23 aprel 2024 00:35
261

Fransada islamofobiya dövlət siyasətinə çevrilib

Dünyaya “demokratiya dərsi” keçməyə cəhd göstərən Fransa yeri gəldi-gəlmədi insan haqlarından, qanunun aliliyindən dəm vurur. Amma insan haqlarının pozulması, xüsusilə islamofobiya faktları ilə bağlı hər daşın altından demək olar ki, rəsmi Paris çıxır. Hazırda bu ölkədə islamofobiya sürətlə yayıldığı hər kəsə bəllidir. Hətta əhalisinin təqribən 10 faizi müsəlmanlardan ibarət olan Fransada artıq İslam əleyhdarlığı irqçilik səviyyəsinə yüksəlib. Son vaxtlar Fransada  çox sayda müsəlman məktəblərinin, həmçinin ibadət yerlərinin bağlanılması, məscidləri yandırmaq cəhdlərinin geniş yayılması,  İslama aid kitabların kitabxanalardan yığışdırılması, məşğulluq və əməkhaqqı məsələsində ayrı-seçkilik və ədalətsizliyə yol verilməsi, hicablı qadınların iş yerlərindən qovulmaları elə bu kimi addımların təzahürüdür. Üstəlik bu ölkədə İslamı zorakı din, cihad mənbəyi, idarəolunmaz məfhum kimi qəbul edirlər. Yeri gəlmişkən qeyd edək ki, Fransada 2500 məscid var ki, onların mütləq əksəriyyəti bir otaqdan ibarətdir. Fransa nümunəsində müsəlman icmalarının İslam adətlərinə uyğun məscidlər tikməyə maddi imkanları yoxdur. Fransa dövləti isə digər ölkələrdəki müsəlmanlardan maddi dəstək alınmasını qəbul etmir. Bunu “Fransanın islamlaşdırılması” adlandırır. Bütün bunlar  isə o deməkdir ki,  Prezident Emmanuel Makron islamofobiyanı öz siyasətlərinin bir parçasına çevirib.

Fransa cəmiyyətində müşahidə edilən islamofobiya hər hansı qorxudan irəli gəlmir, müsəlmanlara qarşı nifrətin və irqçiliyin siyasi elita tərəfindən manipulyasiya edilməsindən qaynaqlanır. Bu mənada demək olar ki, sözügedən dövlətdə  islamofobiya cəmiyyətdən dövlətə deyil, dövlətdən cəmiyyətə yayılır. Statistik məlumatlar da son bir ildə dünyada baş vermiş anti-İslam təzahürlərinin əksəriyyətinin birbaşa Fransadan qaynaqlandığını göstərir. Bu məqamda Prezident İlham Əliyevin bu ilin martında Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq kofransa ünvanladığı məktubundakı sözləri xatırlatmaq yerinə düşərdi: “Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir. “Dünyəvilik” adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul edir”.

Fransa cəmiyyətində və mediasında yayılan, qərəzli, saxtalaşdırılmış məlumatlar da islamofobiyaya “töhfə”lər verir. Hətta Fransa KİV-ində mütəmadi şəkildə müsəlmanların iştirakı olmadan İslam dini ətrafında debatlar aparılır, burada nifrəti artıran irqçi ifadələrə tez-tez yol verilir.  Fransa Müsəlman Etiqadı Şurasının bu günlərdə yaydığı məlumatda bildirilir ki, mediada irqçi antimüsəlman, anti-İslam çıxışlara azadlıq verilib və belə hərəkətlər geniş təşviq edilir. Bununla da ölkədə İslama qarşı mübarizənin daha da kəskinləşdiyi vurğulanır. Eyni zamanda qeyd edilir ki, hətta müsəlmanlara qarşı həyata keçirilən nifrət zəminindəki zorakalıqlar rəsmi reallıqdan xeyli yüksəkdir. Elə bu səbəbdən Şura beynəlxalq təşkilatları narahatlıq doğuran və ürək bulandıran  bu mühitlə mübarizə aparmağa səsləyir. Məlumatda, həmçinin bütün bu haqsız hücumlar və çətinliklər qarşısında öz sakitliyini və ləyaqətini qorumağı bacaran Fransa müsəlmanlarının nümunəvi münasibəti alqışlanır.

Bütün bunlardan da müsəlmanlara qənim kəsilənlər, xüsusilə erməni diasporu məharətlə istifadə edirlər. Həm də bu məqsədlə milyardlarla dollar vəsati ayırırlar. Halbuki, min dörd yüz illik zaman kəsiyi İslam dininin münaqişələrə, müharibələrə, qadınlara, uşaqlara və ümumiyyətlə, hər cür şiddətə qarşı olduğunu  sübut edib.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan 30 il ərzində işğaldan əziyyət çəkib, mədəni, tarixi abidələri  məhv edilib. Elə bu səbəbdən də daim erməni havadarlarının islamofobiya siyasətindən əziyyət çəkən Azərbaycan bu antibəşəri hərkətlərə qarşı mübarizənin önündə gedir. Olkəmizdə  bununla bağlı bir sıra tədbirlərin keçirilməsi də bunu bir daha təsdiq edir. Hətta multikulturalizm baxımından dünyada nümunəyə çevrilən Azərbaycanın islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfranslara ev sahibliyi etməsi artıq ənənə halını alıb. Şübhəsiz, Azərbaycanın bu məsələyə ciddi yanaşması problemin qlobal səviyyəyə qaldırılmasında qərarlı olma­sının, həm də həmişə gündəmdə saxlamasının göstəricisidir. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan islamofobiyaya qarşı mübarizədə böyük işlər görür. Amma nədənsə Avropa, ABŞ isla­mofobiya probleminin ciddi qəbul edil­məsinə meyilli deyillər. Görünür, bu onların maraqları daxilindən kənarda olan məsələdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”