28 noyabr 2018 00:19
3269

Ölkəmizə gələn xarici turistlərin sayı artacaq

Son illərdə turizmin inkişafı ilə bağlı aparılan islahatlar nəticəsində ölkəmizə gələn xarici qonaqların sayı durmadan artmaqdadır. Birinci Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında, Formula-1 yarışında, Ümumdünya Şahmat Olimpiadasında iştirak edən qonaqların yenidən Azərbaycanda olmaq istəkləri turizmin inkişafını daha da sürətləndirir.

Ölkəmizdə yay və qış turizminin inkişafına göstərilən diqqətin nəticəsidir ki, “Şahdağ” kimi beynəlxalq səviyyəli turizm bazası daha çox diqqəti cəlb edir, mehmanxanaların sayı artır, qonaqlara xidmət göstərən kadrların püxtələşməsi istiqamətində önəmli tədbirlər həyata keçirilir. Bu gün əcnəbi turistlərin Azərbaycanda rahat və təhlükəsiz istirahət etmələri üçün hər cür şərait yaradılıb. Bu faktı çıxışlarında səsləndirən Prezident İlham Əliyev turizmin inkişafı istiqamətində görülən işlərin davamlı olacağını diqqətə çatdırır: “Bakıda və bölgələrdə gözəl otellər tikilibdir. Bakıda dünyanın demək olar ki, bütün aparıcı otel şəbəkələri öz otellərini idarə edirlər. Bütün bölgələrdə müasir otel infrastrukturu, müalicəvi turizm inkişaf edir. Biz ənənəvi turizm bölgələrini bərpa etdik. Vaxtilə - Sovet dönəmində Naftalana 70 min turist gəlirdi. Verilən son məlumata görə, hər il təxminən 30-35 min insan buraya müalicə almağa gəlir”.

Statistik rəqəmlərə nəzər salsaq görərik ki, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2 milyon 420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox turist gəlib. Ölkəmizə səfər edənlərin 31,1 faizi Rusiya Federasiyası, 20,2 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,9 faizi İran, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,8 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi İraq, 2 faizi Ukrayna, 1,6 faizi İsrail, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Bu ilin on ayında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəmizə gələn Bəhreyn və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Küveyt vətəndaşlarının sayı 2 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 13,7 faiz, Oman vətəndaşlarının sayı 6,3 faiz artıb. İrandan gələnlərin sayında 33 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,7 faiz azalma müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən 492,9 min nəfər turist gəlib və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.

Yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən səfər edənlərin sayı 8,3 faiz artaraq 99,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,1 faiz artaraq 891 min nəfər olub.

Ötən ilə nisbətən bu il qış turizmi ilə bağlı ölkəmizə gələn turistlərin sayının daha da artacağı gözlənilir. Xatırladaq ki, artıq dekabrın 1-dən qış turizminin açılışı olacaq. Bununla bağlı yerli turizm şirkətləri xarici tərəfdaşlara ölkəmizdə qış turizminə dair turpaketləri göndərməyə başlayıb. Dünyada ən populyar qış turizminin məhz xizəksürmə olduğunu nəzərə alsaq əminliklə deyə bilərik ki, Azərbaycanda hər il bu sahə inkişaf edir, daha peşəkar xizəkçilər ölkəmizə təşrif buyururlar. Belə ki, ötən il çoxlu sayda peşəkar xizəkçinin istirahət üçün məhz ölkəmizi, xüsusən də Şahdağı seçməsi təsadüfi deyil.

Sevinc Azadi, “İki sahil”