21 aprel 2024 10:15
310

Qərbi utandıran proses... - ŞƏRH

Azərbaycanla Ermənistan arasında işğal altında olan Qazaxın 4 kəndinin qaytarılmasına dair əldə olunan razılılaşama bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanıb. Məsələn, Türkiyənin  Xarici İşlər Nazirliyin bəyatında deyilir ki, Azərbaycan-Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının aprelin 19-da keçirilən görüşündə 30 il işğal altında olan dörd kəndin Azərbaycana verilməsi və delimitasiya fəaliyyətlərinin davamı ilə bağlı əldə edilən razılaşmanı məmnuniyyətlə qarşılayır. Nazirlik birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişafın yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addım olduğunu vurğulayıb.

BMT-nin baş katibi Antonio Quterreş isə tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşması üçün bütün həll olunmamış ikitərəfli məsələləri həll etməyə çağırıb. ABŞ-ın Dövlət katibi Entoni Blinken "X" sosial şəbəkə hesabında bildirib ki, bu, dayanıqlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır. İsveçin xarici işlər naziri Tobias Billström əldə olunmuş razılaşmanı həm Ermənistan və Azərbaycan, həm də bütün Cənubi Qafqaz regionu üçün çox yaxşı xəbər kimi xarakterizə edib. Bu açıqlamalardan açıq-aydın görünür ki, heç bir vasitəçi olmadan mürəkkəb məsələləri çözmək mümkündür.

Yeri gəlmişkən qeyd edək ki, bu məsələ həm də bir güllə atılmadan həllini tapdı. Yeri gəlmişkən, qeyd edək ki, dövlətimizin başçısı hələ 2020-ci ildə Vətən müharibəsində əldə olunan Zəfərdən sonra üç rayonun bir güllə atılmadan Azərbaycana qaytarılmasını təmin etmişdi. Bu isə o deməkdir ki, Azərbaycanla Ermənistan öz aralarında dil tapmağı bacarırlar. Üstəlik, Qazax rayonunun 4 qeyri-anklav kəndinin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı - geri qaytarılması bir daha göstərdi ki,  Azərbaycan və Ermənistan öz arasında kimsənin müdaxiləsi və vasitəçiliyi olmadan bir çox məsələləri həll edə, sülhə doğru bərabər addımlar ata bilər. Yəni, Qərbin, xüsusilə Fransa kimi təxribatçı dövlətlərin müdaxiləsi olmayanda işlər daha rəvan gedir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi üzrə əldə olunmuş razılaşmanı şərh edərkən dediyi sözlər də bir daha təsdiq edir: “Ermənistan və Azərbaycan məsələni ilk dəfə danışıqlar masası arxasında həll etdi”. 

Bununla bir daha sübut olundu ki, Qərb dövlətləri bu kimi proseslərdən nə qədər uzaqda dayansalar Cənubi Qafqazda sülh və əmina-amanlıq o qədər tez təmin oluna bilər. Təbii ki, bütün bu hadisələr cənab Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsidir. Bununla da dövlətimizin başçısı  dedi¬yi sözün ağası olduğunu bir daha sübuta yetirdi. Şübhəsiz, bu, 44 günlük müharibədə qazanılan qələbədən, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpasından, rusiyalı sülhməramlıların bölgədən çıxarılmasından sonra dörd qeyri-anklav kəndin qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa növbəti böyük hədiyyəsidir.

Yəqin ki, Azərbaycanın guya Ermənistana hücum planlaşdırdığını iddia edən Qərb bütün bunlardan bir nəticə çıxaracaq və məkrli niyyətlərindən əl çəkəcək. Bununla da Cənubi Qafqaza öz töhfəsini vermiş olacaq. Əks halda, elə bu regionda fiaskoya uğrayacaq.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. 

Qvami Məhəbbətoğlu, “İki sahil”