12 noyabr 2018 23:37
2538

Yalançı Bako “tupoy” Paşinyanı necə aldadır?

“Nikol Paşinyan səhvlərini ört-basdır etmək üçün günahı xalqın üzərinə atır. Guya xalq tamamilə əksinqilabçıdır. İnsanlar Paşinyandan iş yeri, pensiya tələb edir, yolların çəkilməsini istəyir”.

Erməni məbbələri xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri general Viqen Sarkisyan deyib.

Vigen Sarkisyan qeyd edib ki, Nikol Paşinyan günahı xalqın belinə yükləyərək, fəaliyyətinə ciddi səhvlər etməklə başladı. O, hakimiyyətə gələn kimi islahatlar aparmaq əvəzinə intriqalar yaratmağa başladı, iqtisadiyyat daha ağır vəziyyətə düşdü, xalqın həyat səviyyəsi yenə də aşağı endi.

“Cənab Paşinyan, hakimiyyət dünyasına xoş gəlmisiniz. Bundan sonra xalq yolu, məktəbi, xəstəxananı, pensiyanı, hətta maddi yardımı sizdən tələb edəcək. Tənqid etmək yerinə bir az işləmək lazımdır. Razıyam, bu, o qədər də asan deyil. İnsanlara real iş yerləri lazımdır, bunun üçün əvvəlcə investisiyalar lazımdır və hər şeydən əvvəl investorlara hörmət edilməlidir. Yeri gəlmişkən, çıxışınız zamanı “10 iqtisadi faktda” səhv rəqəmlər var idi. Sizin iqtisadiyyat naziriniz, yaxud referentiniz kimdir? Ermənistanda işləyən və vergi verənlərin sayı 350 min yox, ən azı 500 mindir. Lakin kənd təsərrüfatı bura daxil deyil. Yeri gəlmişkən, sizin müşaviriniz yaxın vaxtlarda dövlət sektorunda 150 min iş yerini azaldacaqlarını bildirdi. İşdən çıxarılanlar özəl sektora keçəcək. Bu, növbədənkənar seçkilərə qədər olacaq, ya yox? Düşünürəm, bunu indidən açıqlamaq lazımdır ki, insanlar 9 dekabrda buna görə səs versinlər. Xahiş edirəm, 7 dəfə düşünün. Bir dəfə edin. Və siz öz çıxışınızda bildirdiniz ki, insanların maddi yardımlarını kəsəcəksiniz ki, onlar işləsinlər. Belə “islahatlardan”  öncə aşağı təbəqə əzab çəkir. Bunu etməyin”, - deyə Sarkisyan bildirib.

Vigen Sarkisyan Paşinyana xitabən qeyd edib ki, vəziyyət daha da pisləşəcək, yaxın perspektivdə ümidverici heç nə görünmür.

Qeyd etmək lazımdır ki, ermənilərin işğal etdikləri Dağlıq Qarabağda vəziyyət daha gərgindir. Qondarma “DQR”-in cana doymuş sakinləri dövlət başçısını “tupoy Paşinyan” adlandırırlar. Orada əhali acınacaqlı həyat keçirir. İş o yerə çatıb ki, münbit torpağı olan bu yerdə hətta insanlar kənd təsərrüfatı məhsullarından da korluq çəkirlər. Çünki onlara əkib-becərmək üçün lazımi şərait yaradılmır, “başbilənlərin” başları çapıb-talamağa, öz sərvətlərini artırmağa və intriqlardan salamat çıxmağa qarışıb. Qondarma “DQR”-in üzdəniraq prezidenti Bako Saakyan Paşinyanı dəfələrlə aldadaraq guya bölgədə hər sahədə vəziyyətin qənaətbəxş olması barədə yalan məlumatlar verib.  Əslində Bako Saakyan və onun quldur komandası narkotik alverinə rəvac verərək milyonlara sahib olur. Əhali isə iş tapmır, ac-yalavac ömür sürür. Qadınlar şəxsiyyətləri alçaldılan “istirahət evlərinə”, kişilər qul kimi təhqirli işlərə sövq edilirlər. Bu ilin yazında Xankəndidə baş verən ciddi narazılıqlar bunu sübut etdi. Etiraz aksiyasının bir çox iştirakçıları “DQR”-in vəzifəli şəxslərinin onları döydürüb təhqir etmələrini, özbaşınalığın və zorakılığın dözülməz həddə çatdırılmasını, hətta Azərbaycan Ordusunun gəlişini istədiklərini açıq bildirdilər.

İndi Nikol Paşinyanın “Qarabağ klanı”na düşmən münasibəti, İrəvanda vəzifəli qarabağlıları sıxışdırıb sıradan çıxarması, Dağlıq Qarabağ əhalisinə sayğı ilə yanaşmaması  bölgədə ona qarşı inamsızlığı bir qədər də artırıb. Ona görə də Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında yaranmış uçurum daha da dərinləşərək pik həddə çatıb. Politoloqların rəyincə, yaxın vaxtda partlayışın baş verməsi gözləniləndir.

Vəli İlyasov, “İki sahil”