26 aprel 2024 13:31
256

Valideynlərdə belə bir düşüncə var ki, övladı repetitor yanına getməsə ali məktəbə qəbul ola bilməz - Ceyhun Məmmədov

Bu gün Azərbaycan cəmiyyətində repetitorluq çox yüksək yayılıb. Valideynlərdə belə bir düşüncə yaranıb ki, övladı repetitor yanına getmədən  ali məktəbə qəbul ola bilməz. Bu gün yüksək bal qazanan abituriyentlərin də böyük əksəriyyəti daha çox repetitor yanına gedənlərdir. Bu baxımdan, hazırda bizim qarşımızda çox böyük vəzifə var.

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov “İki sahil”ə açıqlamasında bildirdi.

Ceyhun Məmmədov qeyd etdi ki, biz çalışmalıyıq bu formada davam etməsin. Yəni, bu gün təhsil məktəbdə deyil, daha çox başqa istiqamətlərdə özünü göstərdiyinə şahidik. Zənnimcə, bu istiqamətdə əlavə addımların atılmasına böyük ehtiyac var. Yəni, biz məktəbdə təhsilin səviyyəsini gücləndirməliyik valideynlər arasında geniş təbliğat aparmalıyıq.

"Eyni zamanda, zəruri olarsa, gələcəkdə müəyyən inzibati tədbirlərin həyata keçirilməsi də nəzərdə tutula bilər. Çünki bunu biz etmədən hələ uzun illər təhsilimiz bu çətinliyi yaşayacaq. Bu problemdən xilas olmaq istəyiriksə, dediyimiz  məsələni mütləq nəzərə almalıyıq və həyata keçirməliyik", -deyə deputat əlavə etdi.

Yaqut Ağaşahqızı,"İki sahil"