28 mart 2024 23:58
296

Ölümsüzlüyə qovuşan qəhrəmanlar

Birinci Qarabağ müharibəsinin şəhidi Namiq Gülbaba oğlu Əliyev çətində sinəsini Vətənə sipər etməklə adını tarixə yazıb. Namiq Əliyev 1974-cu ildə Lerik rayon, Şivlə kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirib, ordu sıralarına yola düşüb. Birinci amalı əzəli, əbədi yurd yerimiz Qarabaği işğal edən erməni dığalardan qisas almaq olub. Ön cəbhədə xidmət edən Namiq düşmənlə neçə-neçə ölüm-dirim döyüşündən zəfərlə çıxıb. Xidmət etdiyi müddətdə həmişə keçirilən döyüş əməliyyatlarında fəal ıştirak edib, Vətənə, torpağa məhəbbət ona düşmənin başını əzmək üçün yen bir güc, qüvvə verib. Mərdliyi, igidliyi əsgər yoldaşlarına da nümunə olub. Namiq Əliyev 1992-ci ilin 10 sentyabr tarixində Ağdərə rayonunun Sırxavənd bölgəsi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

1974-cü ildə dünyaya göz açan dağlar diyarı Şivlə kəndinin daha bir ölümsüzlüyə qovuşan qəhrəmanı Birinci Qarabağ şəhidı Tərlan Kamal oğlu Rüstəmovdur. O, da 1992-ci ildə ordu sıralarına yola düşəndə erməni dığalardan Vətənin qisasını alacağına and içib. Tərlanın yağılarla savaşı Qarabağın qaynar bölgələrdən başlanıb. İştirak etdiyi gərgin döyüşlərdə rəşadət nümunəsi göstərərək düşmənə itkilər verib. İgid əsgər son dəfə 1992-ci ilin 10 sentyabrında Ağdərə rayonunun Sırxavənd bölgəsində canından artıq sevdiyi Vətənin yaşaması naminə savaşa girib. Çoxlu sayda erməni yaraqlısını məhv edib. Qaldı ki, bu döyüşdən sonra onda heç bir soraq olmayıb.

Şüurlu sürətdə Vətən, millət yolunda canlarını fəda edən oğul və qızlarımızı ən xoş günlərdə yada salmaq, xatirəsini əziz tutmaq ən müqəddəs borcudur. Bu günlər Şivlə kəndinin hər iki şəhid oğlunun doğum günü münasibətilə xatirələri anılıb. YAP Lerik Rayon Təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyətinin müavini Habil Məlikov, Lerik Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndəsi Kamran Əliyev, kənd sakinləri , şəhidlərin ailə üzvləri qəhrəman oğulların məzarlarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Həmçinin ziyarətçilər Şivlə kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksinə baş çəkib və şəhid Tərlan Rüstəmov ev muzeyində olublar.

Bəli, şəhidlər heç zaman ölmürlər, millətin qəlbində yaşamaqla onlar hər bir hörmətə layiqdirlər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü