02 may 2024 09:04
216

AİB-in 57-ci illik toplantısı öz işinə başlayıb

Tbilisidə Asiya İnkişaf Bankının (AİB) 57-ci illik toplantısı işə başlayıb.

“İki sahil” xəbər verir ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının mövzusu “Gələcəyə Körpü”dür.

Tədbirdə bərpa olunan enerji, rəqəmsal əlaqə, Orta Dəhliz, maliyyədə davamlılıq, süni intellekt və rəqəmsal transformasiya, iqlim dəyişikliyinin maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Bundan əlavə, “Asiya İnkişaf Siyasəti Hesabatı 2024: Asiyada Yaşlanma”nın təqdimatı planlaşdırılır.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.