27 mart 2024 16:47
483

"Mirvari suyu" 10 il əvvəllə müqayisədə daha da gəncləşib - OFTALMOLOQDAN AÇIQLAMA

Düzgün qidalanma, sağlam həyat tərzi  kataraktanın əmələ gəlmə tezliyini uzada bilər

Katarakta və ya mirvari suyu adı ilə tanıdığımız bu xəstəlik gözün təbii normalda şəffaf olan büllurunun hər hansı bir səbəbdən bulanması zamanı yaranır. Adətən yaşa bağlı olsa da, anadangəlmə müxtəlif xəstəliklər fonunda və travma nəticəsində də meydana çıxır. Əsas simptomları uzağa görmənin zaman keçdikcə zəifləməsi, tor görmə, işıqda görmənin kəskin pişləşməsi, bəzən yaxına görmənin müvəqqəti yaxşılaşması və s.

Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında oftalmoloq Vüsalə İsrailova bildirdi. 

Oftalmoloqun sözlərinə görə, bütün insanlar katarakta olmağa namizəddirlər. Saçlarımız ağardığı, dərimiz qırışdığı kimi göz bülluru da qocalır. Bunun qarşısını almaq qeyri-mümkündür, amma sağlam yaşayış şəraiti, düzgün qidalanma, sağlam həyat tərzi  kataraktanın əmələ gəlmə tezliyini uzada bilər.
İndiki zəmanədə mirvari suyu 10 il əvvəllə müqayisədə daha gəncləşib.

Kataraktanın müalicəsi yalnız cərrahi üsulladır

Mütəxəssis diqqətə çatdırdı ki, kataraktanın müalicəsi yalnız cərrahi üsulladır. Cərrahi üsul dedikdə yəni, xəstənin həyat tərzinə və işinə təsir edirsə və protokol üzrə əməliyyat olunacaq zamanı həkim tərəfindən təyin edilir. Elə insanlar var ki,  katarakta ilə 100 faiz görmə ilə uzun illər görmə dəyişmədən həyat fəaliyyətini davam etdirirlər. 

Həmsöhbətimiz bildirdi ki, müasir dövrdə katarakta əməliyyatı damcılarla keyitmə ilə  2.2 mm kəsikdən fakoemulsifikasiya metodu ilə 10-15 dəqiqə ərzində qansız, tikişsiz icra edilir. Bulanmış büllur ultrasəs dalğaları ilə parçalanır, yeyilir və daha sonra biz götürdüyümüz büllurun kisəsinə süni büllur  
yerləşdiririk. Görmə normalda səhəri gün bərpa edilir. Bəzən yene də kataraktanin ağırlığından asılı olarag 5-7 gün ərzində yavaş-yavaş açılır.
Əməliyyat sonrası mərhələ çox mühümdür. Xəstə verilmiş damcıları xüsusi sxemlə 1 ay ərzində damızdırır, gigiyena qaydalarına riayət edir.
Bir xəstə katarakta əməliyyatı olunubsa zaman keçdikdən sonra süni bülluru yerləşdirdiyimiz büllur kisəsinin özü də bulana bilər. Buna 2 cili katarakta deyilir. YAG lazer aparatı ilə 30 saniyə ərzində aradan qaldırılır.

Əgər xəstə katarakta əməliyyatı olmasa...

Oftalmoloq qeyd etdi ki, əgər xəstə katarakta əməliyyatı olmasa, bu zaman xəstə görməyəcək. Bəzən bu situasiyada xəstənin göz təzyiqi də qalxır və 2-cili qlaukoma - el arasında "qara su" adlanan xəstəlik də meydana çıxır. Belə hallarda əməliyyatların nəticəsi də uğursuz olur.
Hazırda dövlətimiz tərəfində yaradımış sığorta imkanlarını nəzərə alaraq insanlara müayinələrdən keçmələrini tövsiyyə edirəm. İstənilən göz xəstəliyinin vaxtında aşkar edilib, müalicə olunması bizləri korluqdan uzaq edir.

Yaqut Ağaşahqızı, "İki sahil"