KÖŞƏ

Sevinc Azadi

Erməni mafiyasına qarşı “müharibə” elan edildi

12 noyabr 2018 23:39
2184

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni cinayətkar şəbəkəsi bu dəfə də Avropanın ən qüdrətli dövləti hesab edilən Almaniyanı bir-birinə vurub. Bu ölkənin nüfuzlu “Der Spiegel” qəzeti və “Mitteldeutscher Rundfunk” ictimai teleradio şirkətinin birgə apardığı təhqiqata görə, Almaniyanın federal polisi erməni mafiyası üzvlərinin aşkarlanması üçün üç il müddətində araşdırma aparıb. Media qurumlarının araşdırmasından sonra üzə çıxan ən biabırçı məqam odur ki, bu işdə hətta Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanın da adı keçir. “Azadlıq” radiosunun erməni xidmətinin yazdığına görə, erməni mafioz qruplaşmalarının aşkarlanması üçün Almaniya polisində FATIL (fight against thieves in law - qanuni oğrularla mübarizə) kod adlı xüsusi əməliyyat hazırlanıb. Tamamilə məxfi aparılan bu əməliyyatda Almaniya polisinə İspaniya, Belçika, İtaliya və Fransanın hüquq-mühafizə orqanları dəstək veriblər. Təhqiqat zamanı aydın olub ki, erməni mafioz qruplaşmaları Almaniyada güclü şəbəkə yarada biliblər. Buna baxmayaraq, dəlillərinin azlığı şübhəlilərin həbs olunmasına uzun müddət imkan verməyib. Almaniya jurnalistləri yazırlar ki, erməni cinayətkar qruplaşmaları polisin diqqətini 2014-cü ildən cəlb edib. Həmin il Erfurt şəhərinin kazinosunda iki erməni qruplaşması arasında atışma olmuşdu. Şahidlərin dediyinə görə, atışanlar kazinoya bahalı avtomobillərdə gəlmişdilər. Bu hadisə zamanı 27 və 54 yaşlarında olan iki erməni yaralanmışdı. Hazırda hüquq-mühafizə orqanları 42 şübhəliyə qarşı 14 cinayət işi qaldırıb.

“Der Spiegel” yazır ki, polis mafioz qruplaşmaların Ermənistanın siyasi hakimiyyəti ilə birgə fəaliyyət göstərdiyi qənaətindədir. Bundan əvvəl, 2008-ci ildə hələ səfirliyin əməkdaşı olan Smbatyandan beynəlxalq qaçaqmalçılıqda şübhələnirdilər. Ötən həftə həm də əlavə olaraq Ermənistanın Lixtenşteyndəki səfiri təyin edilmiş Smbatyan özünə qarşı bütün iddiaları rədd edir. Qeyd edək ki, Almaniyada erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair MDR televiziyasında efirə verilməli olan “Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” başlıqlı sənədli filmin nümayişi Ermənistan səfirinin iddiası əsasında Berlin məhkəməsi tərəfindən müvəqqəti olaraq təxirə salınıb. 30 dəqiqəlik sənədli filmin nümayişi üçün nəzərdə tutulmuş efir vaxtında mövzuya dair təxminən 7 dəqiqəlik reportaj yayımlanıb. Reportajda Almaniyada erməni mafiyasının fəaliyyəti və bununla bağlı hüquq-mühafizə orqanlarının araşdırmalarına dair məlumat verilir, məsələyə dair MDR televiziyası və Der Spiegel jurnalının birgə jurnalist araşdırması apardığı diqqətə çatdırılır və həmin araşdırmanın həmmüəlliflərindən biri, MDR televiziyasının müxbiri Aksel Hemmerlinqlə (Axel Hemmerling) müsahibə təqdim olunur.

Qeyd edilir ki, Almaniyada mövcud olan erməni mafiyası bütün ölkə boyu səpələnib. Erməni cinayətkar qruplaşmalarına “avtoritarlar” rəhbərlik edir, onlar da öz növbəsində “qanuni oğrulara” tabe olurlar. Avropol və İnterpol təşkilatlarına istinadən, erməni “qanuni oğruların” sayının 670-900 arasında olduğunun ehtimal edildiyi və onların əksəriyyətinin Almaniyadan kənarda yaşadıqları diqqətə çatdırılır. Bildirilir ki, Almaniyada və Avropada mövcud olan erməni mafiyasının İtaliya mafiyası ilə işgüzar əlaqələrinə dair dəlillər mövcuddur. Eyni zamanda, Almaniyanın hüquq-mühafizə orqanlarının mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq üçün texniki imkanlarının və qanunvericilik bazasının zəif olduğu xəbər verilir. Reportajda daha sonra erməni mafiyası haqda hazırlanmış sənədli filmin efirə getməsinin bir neçə saat əvvəl məhkəmə qərarı ilə müvəqqəti təxirə salındığı diqqətə çatdırılır və qeyd edilir ki, Ermənistan səfiri jurnalistlərin araşdırmasında öz əksini tapan məlumatların təkzib olunmasını tələb etmiş, bu, MDR tərəfindən təmin edilmədikdən sonra isə məhkəmə qarşısında iddia qaldırıb. İddianın araşdırılması və MDR-in məsələyə hüquqi cavab verməsi üçün vaxtın məhdud olması səbəbindən məhkəmə reportajın efirə getməsinin müvəqqəti olaraq dayandırılmasına dair qərar vermişdir. Reportajda qeyd olunur ki, sözügedən sənədli film hüquqi məsələlərə aydınlıq gətirildikdən sonra efirə gedəcək.

Almaniyada mətbuat azadlığına mane ola biləcək iddialar (hətta AFR hökuməti ilə bağlı olan məsələlərə dair) bir qayda olaraq, məhkəmə tərəfindən təmin edilmir. Bu baxımdan, çoxları Ermənistan səfirinin qaldırdığı iddianın da tezliklə MDR televiziyasının xeyrinə həll ediləcəyi və sənədli filmin yaxın zamanlarda efirə veriləcəyi qənaətindədirlər.