KÖŞƏ

Cavid Əkbərov

Suda boğulan saman çöpündən yapışar

30 mart 2018 23:49
6490

Prezident seçkiləri yaxınlaşdıqca radikal müxalifətin daxilində “siyasi fəallığın” artması düşərgədə baş verənləri aydın analiz etməyə imkan yaradır. Seçkiöncəsi siyasi mövcudluqlarını göstərmək naminə spekulyasiyalar edən düşərgə təmsilçiləri xaricdəki antiazərbaycan qüvvələrlə əməkdaşlıq edərək ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirməyə cəhd edirlər.

Xalqın dəstəyindən məhrum olan və siyasi fəaliyyətlərini radikallıq və eləcə də terrorçuluq prinsipləri üzərində quran destruktiv müxalifətin iç üzü açıldıqca cəmiyyət onları daha yaxından tanıyır. Azərbaycan dövlətçiliyini məhvə sürükləmək niyyətində olan radikal müxalifət təmsilçiləri anlamalıdırlar ki, hüquqi və dünyəvi dövlətdə onlara heç zaman yer olmayacaq. Bu qaragüruhçuların məqsədi ölkədə qarşıdurma yaratmaq, nifaq salmaq və bundan öz çirkin siyasi məqsədləri üçün yararlanmaqdır. Bu gün Əli Kərimlinin əhatəsində olanlar, eyni zamanda, onun qohumlarının da dövlətimizə və xalqımıza qarşı düşmən mövqeyində oldugunu görürük. Azərbaycan hakimiyyətini, dövlətini açıq-aşkar təhdid edən Teymurxan Orduxan, Tural Sadıqlı və digərlərinin də hansı əqidəyə qulluq etdiyini xalqımız çox yaxşı bilir.

Beynəlxalq qurumların seçkiöncəsi qiymətləndirmələri təsdiq edir ki, Azərbaycanda prezident seçkilərinin tam demokratik şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb. Boykotçuların isə demokratik şəraitdən sui-istifadə edərək qarşıdurma yaratmaq cəhdləri bu ünsürlərin əsl xislətlərini açıq-aydın göstərir.

Bir sıra müxalif partiyaların Azərbaycanda keçiriləcək prezident seçkilərini boykot etməsi onların prizmasından yanaşdıqda ən ideal qərar kimi görünür. Çünki heç bir nüfuzu olmayan radikalların seçkidə növbəti biabırçı məğlubiyyətləri onların yeganə dəstəyi olan xarici havadarlarının da üz döndərməsi ilə nəticələnə bilər. Bu zaman onlar “5-ci kolon” kimi də öz missiyalarını yerinə yetirməmiş olacaqdılar. Elə buna görə də seçkini boykot edərək mitinq qərarı qəbul ediblər. Əslində bu, xaricdəki ağalara bir mesajdır ki, “biz mitinqlər keçirərək mübarizə aparırıq, yəni biz heç də tükənməmişik”.

“Milli Şura” və radikal dini qrupların 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə mitinq təyin etmələri təbii ki, cəmiyyətdə kəskin narazılıqla qarşılanır. Sosial şəbəkələrdə radikal müxalifətin bu addımı haqlı olaraq tənqid edilib, xeyli sayda insan 31 mart mitinqinə etirazını bildirib.

Heç şübhəsiz ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü mitinq keçirib seçki, hakimiyyət məsələsini müzakirə etmək, siyasi xarakterli şüarlar səsləndirmək şəhidlərimizin ruhuna hörmətsizlikdir. Təbii ki, soyqırımı günü belə hərəkətlərin edilməsi milli adət-ənənələrimizə də ziddir.