KÖŞƏ

Vəli İlyasov

Sirkə nə qədər tünd olsa...

06 iyul 2018 15:29
4776

İyirmi beş il əvvəl -1993-cü ilin isti  iyul  günlərində Surət Hüseynovun qiyamından çox keçməmiş ölkəmizin cənub regionunda yeni bir münaqişə ocağı yandırıldı. Bu dəfə briqada komandiri olan polkovnik Əlikram Hümbətov bir qrup separatçını ətrafına toplayaraq Azərbaycanı parçalamaq planını işə saldı. Üzdəniraq polkovnik cənub regionuna daxil olan beş rayonu qoparıb həmin ərazidə bədnam “Talış-Muğan Respublikası” düzəltmək üçün  briqadanı döyüşdən çıxararq Lənkərana geri çəkdi. Bu, elə bir vaxt idi ki, qarmaqarışıqlıqdan istifadə  edən Ermənistan qoşunları rayonlarımızı biri-birinin ardınca işğal edirdi. Tabeliyindəki briqadanı və zirehli texnikanı döyüşdən geri çəkən Əlikram Hümbətov bu xain hərəkəti ilə Azərbaycana arxadan zərbə vurdu.

Xatırladaq ki, 1993-cü il avqustun 7-də separatçı Əlikram Hümbətov Azərbaycanı parçalamaq məqsədilə qondarma “Talış-Muğan Respublikası”nı (TMR) “yaratdı“. Bu ideya hələ iyunun 21-də bir qrup separatçı ilə keçirilən toplantıda Ə.Hümbətov tərəfindən irəli sürüldü və avqustun 7-də də reallaşdı.

Ümummilli liderimiz Heydər Əliyev  separatçılara  silahı yerə qoyub  məsələnin danışıqlar yolu ilə nizama salınmasını təklif etsə də  üzdəniraq polkovnik qara əməllərini yenidən davam etdirdi. Vəziyyətin daha da gərginləşdiyini görən dahi rəhbər televiziya ilə cənub bölgəsinin əhalisinə müraciət etdi. Həmin tarixi müraciətə on minlərlə insan səs verdi. Əhali əlikramçılara qarşı birləşərək ayağa qalxdı.  Avqustun 23-də isə separatçılar çirkin niyyətlərini sonadək həyata keçirə bilməyərək ifşa olundular. Onların bir çoxu inzibati orqanlar tərəfindən həbs edildi, digərləri isə Rusiyaya və digər xarici ölkələrə qaçdılar.

Vurğulamaq lazımdır ki, bəzi xarici dairələr əlikramçılara gizli dəstək verir, onları ruhlandırırdılar. Separatçıların məğlubiyyəti  ərəfəsində onlara məxsus bəzi qəzet və  internet səhifələrində Ə.Hümbətov və onun tərəfdarlarının “qəhrəmanlıq“larından bəhs edən yazılar yerləşdirilirdi. Üzərində Ə.Hümbətovun şəkli əks olunmuş qondarma “Talış-Muğan Respublikası”nın “xəritəsi”  isə onların  səhifələrində manşetlərə çıxarılırdı.  Onu da qeyd edək ki, məlum hadisələrlə bağlı ifşa olunduqdan sonra Rusiyaya qaçan separatçılar müxtəlif internet saytları açaraq Azərbaycanın müstəqilliyinə qarşı çirkin təbliğata başlayırdılar. Azərbaycanda 2 milyondan (?) çox talışın hüququnun pozulduğunu önə çəkən separatçılar guya qondarma respublikanı yaratmaqla onları azadlığa çıxaracaqlarını bəyan edirdilər. Onlar  həmişə  kənar qüvvələrin köməyi ilə Azərbaycanda qarşıdurma yaratmağa cəhd göstərirdilər.  Əlikram  Hümbətovun separatçıları hər il  özlərinə  məxsus  internet saytında avqustun 23-nü yad edir və qondarma “Talış-Muğan Respublikası”  uğrunda separatçıların göstərdikləri  “qəhrəmanlıq“ları xatırlanır.  Onlardan fərqli olaraq həmin günlərin xronikasına  ötəri nəzər yetirək. 
...Əlikram Hümbətov avqustun 7-də saat 14:00-da Bakıya bir ultimatum  göndərdi. “Talış-Muğan Respublikası “ yaratdığını”  bəyanlamaqla ilk növbədə rəsmi Bakının onunla hesablaşmasını tələb etdi.

  Ulu öndərimiz Heydər Əliyevin məsələyə müdaxiləsindən sonra əhali qətiyyətlə əlikramçıları rədd etdi..  Onun belə bir mövqedən çıxış etməsi respublikanın cənub bölgəsində yaşayan talışların  böyük əksəriyyətinin hiddətinə səbəb oldu. Əhalinin ayağa qalxdığını görən Ə.Hümbətov Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara rayonlarında kütləvi repressiyalar həyata keçirdi. Avqustun 5-də Cəlilabad Rayon Prokurorluğunun binası mühasirəyə alındı, ayın 11-də isə Astara rayon prokuroru Sahib Süleymanov və polis idarəsinin rəisi İbrahim Quliyev Əlikram Hümbətovun quldur dəstəsi tərəfindən oğurlandı. İmkanlı şəxslərin övladları oğurlanıb Ə.Hümbətovun “bunker“inə salınırdı. Əhali həmin ərəfədə evlərindən çölə çıxmağa belə cürət etmirdi... Ayın 11-də isə Ə.Hümbətov ikinci dəfə rəsmi Bakıya ultimatum göndərdi...
... Lənkərandan çıxarılan Rusiyaya məxsus “N“ saylı hərbi hissənin ölkənin Müdafiə Nazirliyinə deyil, Ə.Hümbətovun tabeliyinə keçməsi qaranlıq məqamlara aydınlıq gətirdi.  Ölkənin sabiq müdafiə naziri Rəhim Qazıyevin tez-tez Lənkərana gedib Ə.Hümbətovla danışıqlar aparması isə məsələlərə şəffaflıq gətirmədi, əksinə, gərginliyi  daha da artırdı. 1993-cü il avqustun 12-də Rəhim Qazıyevlə Əlikram Hümbətov məsələni aydınlaşdırmaq üçün Heydər Əliyevin yanına gəldi. Rəhim Qazıyevin Ə.Hümbətovun ultimatumunda göstərilən maddələrin qəbul olunmasını Heydər Əliyevdən təvəqqe etməsi aydın göstərirdi ki, müdafiə naziri separatçının mövqeyini dəstəkləyir. Avqustun 13-də Heydər  Əliyevin yanında keçirilən müşavirədə  talışların ağsaqqallarının və nüfuzlu şəxslərin  Ə.Hümbətovu Azərbaycanı parçalamaqda ittiham etmələri  separatçıların planını alt-üst etdi. Talışların da artıq rəsmi Bakıdan separatçılar barədə qanun çərçivəsində ölçü götürülməsini tələb etdiklərini görən R.Qazıyev “qeybə“ çəkildi...
Məlum hadisələrdən sonra 1995-ci ildə Azərbaycandan qaçıb Rusiyada məskunlaşan qondarma “Talış-Muğan Respublikası”nın  “Milli Məclis”inin sədri separatçı Fəxrəddin Abbaszadənin “tolishpress“ agentliyinə verdiyi müsahibəsindən aydın olur ki, o, xalqına qarşı tutduğu yoldan dönmək fikrində deyil.  Azərbaycanı parçalamaq istiqamətində yenə də fəaliyyət göstərir. Sankt-Peterburqda ayda 2 dəfə rus, talış və türk dillərində nəşr edilən “Tolış“ qəzetinə rəhbərlik edən bu şəxsin xalqımıza qarşı tutduğu destruktiv mövqeyi yazılarında açıq  hiss olunur. 
Separatçıların internet saytlarında Lənkəran - Lankon, Lerik - Lik, Astara isə Ostoro adlandırılıb. Separatçılar dünyanın müxtəlif bölgələrində yaşayan talışlara və eyni zamanda Azərbaycanın parçalanmasında maraqlı olan separatçı kürd və ermənilərə, o cümlədən bir sıra beynəlxalq təşkilatlara ünvanladıqları müraciətlərdə Azərbaycanda onların hüquqlarının tapdanmasını göstəriblər. Bu separatçı şəxslər  Ermənistanda müxtəlif mövzularla bağlı keçirilən “dəyirmi masa“ və forumlara qatılaraq açıq-aşkar öz “tarix“lərini bərpa etmək istiqamətində çalışdıqlarını bildiriblər.

Azərbaycan vətəndaşlığından çıxarılandan sonra separatçı qiyamçı Əlikram Hümbətov dəfələrlə İrəvana və Xankəndinə gedərək Azərbaycan əleyhinə çıxışlar etmişdir. O, Azərbaycan xalqının düşmənləri ilə əlbir olaraq öz qara əməllərini indi də davam etdirir

“Sirkə nə qədər  tünd olsa,  öz qabını çatladar”- deyiblər. Əlikram  Hümbətov və onun kimiləri isə lənətlənərək  artıq çoxdan tarixin  zibilliyinə atılmışlar.

Vəli İlyasov,

“İki sahil”