12 noyabr 2018 18:02
2613

Ermənistanın sabiq prezidenti ölkəsindən şikayətçidir

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmələrinin səbəbini açıqlayıblar. Onlar bu məqsədlə bəyanatla çıxış ediblər.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Koçaryanın vəkilləri sabiq prezidentə qarşı açılan cinayət işinə baxılması üçün Ermənistanın yerli məhkəmə instansiyalarının yararsız olduğunu bildiriblər.

“Şikayətimizi insan hüquqları və azadlıqlarının müdafiəsi haqqında AvropaKonvensiyasının müddəalarına uyğun olaraq təqsirsizlik prezumpsiyası və müdafiə hüququnun pozulmasını əsas tutaraq vermişik. Vəkillər komandası dövlətdaxili məhkəmə instansiyalarının imkanlarını tükətmədən Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Çünki hesab edirik ki, müvafiq işdə yerli məhkəmələr effektsizdir”, – bəyanatda deyilib. 

Xatırladaq ki, Robert Koçaryan 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində, həmçinin, maliyyə maxinasiyaları və pulların yuyulmasında ittiham olunur. 

Ermənistan Milli Təhlükəsizlik Xidməti sabiq prezidentin qanunsuz yolla yüzlərlə milyon dollar gəlir əldə etdiyini, həmçinin, Koçaryanın İrəvandakı “Konqress” mehmanxanasının 6 milyon dollar rüşvətlə necə alındığına dair faktlar açıqlayacağını bildirib. Erməni mətbuatı yazır ki, Koçaryanın maliyyə maxinasiyalarının üzə çıxarılmasında dəlillər sarıdan məhdudiyyətlə üzləşən Ermənistanın baş naziri Nikol Paşinyan daha çox informasiyaya çıxış əldə etmək üçün sabiq prezidentin yaxın ətrafı və biznes ortaqlarına qarşı təzyiq və təhdidlər üsuluna keçib.