28 mart 2024 02:58
442

Bəzi xalqların ən iyrənc yeməkləri

Biz insanlar yeni yeməklər sınamağa meyilli oluruq, lakin bəzən yeni dad axtarışımız iyrənc təamlarla nəticələnir. Bəziləri üçün aşağıda sadalanan yeməklər onların təsəvvür edə biləcəyi ən xoşagəlməz təam olsa da, bəziləri isə onları “ləzzət” hesab edirlər.

Siçan şərabı

Əgər benzinin dadının nə olduğu ilə maraqlanmısınızsa, Cənubi Çinə və ya Koreyaya səyahət etməli və körpə siçan şərabını dadmalısınız.

Sağlamlıq üçün tonik adlandırlan bu şərab siçanları düyü şərabında boğaraq, sonra fermentləşdirərək gəmiricinin dadını yox etməklə hazırlanır.

Qədim dövrlərdə kəndlilərin dərman pulu tükəndikdə dərdlərini müalicə etmək üçün bu ənənəvi şərabdan istifadə edirdilər. Qəribə qarışığın qaraciyər xəstəliklərinin, eləcə də astmanın müalicəsi də daxil olmaqla bir çox müalicəvi xüsusiyyətlərə malik olduğuna inanılır. Onu da qeyd edək ki, bu şərab sizi çox tez sərxoş edə bilər.

“Kasu marzu”

Hərfi mənada “çürük pendir” kimi tərcümə olunan “kasu marzu” dünyanın ən iyrənc pendiri kimi şöhrət qazanıb. Bu Sardiniya yeməyi sürfələr üçün təbii çoxalma yeri ola bilən pecorino pendirindən hazırlanır. Pendir adi fermentasiya mərhələsindən daha uzun müddət saxlanılır ki, bu da çürümə mərhələsinə gətirib çıxarır. Pendir milçəklərinin sürfələri pendirin tərkibindəki yağların parçalanması prosesini sürətləndirir, buna görə də pendir yumşaq tekstura əldə edir.

Bəzən sürfələr pendirin içinə doğru 15 santimetrə qədər "atlaya" bilər - bu səbəbdən bəzi insanlar yeməkdən əvvəl sürfələri təmizləməyə üstünlük verirlər.

“Kasu marzu” müasir təhlükəsizlik və gigiyena standartlarına cavab vermir və qanunsuz sayılır.

“Balut”

“Balut” diri-diri qaynadılan və qabığından birbaşa yeyilən qismən inkişaf etmiş ördək embrionudur. Bu Vyetnam və Filippin “ləzzəti” xüsusi hallar və dini bayramlar üçün hazırlanır, lakin küçə satıcılarında da tapıla bilər və ailələri ilə bölüşmək üçün ekzotik bir şey axtaran turistlər arasında çox məşhur bir yeməkdir.

“Balut” yemək üçün əvvəlcə yumurtanı qaynadıb qabığını soyub duza və ya sirkəyə batırıb yemək lazımdır. Bu zaman içəridəki balaca ördək üzünə məhəl qoyulmadan yeyilir.

Bu yemək yerli pivə içənlərin sevimlisidir və afrodizyak xüsusiyyətlərə malik olduğuna inanılır.

Tuna gözləri

Yapon supermarketinin dəniz məhsulları bölməsinə baxsanız təəccüblənəcəksiniz. Bunun səbəbi tuna göz bəbəkləridir. Bu, Yaponiyada müxtəlif üsullarla hazırlana bilən məşhur bir ləzzətdir: qızardılır, qaynadılır və ya soyutma bişirilir.

Bu yemək hər şeyin yemək sayıla biləcəyi yoxsulluq dövründə yaranmayıb. 90-cı illərin əvvəllərində yapon mediası Omeqa-3-ün faydalarını təbliğ edərkən icad edilmişdir. Tuna göz bəbəklərində yüksək konsentrasiyada Omeqa-3 var və bu, ona tələbatın kəskin artmasına səbəb olub.

Çox vaxt suda qaynadılır və soya sousu, şəkər, sake və ya düyü sirkəsi ilə servis edilir. Elastik qabığın altında yumşaq yağlı bir maddə var. Dadı kalamar və ya ahtapotu xatırladır, həmçinin bir az bərk qaynadılmış yumurtaya bənzəyir. Xoşbəxtlikdən tuna gözünün istehlakını artırmağa ehtiyac yoxdur, çünki bir çox başqa qidalarda, hətta kətan toxumlarında da çoxlu omeqa-3 tapa bilərik.

“Hakarl”

“Hákarl” Qrenlandiya köpəkbalığının qismən parçalanmış və sonra qurudulmuş ətindən ibarət İslandiya milli yeməyidir.

Bu yeməyi vikinqlər mümkün qədər çox yemək saxlamaq lazım olduğu bir vaxtda icad ediblər. Onların hazırladıqları konservasiya texnikası bu gün də istifadə olunur.

İşlənməmiş Qrenlandiya köpəkbalığı insanlar üçün çox zəhərlidir. Buna görə də yerli sakinlər onu aşsüzənə qoyaraq üzərinə daşlar qoyurlar ki, karbamid ilə doymuş şirəsi sərbəst axsın.

Pulpa 6-12 həftə fermentasiya üçün buraxılır, sonra çıxarılır və bir neçə ay qurudulmaq üçün asılır.

“Hakarl” ilə ilk dəfə qarşılaşmaq burun dəliklərinə “əsl zərbə”dir. Bunu sınamağa qərar verən cəsur turistlərə nəfəslərini tutmaları və Yer planetinin ən iyrənc yeməklərindən birinin çürük qoxusundan boğulmamağa çalışmaları tövsiyə olunur.

Yüzillik yumurta

Daha çox “əsrin yumurtaları”, “qara yumurtalar” və ya “min illik yumurtalar” kimi tanınan bu yemək kükürd iyi verən çürük yumurtalardır. Onlar duz, gil və küllə örtülür və 100 gün belə saxlanılırlar.

Sarısı yumşaq, yapışqan bir hala gəlir, yumurtanın ağı isə soya sousunu xatırladan şəffaf jelatinə çevrilir.  Deyirlər ki, o, bərk qaynadılmış yumurta kimi dada malikdir, ancaq dadı bir qədər daha tünddür.

Yüzillik yumurtalar Minq sülaləsinin dövründən bəri mövcuddur, lakin onların necə kəşf edildiyinin hekayəsi məlum deyil.

“Tonqzidan”

Xüsusilə Çinin Donqyanq vilayətinin yerli sakinləri tərəfindən sevilən bu son dərəcə məşhur Çin yeməyində yumurtalar bir əsas tərkib hissəsi ilə birləşdirilir: 10 və ya daha kiçik yaşlı bir oğlanın sidiyi.

Oğlanların sidiyini toplamaq üçün rayon məktəblərində xüsusi vedrələr quraşdırılır və belə yumurtaların hazırlanması prosesi bir gün çəkir.

Əvvəlcə çiy yumurtalar qızılı məhlulda isladılır və qaynadılır, bundan sonra sidiyin yumurtanın içərisinə keçməsi üçün qabıq yarılır. Qabıq çatladıqda yemək hazır sayılır.

Onu küçə satıcılarından almaq olar, lakin yerli sakinlər bu yeməyi evdə hazırlayırlar. Ənənəyə görə, yumurta bişirməyin bu qeyri-adi üsulunun qan dövranını yaxşılaşdırmaq, istilik vurması riskini azaltmaq və bədəni gücləndirmək kimi sağlamlıq faydaları vardır.

Arılı düyü krakeri

Bizlərdə peçenyelərə kişmiş və ya digər meyvə quruları qatılır. Yaponiyada isə bir az qəribə hazırlanır.

Belə olub ki, Yaponiyada eşşəkarılarını suda qaynadıb qurudaraq, sonra peçenye qarışığına əlavə etməklə hazırlanan düyü krakerini qəlyanaltı etmək olar.

Daha çox proteinə ehtiyacınız varsa, bu kraker sizə kömək edəcək, çünki adi peçenyedəki 20% ilə müqayisədə 81% protein ehtiva edir.

Nubar Süleymanova, “İki sahil”