16 aprel 2024 11:51
148

ABŞ Ukraynaya büdcə yardımı üçün 23 milyard dollar ayırıb

Amerika Birləşmiş Ştatları (ABŞ) 2022-ci ilin fevral ayının sonundan bəri Ukraynaya büdcə yardımı üçün ümumilikdə 23 milyard dollar ayırıb.

“İki sahil”in "Kommersant"a istinadla verdiyi xəbərə görə, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko deyib.

Nazir ayrılan vəsaitin Ukraynanın maliyyə sisteminin sabitliyini qorumağa imkan verdiyini vurğulayaraq ABŞ-ın töhfəsini yüksək qiymətləndirib. O, Vaşinqtonun Ukraynaya yardımını davam etdirəcəyinə ümid etdiyini də bildirib.

"Biz gözləyirik ki, Birləşmiş Ştatlar Konqresinin Ukraynaya 2024-cü il üçün yardım paketini təsdiq etmək üçün ən qısa zamanda müvafiq qərar qəbul edəcək", - Marçenko Vaşinqtonda ABŞ maliyyə nazirinin müavini Cey Şambo ilə görüşündə bildirib.

Sergey Marçenko qeyd edib ki, bu il Ukraynanın 37,2 milyard dollar xarici maliyyələşdirməyə ehtiyacı var. Artıq məbləğin 10,2 milyard dolları  alınıb.

2024-cü ildə gözlənilən 43,9 milyard dollarlıq büdcə kəsirini ödəmək üçün Ukrayna Qərb tərəfdaşlarının köməyinə böyük ümid bəsləyir.

Ukraynanın maliyyə naziri qeyd edib ki, bu dəstək olmadan ölkə iqtisadi böhranla üzləşmə təhlükəsi var.