29 aprel 2024 16:25
313

COP29 sülh prosesinin nəticəsidir

ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bir çox məqamlara aydınlıq gətirən Prezident İlham Əliyev ölkəmizin haqq işinə xüsusilə diqqət çəkdi. Ölkə başçısı vurğuladı ki, Qarabağ Azərbaycanın daxili məsələsidir. Azərbaycan və Ermənistan arasında danışıqlar məhz bu prinsiplər əsasında başlanılıb. Ermənistan bəzi digər mövzular əlavə etdi və bu, başlıca maneə yaratdı. Çünki onlar iki suveren ölkə arasında olan sülh sazişinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdilər. Bu, Azərbaycan üçün tamamilə qəbuledilməz idi, çünki dırnaqarası “Dağlıq Qarabağ” Azərbaycanın Qarabağ regionu olub və olacaq, bu, Azərbaycanın daxili məsələsidir. Bu, irəliləyişə nail ola bilməməyin başlıca səbəbi idi. Ermənistan bütün bu dövr ərzində həmin müddəanın daxil olunmasını israr edirdi, bu isə Azərbaycan üçün tamamilə qəbuledilməz idi. Bu, ötən ilin sentyabrına - suverenliyimizi tam bərpa edənədək davam etdi. Lakin burada növbəti problem yarandı. Ermənistan tərəfi fasilə yaratdı və ən azı iki ay Azərbaycanın şərhlərinə münasibət bildirmədi. Çünki ölkəmizin şərhlərin mübadiləsi praktikası var, hər iki ölkənin xarici işlər nazirləri bununla müntəzəm məşğuldur və bu günədək saziş layihəsinə dair şərhlərin 7-8 dəfə belə mübadiləsi baş tutub.

Forumda Prezident İlham Əliyev qeyd etdi ki, siyasi ambisiyalar olmayanda Ermənistanla razılığa gələ bilirik. Qazaxıstan tərəfi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünün təşkili ilə bağlı ölkəmizə müraciət edib. Azərbaycan buna razılıq verib və Ermənistan da buna razı olsa, iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşü Qazaxıstanda baş tuta bilər. Söhbət hər hansı vasitəçilikdən getmir. Çünki bu gün sərhədimizdə baş verənlər onu nümayiş etdirir ki, Azərbaycanla heç kəsin işi olmadığı, bu vəziyyətin kiminsə siyasi ambisiyaları naminə istifadə edilmədiyi halda biz gec-tez razılığa gəlmək mümkündür.

Prezident İlham Əliyev forumda Rusiya sülhməramlılarının ölkəmizin Qarabağ regionunu vaxtından əvvəl tərk etməkləri və Rusiya ilə olan yüksək səviyyəli əlaqələrə də münasibət bildirdi. Ölkə başçısı qeyd etdi ki, sülhməramlıların Azərbaycanın Qarabağ regionunu vaxtından əvvəl tərk etməkləri  Rusiya və Azərbaycan liderlərinin birgə qərarıdır. Bu qərar Azərbaycan-Rusiya əlaqələrinin ictimaiyyət tərəfindən qəbulunu və qiymətləndirilməsini gücləndirdi. Çünki bu onu göstərir ki, ölkələrin normal kommunikasiya kanalları olanda, onlar bir-birinə hörmət bəsləyəndə, əməkdaşlıq edəndə, bir-birinə qarşı heç nə etməyəndə ən həssas məsələlərlə bağlı razılığa gələ bilərlər və bu nümunə bunun bariz göstəricisidir. Rusiya ilə Azərbaycan arasında əlaqələrin strateji məzmununu təsdiqlənib və həm Azərbaycanın, həm də Rusiyanın və regionun xeyrinədir. Rusiya Azərbaycanın qonşusudur və müxtəlif sahələrdə ölkələrimizin çox fəal əməkdaşlığı var.

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev diqqətə çatdırdı ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Azərbaycan hazırlığın fəal mərhələsindədir. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir. Ölkəmiz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyir. Eyni zamanda, bu, Azərbaycan üçün həqiqətləri diqqətə çatdırmaq fürsətidir. Ölkəmizin dünyaya deyəcək sözü çoxdur. Azərbaycana on minlərlə qonaq gələcək və onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Qonaqlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcək, Azərbaycanın planlarının nədən ibarət olduğunu öyrənəcəklər.

COP29 sülh prosesinin nəticəsidir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq Azərbaycan gündəliyə bir neçə əlavə edə bilər və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, ölkəmiz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandı. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və Azərbaycan da qarşılıqlı addımlar atdı. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir.

Cavid Osmanov,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı