20 aprel 2024 11:48
182

FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayon Bənövşələr kənd tam orta məktəbində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi mülki müdafiə məşqi keçirilib.

Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, məşqin keçirilməsində məqsəd mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub.

Məşqin nəzəri hissəsi çərçivəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fovqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.

Tədbirin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, “zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub.

Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.