29 aprel 2024 12:41
246

Nazim Bəydəmirlinin məhkəməsi başlayıb

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“İki sahil” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə məhkəmənin hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən Nazim Bəydəmirli cinayət işi materialları ilə tanış olmadığını deyib.

O, dövlət tərəfindən təyin olunan müdafiəçidən imtina edib. Öz vəkili ilə prosesə davam edib.

Təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib. O, Nazim Bəydəmirli barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və yaxud cinayət işinə xitam verilməsini istəyib.

Nazim Bəydəmirli isə çıxışında heç bir cinayət törətmədiyini bildirib.

Məhkəmə vəsatəti təmin etməyib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Mürsəl İbrahimov və Ədalət Bağırov tanınıb.

Məhkəmə baxışı mayın 13-nə təyin edilib.

Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra isə istintaq orqanı tərəfindən Nazim Bəydəmirli barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə yenidən ittiham irəli sürülüb.

Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciət edərək N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.