25 aprel 2024 00:45
326

Azərbaycan növbəti dəfə sübut etdi ki...

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən ilin sentyabrında cəmi 23 saat davam etmiş lokal antiterror tədbiri nəticəsində isə bütün ölkə üzrə suverenliyimiz bərqərar oldu. 2024-cü il aprelin 18-də iki ölkənin ali rəhbərliyi tərəfindən qəbul edilən qərara əsasən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasına başlanıldı. Halbuki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, onların Qarabağdakı fəaliyyət müddəti 2025-ci ildə bitirdi. Bu razılaşma ilə bir daha sübut olundu  ki, Azərbaycan-Rusiya münasibətlərində  nəinki hər hansı anlaşılmazlıq yoxdur, əksinə, iki ölkə arasında qarşılıqlı anlayış və əməkdaşlığa əsaslanan sağlam əlaqələr mövcuddur. Yeri gəlmişkən qeyd edək ki, Fransanın  “Le Monde” qəzetinin 24 aprel sayında dərc olunmuş yazıda bildirilib ki, 2000 nəfərlik Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması Azərbaycanın Qafqazda təsir imkanlarını artırır. Üstəlik, Prezident İlham Əliyevin regionda getdikcə daha vacib aktora çevrilməsi də vurğulanır.

Bu tarixi hadisədən bir gün sonra isə, daha doğrusu, 2024-cü il aprelin 19-da heç bir vasitəçi olmadan, bir güllə belə atılmadan Qazaxın Ermənistan tərəfindən işğal olunmuş  4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edildi. “Le Monde”nin yazdığı kimi, Ermənistan sərhədlərin delimitasiyasına dair danışıqlarda özünü yaxşı apardı: “Bunun müqabilində Ermənistan təhlükəsizlik və delimitasiya ilə bağlı risklərin azaldılmasına nail olacaq”.  Hətta Laçın-Xankəndi yolunun Ermənistana qovuşduğu yerdə Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümü günündə, daha doğrusu, aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırıldı. Özü də bu uğurlar bölgədə gərginlik yaratmaq istəyən və bu gün də davam edən Qərbin aktivliyi şəraitində baş tutdu. Azərbaycan növbəti dəfə sübut etdi ki, qlobal güclərin iştirakı olmadan da danışıqlar aparmaq, real nə­ticələr əldə etmək mümkündür. Bir sözlə, artıq problemlər danışıqlar yolu ilə həll olunur. Bununla da davamlı sülhə yol açılır. Beynəlxalq aləm də bu addımları alqışlayır. Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycan bu gün tarixinin ən güclü dövrünü yaşayır və yeni zəfərlər uzaqda görünmür. Bu mənada Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqlar prosesində də tez bir vaxtda müsbət nəticələr əldə olunacağını əminliklə söyləmək olar.

Şübhəsiz, hərbi münaqişələrin, siyasi toqquşmaların, bölücülük meyillərinin bütün dünyanı cənginə aldığı bir dönəmdə belə möhtəşəm uğurların əldə edilməsi Prezident İlham Əliyevin dünya miqyasında günbəgün artan siyasi nüfuzunun nəticəsidir. Hətta 44 günlük Vətən müharibəsindən başlayaraq bu il aprelin 23-nə kimi qət edilən yolu hansısa bir dövrün uğurları ilə müqayisə etmək mümkün deyil.

Bütün bunlar  bir daha onu təsdiq edir ki, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində ortaq məxrəcə gəlib sülh müqaviləsi imzalamaq iqtidarındadırlar. Cünki  bu gün iki ölkə  sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxındır. Prezident İlham Əliyevin aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirdiyi kimi,  o zaman sülh sazişinin layihəsi belə yox idi: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır”. Hətta dövlətimizin başçısı vurğulamışdır ki, bu ilin payızında ölkəmizdə keçiriləcək COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Artıq dünyada dırnaqarası “Dağlıq Qarabağ” amili və yaxud “Dağlıq Qarabağ” münüqişəsi də yoxdur. Ermənistan onun  sazişində olmamasına razılaşıb. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil. Dövlətimizin başçısı əlavə etmişdir: “Əgər onlar o qədər də vacib olmayan bəzi terminlərdən yapışsalar, onda biz aydın şəkildə görəcəyik ki, bu vaxtdan istifadə edərək daha çox silahlanmaq və bizə yenidən hücum etmək istəyirlər. Lakin biz onlara belə bir şansı verməyəcəyik”.

Prezident İlham Əliyev bildirmişdir ki,  baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar: “Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə ”ürəkdən çalışmalıdır”. Yetər ki, Ermənistan Qərbin, xüsusilə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən, Cənubi Qafqazda möhkəmlənmək istəyən Fransanın çaldığı ilə oynamasın. Çünki üçüncü dövlətlərin və ya təşkilatların qərəzli vasitəçi qismində müdaxiləsi vəziyyəti gərginləşdirməkdən başqa bir şey deyil. Elə onların ölkəmizə qarşı əsassız hücumları da bununla əlaqədardır. Elə bu kimi səbəblərdən də Bakı və Paris arasında münasibətlər getdikcə daha da pisləşir. Amma hazırda  Ermənistan rəsmilə­rinin son aylardakı açıqlamaları sübut edir ki, artıq rəsmi İrəvan da sülh sazişini imzalamaqdan başqa yolunun olmadığını anlayır.

Qvami Məhəbbətoğlu, “İki sahil”