30 aprel 2024 09:50
290

Azərbaycan-Almaniya əlaqələri: tarix, inkişaf və perspektivlər

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir.

Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. XIX əsrdə bir qrup alman ailə Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə verib. Azərbaycanda ilk alman koloniyası Yelenendorf Gəncədən 7-8 kilometr aralıda, Xanarxlar deyilən kənddə (indiki Göygöl şəhəri) salınıb. Sonradan isə Gəncədən 35 kilometr şimal-qərbdə yerləşən indiki Şəmkir torpaqlarında Annenfeld adlı ikinci koloniya yaradılıb.

Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyəli dialoq mövcuddur. Prezident İlham Əliyev 2004-cü və 2007-ci illərdə Almaniyaya rəsmi, daha 11 dəfə isə işgüzar səfər edib. Sonuncu səfər bu il fevralın 16-19-da baş tutub və dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransında iştirak edib. Ötən il fevralın 15-də Prezident İlham Əliyev Almaniya Prezidenti Frank Valter Ştaynmayeri yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Eləcə də bu il yanvarın 13-də iki ölkənin prezidentləri arasında telefon danışığı olub. Söhbət zamanı prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev 15-ci Petersberq İqlim Dialoqunda iştirak etmək üçün vacib diplomatik missiya ilə Almaniyaya səfərə gedib.2010-cu ildə ilk dəfə keçirildiyi andan etibarən böyük əhəmiyyətə malik olan bu illik sammit bu il Berlində, noyabrda Bakıda keçirilməsi planlaşdırılan BMT-nin COP29 İqlim Dəyişikliyi Konfransının müqəddiməsi olaraq keçirilib.

Petersberq İqlim Dialoqu mühüm platformaya çevrilib, dünya liderləri bu tədbirdə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlər üzrə strategiyalarını sinxronlaşdıra bilirlər. Bu il təxminən 40 ölkənin nümayəndəsi COP29-un əsasını qoymaq üçün toplaşıblar. Lakin, görünür, iqlim sammiti prezident Əliyevin səfəri üçün daha çox formal bəhanə olub, görüş zamanı Almaniyanın yüksək vəzifəli şəxsləri, o cümlədən prezident Frank-Valter Ştaynmayer, kansler Olaf Şolts və xarici işlər naziri Annalena Baerbokla mühüm ikitərəfli görüşlər keçirilib.

Müzakirələr üç əsas mövzuya həsr olunub: Ermənistanla davam edən sülh prosesi, insan hüquqları sahəsində problemlər və COP-29-a hazırlıq. Azərbaycan prezidenti bu mövzulardan sühl danışıqlarına xüsusi diqqət yetirib, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasında böyük irəliləyiş olduğunu - potensial sülh müqaviləsinə doğru həyati əhəmiyyət kəsb edən addım atıldığını bildirib. O, noyabr sammitinə qədər sülh prosesinin başa çatacağına ümid edir.

İlham Əliyev belə deyib: “Bu gün isə artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Onu da bildirməliyəm ki, Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini bu gün səhər dayandırmışdır, buna artıq ehtiyac duyulmur. Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”.

Sosial şəbəkələrdə bəhs edilən Ermənistanın baş nazirinin Bakıda iqlim sammitində iştirak etməsi perspektivi münasibətlərdə istiləşməyə işarə edən əlamətdar hadisə ola bilər, əsas vasitəçi olan Almaniya da buna kömək edir. Kansler Şolts Almaniyanın uzunmüddətli sülh sazişini dəstəkləməyə hazır olduğunu vurğulayıb, hər iki tərəfi güzəştlərə hazırlıq və cəsarət nümayiş etdirməyə çağırıb.

Energetika naziri Pərviz Şahbazov ilə Almaniyanın xarici işlər nazirinin  müavini Cennifer Morqanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə bildirilib, Azərbaycanın “yaşıl enerji keçidi” kursu və ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2030-cu ilədək “yaşıl artıma” nail olmağı hədəfləyən siyasətinin, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və ölkəmizin COP29 tədbirinə ev sahibliyinin “yaşıl enerji keçidi” prosesinə milli töhfələri daha da artıracağı qeyd edilib. Görüşdə, Azərbaycanın yaşıl enerji keçidi ilə bağlı siyasəti, həyata keçirilən istehsal-ixrac layihələri və COP29 çərçivəsində fəaliyyətə dair məsələlər müzakirə edilib.

Xatırlatmaq yerinə düşər ki, 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma      Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd eyni zamanda Azərbaycan ilə Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Qeyd edək ki, dövlətimizin başçısının Almaniyaya səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.

Fəxriyyə Cəfərova,

Bakı şəhəri, Xətai rayonu, Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbin  kitabxanaçısı,

YAP Xətai rayon təşkilatının üzvü