22 aprel 2024 16:39
361

Analar işləyəndə uşaqlar psixoloji ZƏRBƏ ALIRMI?

Həm iş karyerasını uğurla həyata keçirmək, həm də ana olaraq övladının inkişafı, təlim-tərbiyəsi ilə məşğul olmaq o qədər də asan deyil. Əgər ana çalışırsa və vaxtının müəyyən bir hissəsini işdə, qalan qismini isə ailədə keçirirsə bu zaman uşaqlarda hansı davranışları müşahidə etmək olar?  Sizin iş həyatınızın övladınızın davranış və rəftarına, sizinlə münasibətlərinə mənfi təsir etməməsi üçün diqqət etməlisiniz?

“Uşağım xəstələnər bağçada qoymayım” düşüncəsi yanlışdır

Psixoloq İlhamə Musaqızı  mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ananın işləməsi uşağa yalnız o zaman mənfi təsir etməz ki, ana qeyri-iş saatında, istirahət günlərində övladı ilə vaxtını səmərəli keçirsin.Əgər uşaq evdə nənə ilə və ya uşaq baxıcısı ilə birgə olursa, onların da bu zamanı necə dəyərləndirmələri önəmlidir. Bir uşaq vaxtının çox hissəsini ekran qabağında keçirirsə, ünsiyyətsiz olursa, tək qalırsa, onunla danışan biri yoxdursa, yeməyini yedizdirib və yatızdırmaqla gündəlik rutini tamamlanırsa, təbii ki bu halda ləngimələr qaçınılmazdır. Buna görə də, ana işə başlamadan öncə, mütləq şəkildə bunları nəzərə alıb ona görə qərar verməlidir. Uşaq körpəlikdən hər şeyi təqlid etməyə başlayır. Təqlid görmədiyi zaman bunu öyrənə bilməz. Buna görə də sıfır ekran, əvəzində isə uşaqlarla bol ünsiyyət mütləqdir. Hər bir hərəkəti sözə çevirsək əgər, uşaq çox anlayışlar öyrənə bilər. Və ən əsası “uşağım xəstələnər bağçada qoymayım” kimi düşüncələr valideynlərin ən böyük səhvidir.

Seriallara, sosial şəbəkələrə görə uşağa baxmağa vaxt tapa bilmirlər

Psixoloqun sözlərinə görə, qadının tək yaşaması kimi, cismən yanında amma əslində var olmayan həyat yoldaşı da stress yaşada bilər və bu da təbii ki övlada keçir, çünki bir ana xoşbəxt deyilsə, övladı və ətrafında olan heç kimə də müsbət təsir göstərə bilməz. Ona görə hər zaman vurğulayıram, biri - birimizdə gələcək görmürsünüzsə, valideyn olmağa tələsməyin. Bir neçə uşaqda dünyaya gətirmək önəmli deyil. Əgər bu uşaqlara bir gələcək, doğru addımlamağa aşılaya bilmiriksə...

Həmsöhbətimiz vurğuladı ki, təbii ki, uşaq 3 yaşadək ana yanında böyüməli və inkişaf etməlidir. Lakin istisnalar var: məsələn, bəzən iş məcburiyyət olur, maddə vəziyyət və ya gördüyün işin məcburiyyəti ilə bağlı. Və ya anadan daha çox uşağa baxıcının daha çox vaxt ayırmasıdır. Çünki razı olarsız ki, bəzi analar, tam olaraq o duyğunu hiss etmədən uşağı dünyaya gətirirlər və uşağa baxmağa seriallar və ya sosial şəbəkədən vaxt tapa bilmirlər.

Mütəxəssis qeyd etdi ki, uşaqlar həmyaşıdları ilə bir ortamda olduğu halda sosiallaşır. Qeyd etdiyim kimi, uşağa baxan şəxslər kimliyindən asılı olmayaraq diqqətli olmalıdırlar ki, sonradan mütəxəssislərə müraciət etməsinlər.

Yaqut Ağaşahqızı, “İki sahil”