KÖŞƏ

Vəli İlyasov

Boş patrondan qorxan Ermənistan...

20 iyul 2018 16:25
3592

Rusiya Federasiyasının  Ermənistandakı 102-ci hərbi bazasının bir qrup hərbçisi Şirak vilayətinin Panik kəndinə daxil olaraq sağa-sola atəş açıb. Ermənistan KİV-lərinə istinadən xəbər verilir ki, bir neçə  avtomobildən ibarət kolonla hərəkət edən əsgərlər heç bir xəbərdarlıq etmədən və avtomatlardan sürəkli atəş açaraq kəndə daxil olublar. Nəticədə kənd sakinləri müharibə başladığını düşünərək panikaya uyublar, haray-həşir salıblar, kənddən çıxıb qaçmağa can atıblar. Bura yaxın kəndlərin sakinləri də güllə səslərindən qorxuya düşüblər. Panik kəndində qorxudan  bir neçə uşağın  ürəyi gedib.

“Otuza qədər əsgər kəndin yolunu kəsdi, öz kolonlarını saxladı, habelə səslər, atəşlər! Yaxşı ki, patronlar döyüş patronları deyildi. Bu səslərdən sonra bütün əhali evlərindən çıxıb qaçdı, hətta uşaqlardan ürəyi gedənlər oldu,”-deyə kənd icmasının rəhbəri Vardan Makeyan “Aravot” qəzetinə bildirib.

Makeyan deyib ki, kəndin ərazisindən heç vaxt hərbi poliqon kimi istifadə olunmamışdı və Rusiya hərbçilərinin heç bir xəbərdarlıq etmədən təlim adı altında kəndə basqın etməsi təhqirdir. “Yaxşı, başa düşdük, hərbi baza var, sağ olun, qoruyursunuz, amma bu o demək deyil ki, gəlib kəndin içində döyüş əməliyyatı qurasınız!”-icma rəhbəri hiddətini belə ifadə edib. Makeyan bildirib ki, baş verənlər haqda polisə və Ermənistan Milli Təhlükəsizlik Xidmətinə məlumat  çatdırıb.

Baş verənlərin bir hissəsini kənd sakinləri telefonla çəkə biliblər. Sosial şəbəkələrdə yerləşdirilmiş videolardan birində rus əsgərlərinin  atəş açaraq kəndə necə daxil olduğu görünür. İkinci videoda isə kənd sakinləri hərbçilərin komandirini saxlayıb  ondan nə üçün kəndə girərək atəş açdıqları haqda soruşurlar. Kəndlilər komandirdən tələb edirlər ki, əsgərlərin bu hərəkətlərinə izahat versin. Onlardan bəziləri hərbi baza komandanlığının rəsmən üzr istəməli olduğunu bildirir. Ancaq bir çox şəxslər  baş verənləri təxribat adlandırır. Komandir isə kəndlilərin tələblərinə baxmayaraq özünü təqdim etmir, ancaq onları sakitləşdirməyə çalışaraq baş verənlərin təlim olduğunu, hərbçilərin boş patronlardan istifadə etdiyini deyir.

İnsidentlə bağlı  Şirak vilayətinin qubernatoru Karen Saruxanyan 102-ci bazanın kadr heyəti üzrə komandir müavini Aleksey Polyuxoviçlə görüşüb. Polyuxoviç baş verənlərə görə üzr istəyib və gələcəkdə belə halların baş verməyəcəyinə dair söz verib. Bildirib ki, baş verənlərə görə daxili xidməti təhqiqat aparılacaq, günahkarlar cəzalandırılacaq.

Maraqlıdır ki, bu insident Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə NATO sammitində iştirakından sonraya təsadüf edib. Hansı ki, Moskva Paşinyanın NATO sammitinə qatılmasını istəmirdi və bundan qəzəbli idi. O cümlədən Rusiya Ermənistanın son illər NATO ilə tərəfdaşlığı genişləndirməsinə görə ondan bərk narazıdır.

Bundan əvvəl isə baş nazir  Nikol Paşinyanın Moskvada Ermənistanın suverenliyinə hörmət etməli olduğu barədə danışmasından sonra  Rusiyanın bəzi iri  şirkətləri bu ölkə ilə əlaqələrini kəsməyi planlaşdırıblar.