29 aprel 2024 13:53
291

Azərbaycan-Çin münasibətlərində son vaxtlar böyük canlanma baş verib- Prezident İlham Əliyev

Azərbaycan-Çin siyasi əlaqələri yüksək səviyyədədir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmini qəbul edən zaman bildirib.

Dövlət başçısı ikitərəfli münasibətlərdə son vaxtlar böyük canlanmanın baş verdiyini qeyd edib.

Nəqliyyat sahəsində çox fəal birgə işlərin aparıldığını deyən Prezident İlham Əliyev bu baxımdan Transxəzər nəqliyyat dəhlizinin Orta Dəhlizin bir hissəsi olduğunu vurğuladı. Dövlət başçısı sərmayə qoyuluşu nöqteyi-nəzərindən yaxşı irəliləyişin olduğunu dedi. Belə ki, Çin şirkətləri Azərbaycana daha böyük həcmdə sərmayə qoyur. Dövlət başçısı, eyni zamanda, COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan-Çin məsləhətləşmələrinin aparıldığını vurğuladı.

Prezident İlham Əliyev humanitar sahədə də gündəliyin kifayət qədər geniş olduğunu bildirdi, Yan Vanminin ölkəmizə səfərinin əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.