26 mart 2024 13:45
909

Sarkisyanın “Şərəf“ orden verdiyi Solovyovun növbəti avantürası

Erməni diasporunun ölkəmizə qarşı aparılan  mətbuat savaşında onlara alət olanlardan bir də rusiyalı televiziya aparıçısı, jurnalist Vladimir Solovyovdur. O Solovyov ki, 2013-cü ildə Ermənistanın milli və dövlət maraqlarının qorunmasındakı xidmətlərə görə Serj Sarkisyan tərəfindən “Şərəf“ ordeni ilə mükafatlandırılıb.  O Solovyov ki, 2016-cı ildə ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirməyə cəhdlər göstərib. O Solovyov ki, İkinci Qarabağ savaşı zamanı öz televiziya proqramında Ermənistanın Azərbaycana qarşı yönəlmiş işğalçılıq və təcavüz siyasətini açıq şəkildə dəstək nümayiş etdirib, Azərbaycanla bağlı  həqiqətləri dilə gətirənləri öz dəstəsi ilə birgə topa tutub.

Ermənipərəst, hətta demək olar ki, anti-Azərbaycan mövqeyi ilə seçilən, jurnalist peşəsini qərəz alətinə çevirən, Rusiyada  ən qatı ermənipərəst televiziya aparıcısı dedikdə, ilk yada düşən həmin jurnalist bu dəfə “Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələri ilə ölkəmizə qarşı ənənəvi qərəz ritorikasını davam etdirib. Bu məsələ ilə bağlı Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunduğu kimi, V.Solovyovun “Crocus City Hall”da törədilmiş təxrtibata etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir. Bir sözlə, bu təxribatçının başlıca məqsədi Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir.

Şübhəsiz,  “Crocus City Hall” terrorunda Azərbaycan izlərini axtarmaq cəhdi Solovyovun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır. Elə onun bu sayıqlaması da erməni diasporu, o cümlədən erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla birgə fəaliyyətinin “məhsulu”dur. Media prinsipləri, söz və ifadə azadlığının imkanları ilə aşkar manipulyasiya edən, əsl həqiqətləri və reallıqları korporativ maraqlara qurban verən, haylardan aldığı böyük pullar sayəsində milçək kimi vızıldayan bu avantürist hələ də dərk etmir ki, onun tutduğu mövqe həm də  vətəndaşı olduğu ölkəsinə vurduğu son dərəcə ağır zərər və ziyandır. Kim bilir, bəlkə də dərk edir. Amma erməni diasporunun pul kisəsindən asılı olması, “şirə” görən kimi “coşmağ”ı bütün bunları arxa plana salır.  Jurnalistin hadisə və proseslərə yanaşması, habelə qitmətləndirmə tərzi Rusiya ictimaiyyətini, o cümlədən, media cameəsini ciddi şəkildə düşündürməlidir. Çünki Solovyov cəmiyyəti yanlış yönləndirməklə məşğuldur. Bu, bir peşə sahibinin nəinki başqa, ən əsası vətəndaşı olduğu ölkəyə vurduğu son dərəcə ağır zərər və ziyandır.

Yeri gəlmişkən qeyd edək ki, Rusiya-Azərbaycan münasibətləri həmişə möhkəm dostluq bağlarına və mehriban qonşuluq prinsiplərinə əsaslanıb. Bu gün iki ölkə arasındakı münasibətlər ən yüksək səviyyədədir, həmçinin ardıcıl olaraq, bərabərhüquqlu prinsiplərlə, bir-birinin maraqlarını nəzərə almaqla və 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun şəkildə inkişaf edir. Martın 6-da  Prezident İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşündə bildirmişdir ki, artıq iki ildən bir az çoxdur ki, biz müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində əməkdaşlıq edirik, əlaqələrin möhkəmləndirilməsi üzrə qarşıya qoyulmuş bütün vəzifələr uğurla yerinə yetirilir. Dövlətimizin başçısı, həmçinin vurğulamışdır ki,  Rusiya ilə Azərbaycan arasında münasibətlər iki qonşu dost dövlətlərin münasibətləri üçün nümunə ola bilər: “Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilindədir. Biz onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətləri qorumuşuq və qarşılıqlı fəaliyyət göstərdiyimiz ictimai-siyasi formasiyadan asılı olmayaraq, xalqlarımız arasında dostluq əlaqələri həmişə dövlətlərarası münasibətlərin bünövrəsi olub. Bu gün isə dövlətlərarası münasibətlərin forma və məzmun etibarilə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi bir vaxtda, təbii ki, bu, həmçinin ölkələrimizdə ictimaiyyət tərəfindən də dəstəklənir”. 
Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Solovyov və onun kimi avantüra ilə məşğul olanlar bu münasibətlərə xələl vura bilməyəcəklər. Yəni, Azərbaycana münasibətdə düşmənçilik xarakteri daşıyan, erməni diasporunun rəvac verdiyi belə təzahürlər Rusiya ictimaiyyəti tərəfindən dəstəklənməyəcək. Üstəlik,  Mətbuat Şurasının bəyanatında deyildiyi kimi, ümidvarıq ki, V. Solovyova qarşı zəruri ictimai qınaq formalaşacaq, bu şəxsin əməllərinə layiqli hüquqi qiymət veriləcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”