21 aprel 2024 12:10
173

4 qeyri-anklav kəndin dinc yolla qaytarılması Azərbaycan Prezidentinin konseptual və prinsipial Qələbəsidir - AÇIQLAMA

Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələlərinə dair komissiyalarının 8-ci iclasında Qazaxın hələ də nəzarətində olan 4 qeyri-anklav kəndinin dinc yolla Azərbaycana geri qaytarılmasının da ehtiva olunduğu 6 istiqamətdə mühüm razılaşma ilk növbədə Azərbaycan Prezidentinin hərbi-siyasi yolla yaratdığı reallıqların inikasıdır və cənab İlham Əliyevin konseptual və prinsipial Qələbəsi hesab olunmalıdır. Bilirsiniz ki, Azərbaycanın bu kəndlərlə bağlı mövqeyi kifayət qədər aydın idi. Prezident İlham Əliyev bu il yanvar ayının 10-da yerli televiziyalara müsahibəsində bildirmişdi ki, həmin kəndlər qeyd-şərtsiz qaytarılmalıdır. Proseslərin bugünkü səviyyədə axarı bir daha göstərir ki, Azərbaycan Vətən müharibəsindən sonra Ağdam, Laçın və Kəlbəcəri döyüşsüz, bir güllə atmadan azad etməklə formalaşdırdığı uğurlu nəticələri bir daha təkrarlayır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söylədi.

Vasitəçisiz formada dialoqla daha ciddi nəticələr əldə edilir

Deputat qeyd etdi ki, bundan başqa, bu prosesin uğurlu istiqamətlərindən biri də Azərbaycan və Ermənistan arasında ciddi nəticələrə vasitəçisiz nail olmaqdır. Bilirsiniz ki, bu bölgədə 30 il ərzində vasitəçilər fəaliyyət göstərib, ortada ciddi, səmərəli bir nəticə olmayıb. Əksinə, münaqişənin uzanması, daha dayanıqlı hal alması istiqamətində biz cəhdlərin şahidi olmuşduq. Lakin istər 7 dekabr Bəyanatında, istərsə də 19 apreldə əldə olunmuş razılaşmalar göstərir ki, Azərbaycan və Ermənistan vasitəçisiz formada dialoqla daha ciddi nəticələr əldə edə bilər. Bu gediş bizdə sülhə inamı artırır. Bundan başqa, ümumiyyətlə bilirsiniz ki, delimitasiya və demarkasiya uzun 10 illiklər çəkən prosesdir. Xüsusən Azərbaycan və Ermənistan münaqişədən çıxmış bir dövlət olaraq uzun illər xalqlar arasında etimadsızlığın hökm sürdüyü toplumlar olaraq bu prosesin daha ağrılı, daha mürəkkəb keçəcəyini düşünürük. Amma cəmi 8 görüşlə bu kimi mühüm nəticələrin əldə olunması bizi nikbin düşünməyə imkan verir. Biz hesab edirik ki, artıq bölgədə sülh, dayanıqlı sabitlik üçün mühüm unikal imkan yaranıb. Əlbəttə, açıq demək lazımdır ki, bu prosesdə məğlub olan tərəf yoxdur. Bəli, əgər Ermənistandan kimsə hələ də həmin kəndləri öz ərazisi hesab edirsə, bu addım cənab İlham Əliyevin tutarlı cavabı, onların sözün əsl mənasında məğlubiyyəti oldu. Amma kimsə daha ağıllı formada, beynəlxalq hüquqa ehtiramla, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşaraq düşünürsə, bu, eyni zamanda həmin kəsimlərin də Qələbəsi hesab olunmalıdır. Azərbaycanın heç kimə münasibətdə ərazi iddiası yoxdur. Amma eyni zamanda Azərbaycanın öz ərazilərini də kiməsə qurban vermək niyyəti yoxdur. Azərbaycanın Ermənistana İrəvanı güzəştə getməsi və yaxud Azərbaycanın Birinci Qarabağ müharibəsində o zamanki hakimiyyətlərin səbatsızlığı nəticəsində torpaqların verilməsi kimi tarixi dövrlər yaşadığı o periodlar keçmişdə qalıb.

Proseslər Azərbaycanın müəyyən etdiyi gündəlik üzrə inkişaf edir

Bəhruz Məhərrəmov qeyd etdi ki, bu gün Azərbaycan regionun diktə edən gücüdür. Bu diktə bölgəni bütövlükdə sülhə və sabitliyə aparır. İndi əlbəttə ki, gələcəkdə, qarşıda çox ciddi planlar var. Bu proseslər Azərbaycanın müəyyən etdiyi gündəlik üzrə inkişaf edir. Məsələn, “Alma-Ata Bəyannaməsi”nə istinad edilməsi, proseslərin vasitəçisiz davam etməsi, bunlar hamısı cənab İlham Əliyevin yaratdığı gündəlikdir. Həmçinin sülh prosesi ilə delimitasiya, demarkasiya prosesinin ayrılması, bunlar hamısı çox mühüm və vacib məqamlardır. Eyni zamanda prosesin daha effektiv şəkildə davam etməsi üçün ciddi addımlardır. İndi əlbəttə qarşıda ciddi planlar var. 

Qarşıda həmin anklavlara yolların açılması, oraya əhalinin köçürülməsi, həmin yollarla bağlı şəraitin, təhlükəsizliyin və s. təmin olunması kimi məsələlər var

Cənab İlham Əliyevin də yanvar ayının 10-da müsahibəsində ifadə etdiyi kimi, qeyri-anklav kəndləri ilə bağlı proses artıq yekunlaşdı. Artıq anklav kəndləri istiqamətində proseslər başlanacaq. Bununla bağlı dövlət başçısının da mövqeyi kifayət qədər aydındır. Həmin anklavlara yolların açılması, oraya əhalinin köçürülməsi, həmin yollarla bağlı şəraitin, təhlükəsizliyin və s. təmin olunması kimi qarşıda məsələlər var. Amma əsas ondan ibarətdir ki, proseslər qeyd etdiyimiz kimi, Azərbaycanın müəyyən etdiyi gündəlik üzrə davam edir. Bölgədə heç bir dövlətin, heç bir gücün maraqlarını təmin etmir. İndiki məqamda Ermənistandan tələb olunan sülhə və sabitliyə, sərhədlərin effektiv formada delimitasiya və demarkasiya prosesinə imkan yaradan bu şəraiti boşa verməməkdir. Kənar qüvvələrin, xüsusən imperialist niyyətləri həyata keçirmək istəyən Fransa, ABŞ kimi qüvvələrin bu prosesə müdaxiləsinə imkan verməməkdir. Ermənistan əgər iradə nümayiş etdirərsə, biz bu sürətlə yaxın zamanlarda bütövlükdə sülhün reallaşmasına şahid ola bilərik.    

Cavid Əkbər, “İki sahil”