03 may 2024 00:58
292

Sülh uğrunda qalibiyyət savaşı

Hazırda Azərbaycanla Ermənistan arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasının və sülhə doğru irəliləyişin təməlində ölkəmizin Vətən müharibəsindəki tarixi Qələbəsi, eləcə də lokal antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində separatizmə son qoyulması, respublikamızın suverenliyinin tamamilə bərpa olunması dayanır

Ermənistan təxminən 30 il ərazində Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməklə beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozaraq beynəlxalq normaları heçə sayıb. Azərbaycanın təcavüzkarı sülhə məcburetmə addımlarını beynəlxlaq qanunvericlik çərçivəsində atıb. Belə ki, dövlətin öz əraziləri üzərində suverenliyi beynəlxalq hüququn təməl prinsiplərindən biridir. Müasir beynəlxalq hüquqa əsasən heç kəs dövləti ona məxsus olan ərazidən və müvafiq olaraq təbii ehtiyatlardan zorla məhrum edə bilməz. Ermənistan Azərbaycanın ərazilərinin iyirmi faizini işğal etməklə dövlətimizin suverenliyinə qəsd edib. Beynəlxalq hüququn prinsiplərinin tələblərinin Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnaməsi, eləcə də Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və bir çox başqa beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar təsdiq edir.

Həmçinin Ermənistanın şovinist rəhbərliyi ölkəmizə və xalqımıza qarşı açıq şəkildə silahlı qüvvələrdən istifadə etməklə beynəlxalq hüququn dövlətlərə və xalqlara qarşı silahlı birləşmələrdən istifadə etməmək prinsipini pozub. Təcavüzkar ölkə bir çox beynəlxalq təşkilatların, eləcə də BMT-nin və dünya dövlətlərinin birmənalı olaraq tanıdığı Azərbaycanın ərazi bütövlüyünü tanımadığını ərazilərimizi işğal altında saxlamaqla bir daha nümaiyiş etdirib. 

Beynəlxlaq hüququn təməl prinsiplərindən biri də dövlətlərin daxili işlərinə qarışmamaqdır. Ermənistan Azərbaycanın Qarabağ iqtisadi rayonunda dövlət əleyhinə çıxışları və mərkəzdənqaçma meyillərini qızışdırmaqla, separatizmə açıq dəstək verməklə respublikamızın daxili işlərinə kobud şəkildə qarışıb. Təcavüzkar ölkə Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirməklə beynəlxalq hüququn insan hüquq və azadlıqları prinsiplərinə qəsd edib. Ermənistanın qanunsuz və əsassız ərazi iddialarının reallaşıdırılması məqsədilə ölkəmizə qarşı tammiqyaslı müharibəyə başlaması nəticəində Azərbaycanın iyirmi faiz torpaqları işğal olunub. Nəticədə onminlərlə insan həyatını itirib, kəndlər, qəsəbələr, şəhərlər yerlə-yeksən edilib, bir milyona yaxın azərbaycanlı öz doğma yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilib.

Təcavüzkar Ermənistan uzun illər beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozaraq beynəlxalq qnunvericiliyin tələb etdiyi öhdəlikləri yerinə yetirməyib. Ən acınacaqlısı isə odur ki, təxminən 30 il müddətində BMT TŞ-nın məlum 4 qətnaməsinə məhəl qoymayan, beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərini qulaqardına vuran işğalçı ölkə beynəlxalq birlik tərəfindən cəzalandırılmadı. Təcavüzkar Ermənistanı bu öhdəlikləri yerinə yetirməyə məcbur etmək missiyasını Azərbaycan xalqı, Azərbaycan Ordusu öz üzərinə götürdü. 2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları işğaldan azad edildi, tarxi ədalət bərpa olundu, Ermənistan rüsvayçı məğlubiyyətə uğrayaraq kapitulyasiya aktına imza atdı.

Gerçəklik odur ki, ölkəmizin başçısının bildirdiyi kimi, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Beynəlxalaq hüququn norma və prinsiplərinə müraciət edildikdə bir daha aydın olur ki, Azərbaycanın reallaşdırdığı sülhəməcburetmə əməliyyatları tam legitim xarakter daşıyır. Bütün bunlar BMT-nin Nizamnaməsinin VII fəslinin müddəalarında öz əksini tapıb.

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi  

Prezident İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında Beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini xatırladaraq bildirib ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi: “Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir. Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.

Məsələ orasındadır ki, Azərbaycanın əleyhinə mövqe sərgiləyən bəzi dairələr sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirlərinin ardınca ölkəmizin beynəlxalq qanunvericiliyə əsaslanan mövqeyindən, eləcə də hərbi-siyasi gücündən doğan reallıqları qəbul edərək geri addım atmağa məcbur oldular. İstər Ermənistan, istərsə də havadarları Azərbaycanın beynəlxalq hüququn aliliyinə əsaslanan iradəsi qarşısında rəsmi Bakıya qarşı məkrli və destruktiv siyasətlərindən əl çəkmək zorunda qaldılar.

Danılmaz faktdır ki, ötən ilin sentyabrında Azərbaycan suverenliyini tamamilə bərpa etdikdən, separatizmə birdəfəlik son qoyduqdan sonra bəzi güc mərkəzlərinin siyasi hücumlarına məruz qalmasına baxmayaraq, ölkəmiz yenə də sülh təklif etdi.  

Sevindirici haldır ki, Azərbaycanın uğurla həyata keçirdiyi sülhə məcburetmə siyasəti artıq öz bəhrəsini verməkdədir. Ermənistanla Azərbaycan arasında şərti sərhəddə sabitlik, rəsmi İrəvanın iki ölkə arasında sülhün əldə olunması üçün yaranmış tarixi fürsətdən bəhrələnərək ölkəmizlə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini təsdiq etməsi tərəflər arasında etimad mühitinin yarandığının təsdiqidir.

Bu, bir gerçəklikdir ki, Cənubi Qafqazda sabitlik Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması sayəsində əldə olunub. Hazırda Azərbaycan Ermənistanla sülh əldə etmək üçün fəal işləyir. Danışıqlar Azərbaycan tərəfindən hazırlanmış sənəd əsasında aparılır. Hazırda sülh prosesində müsbət tendensiya müşahidə edilir, sərhədlərin delimitasiyası ilə yanaşı, həm də demarkasiyaya başlanılıb. Sərhədlərin delimitasiyası və demarkasiyası iki ölkə arasında əldə olunan razılaşmalar əsasında, vasitəçilərsiz həyata keçirilir. Ölkəmizin başçısının bildirdiyi kimi, artıq sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır.

Beynəlxalq hüququn sülhə məcburetmə mexanizmlərinə əsasən, əminliklə demək olar ki, bu gün etimad quruculuğu prosesinin və yekun sülhə doğru real addımların atılmasının, ölkəmizin başçısının bildridiyi kimi, sülhə doğru irəliləyişin təməlində Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi, eləcə də lokal antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində separatizmə son qoyulması, ölkəmizin suverenliyinin tamamilə bərpa olunması dayanır.

Zahid Rza, “İki sahil”