28 aprel 2024 14:28
328

Ən yaxşı sərmayə təhsilə, gənc nəslə yatırdığımız sərmayədir

Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirildi. 30 ölkədən 64 nümayəndəni bir araya gətirən bu forum Azərbaycan həqiqətlərinin təbliğində əhəmiyyətli rol oynadı. Nəzərə alsaq ki, bu ilin noyabrında ölkəmiz mötəbər tədbirə- COP29-a ev sahibliyi edəcək, bu halda hazırkı vaxtda bu mövzularda keçirilən tədbirlərin əhəmiyyəti özünü aydın şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyev çıxışında belə görüşün ötən ilin dekabr ayında keçirildiyini önə çəkərək bu müddətdə Azərbaycanda və ətraafda mühüm hadisələrin baş verdiyini bildirdi. Bunlardan biri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması və sərhədlərin delimitasiyasıdır, digəri isə Azərbaycanın COP29-a ev sahibliyidir. Ölkə Prezidenti vurğuladı ki, tədbirə hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.

Dövlətimizin başçısı İlham Əliyevin forumdakı çıxışında, tədbir iştirakçılarının suallarına cavabında səsləndirdiyi hər bir fikir bugünümüz və gələcəyimiz üçün  əsas çağırış olmaqla yanaşı, Azərbaycanın qarşıya qoyduğu hədəflərin təqdimatında öz sözünü deyir. Cənab İlham Əliyev Azərbaycanın neft-qaz sektorunda qazandığı uğurlardan, iqtisadiyyatın şaxələndirilməsindən, ölkəmizin bərpaolunan enerji potensialından və iqlim dəyişmələrinə qarşı qlobal  mübarizəyə töhfələrinən, yeni dövrün çağırışlarının düzgün qiymətləndirilməsi üçün gənclərin potensial imkanlarından səmərəli istifadənin təmin edilməsi üçün atılan addımlardan geniş bəhs etdi.

Məlum olduğu kimi, 2003-cü ildə cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft kapitalının insan kapitalına çevrilməsini əsas hədəf kimi qarşıya qoydu. Bu çağırış da  edildi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmaldır. Son 20 ildən artıq dövrdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar göz qabağındadır. Cənab İlham Əliyev forumdakı çıxışında bildirdi ki, biz iqtisadiyyatımızı artıq müəyyən dərəcədə şaxələndirə bilmişik. Hazırda neft və qaz ümumi daxili məhsulun yarıdan azını təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazdır. Beləliklə,  əsas məqsədlərimizdən biri hazırda ixracımızı şaxələndirməkdir: “Bu, asan olmayacaq. Çünki dediyim kimi, qaz hasilatı və ixracı artacaq. İqtisadiyyatın digər sahələrində ixrac üçün bizə bazarlar lazımdır. Bizim problemimiz ondan ibarətdir ki, müəyyən məhdudiyyətlər və kvotalar səbəbindən Avropa bazarına, Avropa İttifaqının bazarına və sair yerlərə asan çıxışımız yoxdur. Bizim üçün əsas bazarlar qonşu ölkələrdir. İlk növbədə, Rusiya qeyri-enerji məhsulları üçün əsas bazarımızdır və həm də Türkiyə. İxracımızı şaxələndirmək üçün təkcə məhsul istehsal etmək kifayət deyil, bizim çıxışımız da olmalıdır. Bunun üzərində işləyirik.”

Dövlətimizin başçısı forumdakı çıxışında diqqət göstərdiyi məsələlərdən biri də Azərbaycanda təhsilin inkişafı istiqamətində atılan addımlar oldu. Cənab İlham Əliyev prezident kimi fəaliyyətə başlayandan belə bir hədəfi də açıqladı ki, neft və qaz Tanrıdan xalqımıza verilən nemətdir. Dövlətimiz bundan uğurla və məharətlə istifadə edir. Amma bu təbii nemətlər tükənə bilər, ona görə də elm və təhsilin səviyyəsini artırmaqla müstəqil Azərbayanımızın dayanıqlı inkişafını daim təmin etmək mümkündür. İnkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirəndə məlum olur ki, o ölkələrin inkişafında öndə olan aparıı rol neft və qaz deyil, bilikdir, təhsildir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır. Cənab İlham Əliyev forumda  gənclərin qarşıdan gələn çağırışlara necə hazırlanması ilə bağlı sualı cavablandırarkən bildirdi ki, ADA-da olmaq təhsil siyasətinin yaxşı təzahürüdür. Həqiqətən, hər kəsə tam aydındır ki, yatırmağa çalışdığımız ən yaxşı sərmayə təhsilə, gənc nəslə yatırdığımız sərmayədir. Bu, bizim üçün əsas prioritetlərdən biridir. Bizim beynəlxalq tərəfdaşlarla xüsusi proqramlarımız var. Gənc nəslimizin aparıcı beynəlxalq universitetlərdə təhsili üçün xüsusi Prezident proqramı mövcuddur. Eyni zamanda, Azərbaycanda yüksək səviyyədə təhsil prioritetdir: “Biz, həmçinin hər ikisini bir araya gətirməyə çalışırıq və hazırda xaricdə təhsil Prezident proqramı əsasında maliyyələşdirilir. Eyni zamanda, biz yerli potensiala əsas diqqət yetiririk və yəqin siz bilirsiniz ki, bu yaxınlarda bizim Azərbaycan-İtaliya Universitetinin ayrıca binası olacaq. Onun təməli qoyulub, lakin tikintisi davam edir. Bizim uzun illər fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti var. Həmçinin Rusiya Federasiyasının iki universiteti - Moskva Dövlət Universiteti və Tibb Akademiyasının filialları da fəaliyyət göstərir.”

Dayanıqlı inkişafın təmin edilməsi daim öz aktuallığını qoruyur. Bunun üçün iqtisadi tərəqqi, yeni texnoliogiyaların tətbiqi üçün yüksək ixtisaslı kadrların hazırlanması əsas prioritetlər sırasındadır.  Cənab İlham Əliyev dayanıqlı inkişafın təmin edilməsindən bəhs edərkən kadr hazırlığının ölkəmizin iqtisadi inkişaf səviyyəsinə uyğunlaşdırılmasını vacib amil kimi önə çəkir. Bu baxımdan ki, iqtisadiyyatı inkişaf etdirən yeni texnologiyalardısa, onların öyrənilməsi və  tətbiqi  kadr hazırlığını  daha da aktuallaşdırır. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında    dayanıqlı inkişafın təmin edilməsinə gəldikdə bu məqamları da diqqətə çatdırdı ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız gəlirlərin ədalətli şəkildə paylanmasını təmin etmək üçün neft və qaz vəsaitlərinin yoxsulluq və işsizlik kimi məsələlərin həllinə yönəldildiyini göstərir. Enerji əməkdaşlığına başlayanda və neft satışından ilk gəlirləri əldə edəndə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi. Hazırda bu göstərici  5 faizdir.  Cənab İlham Əliyev peşə təhsilinə xüsusi diqqətin göstərildiyini də xüsusi vurğuladı. Hazırda bütün ölkədə peşə təhsili mərkəzlərinin açılmasına dair xüsusi proqram var. Rayonların iqlim şəraiti və ya inkişaf istiqamətindən asılı olaraq məktəblər açılır. Əsas məqsəd təhsilin səviyyəsinin yüksək göstəricilərlə ifadə edilməsidir: “Bu gün mütləqdir ki, ölkənin inkişafına töhfə vermək üçün gənc nəsillər təlimdən keçməlidir. Yadımdadır, ilk dəfə gənclərin xaricə təhsil üçün göndərilməsi proqramına başlayanda müəyyən fikir var idi ki, biz onların geri qayıtması üçün təminat almalıyıq, çünki bu cür olmasa, biz çox vəsait xərcləyəcəyik və onlar oxuduqları yerdə qalacaqlar. Dedim, yox! Bildirdim ki, biz ölkəmizdə elə şərait yaratmalıyıq ki, onlar qayıtmağa üstünlük versinlər. Beləliklə, hazırda mən görürəm ki, Birləşmiş Ştatlarda, Britaniya və Avropanın digər ölkələrində təhsil almış tələbələrin əksəriyyəti geri qayıdır. Bu, onu göstərir ki, biz düzgün yoldayıq.”

Göründüyü kimi, təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılması dövlətimizin siyasətində əsas istiqamətlərdəndir. Elmi əsaslara söykənən iqtisadiyyatın yaradılması ölkəmizin davamlı inkişafında mühüm faktorlardan biridir. Keçirilən bu kimi beynəlxalq tədbirlər hər bir sahədə ölkəmizin, həmçinin iştirakçı ölkələrin malik olduqları imkanlara işıq salaraq yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açır.

Gülər Kərimova,

YAP Şabran rayon təşkilatının məsləhətçisi