26 aprel 2024 23:58
283

Xalqımız qəhrəman oğlunu ehtiramla xatırlayır

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda yağıya qarşı son damla qanına qədər döyüşən, şəhid olub ölümsüzlüyə qovuşan qəhrəmanlardan biri də Elnur Qədir oğlu Əbdülovdur. Astara rayonunun Şümrüd kəndində dünyaya göz açan bu, Vətən sevdalısı əyninə cəngavər libası geyinib odlu-alovlu səngərdə öz yerini alanda ömrünün on səkkizinci ilini yaşayırdı. Qaldı ki, iştirak etdiyi gərgin döyüşlərdə rəşadət nümunəsi göstərərək düşmənə ciddi itkilər verib. Cəsur əsgər Murovdağ istiqamətində gedən ağır müharibə meydanında qəfil atılan gülləyə tuş gələrək Vətənlə döyünən ürəyi əbədi olaraq dayanıb. Şərəfli ölümü ilə qəlblərdə ucalıq heykəlinə dönən, Vətənini canından artıq sevən Elnur Əbdülov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən üçüncü dərəcəli “Rəşadət” ordeninə “ Vətən uğrunda” və “Cəsur döyüşçü “ medallarına layiq görülüb.

Elnur Əbdülov cismən aramızdan getsə də, adı bütöv bir xalqın qəhrəmanlıq simvoluna dönərək dillərdən düşmür. Astara camaatı hər an, hər yerdə öz qəhrəman oğlunu ehtiramla xatırlayır. Bu günlər şəhid Elnurun 22 yaşının tamında rayon sakinləri uyuduğu torpağı ziyarət etdilər, məzarı üstünə gül dəstələrini qoydular.

Söhbət zamanı bildirildi ki, Elnur 4 bacısının yeganə qardaşı, ailənin əziz xələfi imiş. Sözə baxan, ağıllı övlad kimi valideynlərinə etiqad edib. Xoş rəftarı ona el-obada hörmət qazandırıb. Hələ uşaq ikən özünə taxtadan müxtəlif cür silahlar düzəldərmiş. Çünki böyüyüb hərbçi olmaq arzusu ilə yaşayırdı. Vətən üçün canını qurban verməyə həmişə hazır olub. Elnur Vətənin müdafiəsi uğrunda canından, qanından keçərək tarix yazıb. Odur ki, qərinələr ötsə belə o, heç vaxt unudulmaz, daim yeri qəlblər olacaq.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü