını izləmək kifayətdir. Ölkədəki son hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyanın özündən əvvəlki sələflərinin yolu ilə gedərək yürütdüyü yarıtmaz və səriştəsiz siyasət nəticəsində Ermənistanın Rusiya ilə münasibətləri xeyli dərəcədə pisləşib.

Ermənistan işğalçılıq siyasətindən əl çəkmədiyi üçün Türkiyə bu ölkə ilə əməkdaşlıqdan imtina edib, həmsərhəd olduğu Gürcüstan və İranla münasibətlərində  də parlaq mənzərə gözə dəymir.

Avropa ölkələri Nikol Paşinyan hökumətinin həyata keçirdiyi səriştəsiz siyasətə, ümumiyyətlə,   işğalçı Ermənistanın  hansısa rəsmi bəyanatlarına belə qeyri-ciddi yanaşır, bu ölkəyə investisiya qoymaq istiqamətində hələ də gözləmə mövqeyindədirlər. Çünki Ermənistandakı ictimai-siyasi sabitliyin hər an pozula biləcəyi ehtimalı beynəlxalq investorların tərəddüdünə səbəb olur. 

Hətta uzaq okeanın o tayından - ABŞ  da Ermənistanla təhdid və xəbərdarlıq üslubu ilə danışır.  ABŞ prezidentinin müşaviri Con Boltonun bu yaxınlarda Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlər də bunun əyani sübutudur.

Bütün bunlar göstərir ki, Ermənistan siyasi  dilemmalar məngənəsində çırpınaraq öz yolunu tapmağı, müstəqil balanslı xarici siyasət həyata keçirməyi bacarmır.

Sevinc Abdullayeva, “İki sahil”