29 aprel 2024 11:10
351

Erməni xislətli, eyni niyyətli Avropa Parlamenti və ABŞ Dövlət Departamenti - ŞƏRH

44 günlük Vətən müharibəsi və Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbiri ilə separatizmə birdəfəlik son qoyan Azərbaycana  qarşı mütəmadi qərəzli mövqe sərgiləyən, erməni lobbisinin təsiri altında olan Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamenti, həmçinin ABŞ Dövlət Departamenti bu istiqamətdə fəaliyyətlərini davam etdirməkdədirlər. Belə ki, ənənəsinə sadiq qalan sözügedən qurumlar bu gunlərdə şayiələr, dedi-qodular, təsdiqini tapmamış faktlar, daha doğrusu, xülyaları əsasında hazırladıqları qətnamə və hesabat ilə öz riyakarlıqlarını və ikiüzlülüklərini bir daha nümayiş etdiriblər. Bu mənada həm Avropa Parlamentinin ölkəmizdə vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnaməsi, həm də ABŞ Dövlət Departamentinin "2023-cü il üzrə insan haqlarına dair hesabatı"  başdan-başa böhtan xarakterlidir. Bununla da ölkəmizə qənim kəsilməkdə, qarayaxmada israrlı oluqlarını göstəriblər. Şübhəsiz, bütün bunlar Avropa Parlamentinin və ABŞ Dövlət Departamentinin xristian təəssübkeşliyindən, ikili standartlardan irəli gəlir.

Avropa Parlamentinin və ABŞ Dövlət Departamentinin Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının intensivləşməsi,  4 qeyri-anklav kəndin qaytarılması, delimitasiya ilə bağlı addımların atılması və iki ölkə arasında sərhəd dirəklərinin quraşdırılması kimi mühüm hadisələr fonunda belə mövqe sərgilənmələri ortada çirkin məqsədlərin olduğundan xəbər verir.

Görəsən ötən 30 ildə Ermənistan Azərbaycan ərazilərini işğal edib yüz minlərlə azərbaycanlını etnik təmizləməyə məruz qoyanda, 30 minə yaxın azərbaycanlını qətlə yetirəndə onların hüquqları bu qurumların  yadına niyə düşmürdü? Ermənistanın öz ərazisindən qovduğu 300 min azərbaycanlının öz evinə qayıtmasına imkan verməməsi və Qərbi Azərbaycan İcmasının dialoq çağırışına məhəl qoymaması onları niyə heç narahat etmir? Hətta sözügedən qurumlar  Ermənistanın işğal altında illərlə saxladığı ərazilərimizi mina tarlasına çevirməsinə, hazırda həmin minaların can almasına, dəqiq mina xəritələrinin verilməməsinə də göz yumurlar. Şübhəsiz, Avropa İttifaqının və ABŞ Dövlət Departamentinin bu qərəzli mövqeləri onların ölkəmizin son illər əldə etdiyi uğurları, xüsusilə Qarabağ Zəfərimizi, bölgədə yaratdığımız yeni reallıqları həzm edə bilməmələrindən irəli gəlir. Yoxsa Avropa Parlamentinə və ABŞ Dövlət Departamentinə nə düşüb ki, dünyada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud şəkildə pozulmasından, demokratiyadan əsər-əlamət qalmayan Avropada, ABŞ-da hökm sürən xaosdan və sair kimi çoxsaylı problemlərdən söz açmaq əvəzinə, Ermənistanın sayəsində Cənubi Qafqazda möhkəmlənmək istəyən, sülh danışıqlarına əngəl törədən Fransa prezidenti Makronun “dirijorluğu” ilə Azərbaycanla bağlı bədxah qətnamələr və hesabatlar qəbul etsinlər? Ölkəmizə ağıl verməyə çalışsınlar? Özü də həm Avropa Parlamentinin qəbul etdiyi qətnamə, həm də  ABŞ Dövlət Departamentinə hesabatı demək olar ki, eyni notlar üzərində köklənib. Bu da onların rəsmi Bakıya qarşı eyni cəbhədən çıxış etmələrini bir daha təsdiq edir. Bu mənada əminliklə söyləmək olar ki, bu qurumlar eyni medalın üzləridir. Yəni, onların ikisi də anti-Azərbaycan mövqedə dayanan, Fransadan  istiqamətləndirilən, proqramlaşdırılan, erməni lobbisi tərəfindən maliyyələşdirilən subyektlərdir.

Həmin “sənədlər”də  yer alan əsassız iddialara gəlincə, Azərbaycan insan hüquqlarının və azadlıqların qorunması istiqamətində beynəlxalq hüquq normaları çərçivəsində ardıcıl tədbirlər həyata keçirir. Ölkəmizdə demokratik institutların qurulması, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir.

Bəli, bu qurumlar elə düşünürlər ki, bu kimi qətnamə və hesabatlarla bölgənin güclü oyunçusuna çevrilən Azərbaycana təsir edə biləcəklər. Amma hadisələrin gedişatı göstərir ki, onların bu kimi cəhdləri xam xəyal olaraq qalacaqdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”