KÖŞƏ

Vəli İlyasov

Dağıdıcılar seytnota düşdülər

10 fevral 2018 00:25
4176

Şahmatda qayda var, əgər oyunçu müəyyən vaxt ərzində gediş edə bilmirsə, bu, seytnot sayılır və həmin oyunçu məğlub hesab olunur. Bəzən siyasəti şahmatla müqayisə edənlər aqətən bacarıqsız və zəif oyunçuların seytnota düşdüklərini vurğulayırlar. Hazırda Azərbaycanda  iddiası imkanından yuxarı olan  müxalifət  buna bənzər  vəziyyətdədir.

Prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı müxalifəti əməlli-başlı çaşbaş salıb.  Gözləri təəccübdən hədəqəsindən çıxan dağıdıcı  müxalifət partiyalarının rəhbərləri bir neçə gündür ki, özlərinə gələ bilmirlər. Bu barədə açıq danışır, ora-bura vurnuxur, hansı qərar qəbul edəcəklərini kəsdirə bilmirlər. Çünki onlar arxayın idilər ki, seçkilər oktyabrda keçiriləcək, ona qədər isə hələ doqquz  ay qalır. Xaricdəki ağalarından təlimat almağa macal tapmayan bu adamlar təəssüf içərisində qovrulurlar.  Necə deyərlər - “Yaz var, qış var, nə tələsik iş var?”-illüziyası  ilə payızı gözləyənlər indi çətin duruma düşüblər.

Ölkədəki 53 partiya və siyasi təşkilatın yalnız biri-Yeni Azərbaycan Partiyası prezident seçkilərinə hazır olduğunu nümayiş etdirir. Çünki bu partiyanın rəhbərliyi bu cür mühüm siyasi tədbirə bütün hazırlıq işlərini vaxtında başa çatdırıb. Bu partiyanın 700 mindən çox üzvü var və daim yekdil qərar qəbul etməyə qadirdir. Belə böyük elektoratla  heç  bir müxalifət partiyası rəqabət apara bilmir. YAP-la müqayisəyə gələcək ikinci partiya yoxdur. Digər partiyalar  rəqabət aparmağı heç ağıllarına belə gətirmirlər, çünki məğlubiyyətə uğrayacaqları  irəlicədən məlumdur. Bu fikri partiyaların funksionerləri mətbuatda da açıqlayırlar.

İndi dağıdıcıların biri-birilərinə müxalif düşərgəsində müxtəlif planlar cızılır, bəziləri hazırlıqsız olsalar da, seçkilərdə iştiraka üstünlük verirlər. Məsələn, Müsavar, Vətəndaş İnkişaf, Ümid, Ədalət partiyaları, KAXCP, BAXCP və başqaları  seçkilərdə iştirak etməyi nəzərdə tuturlar. Bu partiyaların rəhbərləri düşünürlər ki, belə  mühüm siyasi tədbirdən kənarda qalmaq düzgün deyil. Qalib gəlmək şansı olmasa da,  qüvvələri sınamaq lazımdır.

Lakin xalqdan ayrı düşmüş   AXCP sədri Əli Kərimli və “Milli Şura”nın rəhbəri Cəmil Həsənli “boykot” deyib dururlar. Onları başa düşmək çətin deyil. Hələ qış yuxusundan ayılmamış bu adamlar seçkiyə qoşulmaq əvəzinə boykot qərarı qəbul ediblər. Çünki başqa çarə tapmağa qadir deyillər və xaricdəki ağalarına özlərini daha şirin satmağa çalışırlar. Düşünürlər ki, 100-150 nəfər tərəfdarla  heç nəyə nail ola bilməzlər.  Siyasət dəllalları düşünürlər ki, xalqın səsinin bir faiz səs toplaya bilməyib biabırcasına məğlub olmaqdansa, daray-baray salıb aradan çıxmaq daha yaxşı olar. Onların siyasi opponentləri yarıciddi olaraq bildirirlər ki, Əli Kərimli və Cəmil Həsənli cütlüyü  öz mübarizəsini feysbuk səhifələrində aparacaqlar, çünki seçki məntəqələrinə gəlməyi özləri üçün mənasız və faydasız bir iş hesab edirlər. Ən böyük dərdləri odur ki,  onların xarici ağaları da seytnot vəziyyətə düşərək əlaltılarına heç bir təlimat verə bilmirlər.