KÖŞƏ

Vəli İlyasov

Yeni müjdə: Ordumuzun Günnüt qələbəsi!

11 iyun 2018 23:33
5149

Gözünüz aydın olsun, əziz həmvətənlər, iyirmi altı illik  ayrılıqdan  sonra  Günnüt kənd camaatı işğaldan azad olunan  doğma kəndinə  qayıdıb.  Günnüt kəndinin məzarlığında 26 illik fasilədən  sonra müqəddəs Qurani-Kərimdən surələr oxunub. Sosial şəbəkələrdə yayımlanan görüntülərdə onların öz əzizlərinin məzarlarını necə qucaqladıqlarını əks etdirən səhnələr çox təsirlidir...

Yada  salaq ki,  1992-ci ildə Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb. O  vaxt işğal edilən  Günnüt kəndində yaşayış binaları, o cümlədən bütün  sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni quldurları tərəfindən xarabazara çevrilib.  Kəndin yaşayış evləri ilə bərabər  məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi də dağıdılıb. Doğma yurdundan didərgin düşən  kənd camaatı rayonun yaxınlıqdakı  yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur qalıb. Ancaq doğma kəndlərinin azad olunacağına ümidini bir gün də itirməyən kənd sakinləri bu günü səbirsizliklə gözləyiblər. Nəhayət, həmin gün gəldi...

Ermənistan mətbuatı və saytlarının məlumatlarında, eləcə də  “razm.info armenia” portalının videoreportajında da qeyd edildiyi kimi, mayın son günlərində Şərur rayonunun Günnüt  kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər  Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun əkshücumu ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqeləri ələ keçirib, Xunut  dağı və “Ağbulaq” , daha sonra isə “Qızılqaya”  və “Mehridağ” yüksəkliklərinin işğaldan azad edilməsi nəticəsində  Dərələyəz mahalının Arpa kəndi  qoşunlarımızın nəzarəti altına keçib.  11 min hektara yaxın ərazimiz  düşməndən təmizlənib.

Günnüt kəndinin azad edilməsi, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən “Qızılqaya” yüksəkliyinin  alınması  isə ordumuza İrəvan-Əzizbəyov-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə şərait  yaradıb.  Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 kilometr yeni yol çəkilib, 50 kilometrdən çox yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay dəryaçasının  etibarlı mühafizəsinin təşkili üçün lazımi tədbirlər görülür.   Ermənistan  mediası və saytlarının  həyəcanla  verdikləri məlumatlarda, o cümlədən, “razm. info armenia” portalının videoreportajında  deyilənlər  təsdiq olunur. Həmin videoreportajda  Azərbaycan Ordusunun irəliləməsindən və kəndin yaxınlığındakı postlarda mövqe tutmasından ciddi narahat olan əhali Ermənistan Müdafiə Nazirliyinin onları aldatdığını və  erməni ordusunun əraziləri qorumaq iqtidarında olmadığını bildirirlər. Ümumiyyətlə, bu xəbərlər Ermənistandakı hərbi-siyasi böhranın daha da dərinləşməsinə səbəb olub. Bu qələbəmiz erməni cəmiyyətini məyus edib və öz ordularına inamı tamamilə sarsıdıb.

Günnüt  kəndinin sakinləri  qüdrətli ordumuzun onlara bəxş etdiyi sevinc və xoşbəxtliyə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Hamıda möhkəm inam var ki, qurub-yaratmağın böyük  memarı olan dövlət başçımız qısa müddətdə Yeni Günnüt kəndini inşa etdirəcək, əvvəlkindən də gözəl bir yaşayış məntəqəsi saldıracaqdır. Uzun ayrılıqdan sonra günnütlülər öz doğma yurdlarında təhlükəsiz və rahat  ömür sürəcəklər. Əlli kilometr yolun üç gün ərzində abadlaşdırılması bundan xəbər verir. Cocuq Mərcanlıdan sonra Günnüt azad və yeni sima ilə bərqərar olacaqdır.

Azərbaycan Ordusunun Günnüt qələbəsi xalqımız tərəfindən bayram kimi qeyd olunur. Hamı yüksək əhval-ruhiyyə içərisindədir, soydaşlarımız biri-birilərini böyük sevinclə təbrik edirlər.  Lələtəpə qələbəsindən sonra Günnüt qələbəsi açıq göstərir ki, ordumuz lazımi məqamda Ermənistan ordusunu darmadağın etməyə və torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Hamıda bu inam bir daha da möhkəmlənib ki, Böyük Qələbə Günü yaxındadır.

Eşitdim  Günnütü azad edibsən,

Sevincdən az qaldı qələmim çaşa.

Sağ ol, bundan artıq nə deyim axı,

Cənab Baş Komandan, səni yüz yaşa!