28 aprel 2024 21:30
541

Sədərəkdə sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər - YENİLƏNİB

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn edilib.

“İki sahil” xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu Sədərək rayon qəbiristanlığında dəfn olunublar.

Mərasimdə həlak olanların yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Cari il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat yayıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunmaqla zəruri prosessual hərəkətlər icra olunub.

Faktla bağlı Sədərək rayon prokurorluğunda araşdırma aparılır.