19 aprel 2024 12:22
280

ABŞ-ın reaksiyası göstərir ki, hələ də regionda davamlı sülhüm təmin olunmasında maraqlı deyil - EKSPERT/ÖZƏL

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etibarsız müttəfiq olduğunun göstəricisidir. V.Patel ABŞ-ın 2020-ci ildə Qarabağda döyüşlərin başa çatması və Rusiya qoşunlarının bölgəyə gətirildiyi üçtərəfli sazişin tərəfi olmadığını qeyd edib: “Biz Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə qoyduğunu göstərən heç bir şey görmədik və ötən payızda Qarabağda baş verən hadisələr bunun göstəricisidir. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir nümunəsidir.

Məsələyə münasibət bildirən “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri  Ramil İskəndərli qeyd etdi ki, Rusiya sülhməramlılarının Qarabağa daxil olması 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannaməyə əsaslanırdı. Sülhməramlılar gələndən sonra da bu, müəyyən mənada müsbət elemnt kimi rol oynadı. Hesab edirəm ki, Rusiya sülhməramlı qüvvələrinin vaxtından əvvəl Azərbyacandan çıxması və ABŞ üçün bu hadisənin "sürpriz" olması, yalnız və yalnız Azərbaycanın yürütdüyü müstəqil siyasətlə bağlıdır. Məhz buna görə Qərb digər münaqişə ocaqlarından Rusiya qüvvələrinin çıxarılmasını tələb etdiyi halda Azərbaycanın misalında əks mövqe tutur.

Həmsöhbətimiz diqqətə çatdırdı  ki, ABŞ dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadan hərbi kontingentini çıxarmağı tələb edib. 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlamışdı və s. Bəlkə də, Qərb analitik mərkəzləri sülhməramlıların çıxarılması prosesinin Azərbaycan üçün daha ağrılı və münaqişəlli tərzdə baş verəcəyinə ümid edirdilər. Lakin bu ümidləri puç oldu. Çünki məhz region ölkələri olmayan bəzi Qərb ölkələri ümumiyyətlə regionda normallaşma prosesinə heç bir ölçüləbilən töhfə verməyiblər.

QHT sədrinin sözlərinə görə, idealda ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlamalı və Azərbaycanı təbrik etməli idi. Lakin reaksiyanın bunun əksini göstərməsi, hələ də bəzi ölkələrin regionda davamlı sülhüm təmin olunmasında maraqlı olmadığına işarə edir.

Yaqut Ağaşahqızı “İki sahil”