30 aprel 2024 02:17
392

Zatulinə “poşyol k çortu” deyildi

Ancaq o, həyasızlıqdan və böhtan atmaqdan əl çəkmədi

Üz-gözündən ifrat dərəcədə həyasızlıq yağan insanlar var ki, onları islah etmək, həqiqətə inandırmaq qətiyyən mümkün deyil. Kor tutduğunu buraxmadığı kimi bu tipli adamlar da bildiklərini atasını gordan çıxarıb gətirsələr də kimsəyə  verən deyil. Söhbət Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri üzrə komitənin sədr müavini, deputat Konstantin Zatulindən gedir. Bu, o Zatulindir ki, uzun illər ərzində Azərbaycan xalqına qarşı hər cür düşmənçiliyə rəvac verib, Ermənistanın işğalçılıq siyasətini və bütün hərbi cinayətlərini müdafiə edib. Amma indiki Ermənistan hakimiyyəti Zatulini ziyanlı fəaliyyətinə görə "persona non-qrata" elan edib. Bir çox ermənilər xalqlar arasında nifaq salan başabəla jurnalist Marqarita Simonyanı da deputat Zatulini kimi öz  ölkələrində görmək istəmirlər. Ziyankar həşərat kimi dörd yanını dalayan Zatulin yaxasındakı Dövlət Dumasının deputatı nişanından da utanmır.

Qeyd edək ki, o, mənafeyini qorumaq hesabına simasını itirdiyi Ermənistanla bərabər, Azərbaycan tərəfindən də arzuolunmaz şəxs elan edilib. Yəni, onun-bunun üstünə qaçıb hart-hurt edən böhtançı hamıdan “poşyol k çortu” komandasını eşidib və qovulub. Ancaq bu zat o dərəcədə abırsızdır ki, çəkilib öz yerində oturmur. Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na salınan çoxüzlü siyasətçi bütün bunlara baxmayaraq Ölkəmizə qarşı qızışdırıcı mövqeyindən əl çəkmir. Bu günlərdə Rusiyada erməni diasporu üzvlərinin keçirdikləri bir yığıncaqda Zatulin Azərbaycan və Türkiyə haqqında çıxışı ilə ermənilərə yaltaqlanmaqdan çəkinmədi. Yığıncaq 1915-ci il aprelin 24-də baş  verdiyi iddia edilən hadisələrə həsr olunmuşdu. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 24-dəki çıxışında quraşdırılmış “genosid” əvəzinə Osmanlı dövləti ərazisində baş verən qarışıq hadisələr barədə danışıb və bildirib ki, o vaxt baş verənlər tarixçilər tərəfindən araşdırılmalı, real faktlar ortaya çıxarılmalı, sonra hansısa nəticəyə gəlmək olar. Çünki əvvəllər 300 nəfər , bir qədər sonra 300 min, daha sonra isə milyon yarım erməninin öldürüldüyü deyilirdi. Baş nazirin məntiqindən belə çıxıb ki, hadisələrin mahiyyətini öyrənmədən kimlərisə soyqırımıda ittiham   etmək, daim sübut olunmamış bu ittihamla yaşamaq doğru deyil. Paşinyan çıxışı boyu bir dəfə də olsun “genosid” kəlməsini işlətməyib ancaq “böyük fəlakət” deməklə kifayətlənib. Paşinyanın tarixçilərin araşdırmasını tələb etməsi iddiaçı ermənilərə acı istiot effekti verib. Çünki real faktların aşkara şıxarılması onlara sərf etmir.

Əslində mənbələrin məlumatına görə, həmin illərdə Osmanlı  dövlətində təxminən 700 min erməni yaşayıb və hayların yaydıqları məlumatların yalan olduğu üzə çıxıb. "Genosid" məsələsini Sovet hökuməti NATO üzvü olan Türkiyəyə zərbə vurmaq, ondan külli miqdarda təzminat almaq məqsədilə 1965-ci ildə uyduraraq dövriyyəyə buraxıb. 1965-ci ildən əvvəlki on illiklərdə bu söz heç vaxt işlədilməyib, anım günü keçirilməyib.

Amma bu yaltaq və abrını belinə şəlləmiş deputat Paşinyandan da artıq ermənilik edərək təxminən yarım saatlıq çıxışında əvvəldən axıradək bir neçə dəfə “genosid” sözü işlətmiş, olmayan cinayətləri Azərbaycana yapışdırmağa cəhd göstərmişdir. O, 1915-ci il hadisələrindən epizodik danışaraq indi  onun kimilərini “qarın ağrısına” salan əsas məsələdən uzun-uzadı bəhs etdi. 2023-cü ilin bir  günlük antiterror əməliyyatı barədə  elə yalan informasiyalar vermişdir ki, dünyanın ən məşhur don kixotları belə yalan danışmayıblar. Yalanın dərəcəsinə baxın ki, guya həmin bir günlük əməliyyat zamanı minlərlə erməni öldürülüb və on minlərləsi isə deportasiya edilib. Halbuki Qarabağda illərdir azərbaycanlıları öldürən, şəhər və kəndlərini yandıran,  ölkənin varidatını çapıb talayan  bir neçə terrorçu neytrallaşdırılıb. Bəlkə Azərbaycan terrorçuları əzizləyəydi? Zatulinin məntiqindən belə anlaşılır. İnsan ağlını nə qədər itirmiş olmalıdır ki, belə sərsəm iddianı irəli sürsün. Belə çıxırdı ki, Azərbaycan Qarabağda toplu-tüfəngli terrorçu ermənilərin bütün cinayətlərini sakitcə seyr etməli, onlara “gözün üstə qaşın var” deməməli idi. Zatulinlərin ağılları bolşeviklərə gedib. Məhz bolşeviklər bunların bütün azğın hərəkətlərinə gizli də olsa dəstək verir, silahlandırır və qanlı planlar cızırdılar. Anlamırlar ki, daha o dövr keçdi.

Sözügedən yığıncaqda Dövlət Dumasının deputatı əsas məsələ üstünə gələrək bildirib ki, Ermənistanın məğlubiyyətinin əsas günahkarl baş nazir Nikol Paşinyandır. Deputatın  fikrincə, nə yolla olursa-olsun Nikol Paşinyan vəzifəsindən uzaqlaşdırılmalıdır. Maraqlıdır ki, Zatulindən  sonra kürsüyə çıxan erməni alimləri də Zatulinin Paşinyan barədə dediklərini tutuquşu kimi təkrarlayıblar. Onlar da Paşinyanın erməni dövləti üçün təhlükəli olduğunu həyəcanla söyləyiblər və çox tezliklə onun devrilməsini tələb ediblər. Çıxış edənlərin əksəri alim olsa da amma zırrama kimi danışır, Türkiyə və Azərbaycanla Ermənistanın yaxınlaşmasının mümkün olmadığını vurğulayıdılar. Biildiriblər ki, Paşinyanın bir çamadan pulla aradan arın-arxayın çıxıb Qərbə qaçmasını gözləmək olmaz. Məsələ tamamilə aydın oldu. Sanki Zatulin onların hamısının ağzına tüpürmüşdü. Eyni fikirləri eyni sözlərlə ifadə edirdilər. Əli-gözü qanlılar bütün erməniləri qisasa, yeni müharibəyə çağırırdılar. Onlar ya Serj Sarkisyan, ya da Robert Koçaryan tipli yeni bir erməninin hakimiyyətə gəlməsini arzuladıqlarını da dilə gətiriblər.

Diaspor ermənilərinin qarğa yığıncağını xatırladan mərəkəsi göstərdi ki, indiyədək törətdikləri saya gəlməyən cinayətlərin hesabını vermək onlar üçün öldürücü bir imtahandır. Ermənilər isə imtahan verməyi bacarmırlar, çünki sınaqlardan sınıq çıxıblar.

Son günlər İrəvanda əhalinin küçələrə çıxarılması, Paşinyanın əleyhinə şüarlar səsləndirilməsi, polislə qarşıdurma yaradılması göstərir ki, bu etirazları "Qarabağ klanı"nın başçıları Serjik Sarkisyan və Robert Koçaryana sadiq qüvvələr təşkil edir. Katalikos II Qareginin tapşırığı ilə keşişlər də etirazlarda fəal iştirak edirlər. Kilsənin işə qarışması daxili iğtişaşları daha da genişləndirəcəkdir. Amma hakimiyyətlə   narazıların qarşıdurması uzun müddət  davam edə bilməz. Deməli, iğtişaşlar tezliklə kiminsə qələbəsi ilə nəticələnəcəkdir. Çünki üz-üzə dayanan qüvvələr barışmaq haqqında düçünmək belə istəmirlər.

Beləliklə, Hayastan dəryada yelkənlərini və istiqamətini itirən qayıq kimi dalğaların onu hansı səmtə aparacağı bir vəziyyətə düşüb. Görək dalğalar onu sahilə çıxaracaq və ya dəryada qərq edəcək?

Vəli İlyasov, “İki sahil”