03 may 2024 01:58
288

“Xarici təsirin şəffaflığı” - Niyə ona etiraz edirlər?

Qərb özü xarici agent barədə normativ hüquqi aktlar qəbul edir, xaricdən maliyyələşməni yasaqlayır, amma digər ölkələrə bunu qadağan etməyə çalışır

Uzun müddətdir ki, Gürcüstanın paytaxtında etirazlar səngimək bilmir. Belə ki, müxalifət hakim “Gürcü Arzusu” Partiyası tərəfindən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən parlamentin gündəliyinə salınmasına və bununla bağlı müzakirələrə başlanılmasına qarşı çıxıb. “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi “Gürcü Arzusu” Partiyası tərəfindən ilk dəfə 2023-cü ilin martında Gürcüstan parlamentinə təqdim edilib. Lakin etirazlara görə qanun layihəsi geri götürülüb. Bu il aprelin əvvəlində layihə yenidən baxılmaq üçün təqdim edilib. Rısmi Tbilisi isə bu dəfə geri çəkilməyib və sözügedən qanun layihəsinin parlamentdə müzakirələrini dayandırmayıb.

Müxalif aksiya iştirakçıları hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” Partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq hakimiyyətlə əməkdaşlığı dayandırdıqlarını bildiriblər. Əllərində Gürcüstanın və Avropa İttifaqının bayraqlarını tutan aksiya iştirakçıları “Avropaya hə!” “Rusiyaya yox!” şüarları səsləndiriblər. Müxalifət iddia edib ki, bu “Rusiyada qəbul olunan” sənədin eynisidir. Qanun layihəsində illik gəliri 20 faizi xaricdən gələn qeyri-hökumət təşkilatlarının və KİV-lərin qeydiyyata alınması, illik bəyannamənin doldurulması tələb olunur. Layihəyə əsasən, onların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası da aprelin 29-da ümumrespublika mitinqi elan edib.

Göründüyü kimi, sözügedən qanun layihəsinin parlamentin müzakirələrinə çıxarılması cəmiyyətdə olduğu kimi, hakimiyyətdə də parçalanma yaradıb. Bu günlərdə hökumət rəsmilərindən və Prezident Salome Zurabişvilidən bir-birini inkar edən ziddiyyətli açıqlamalar gəlib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze qanun layihəsini birmənalı şəkildə müdafiə edib. O, bu dəfə qanun layihəsinin müzakirələrinin dayandırılmayacağını bildirib. Hökumətin israrlı yanaşmasına rəğmən, Prezident Salome Zurabişvili əks mövqedən çıxış edir. O,  etirazçıların yanında yer alıb. Prezident ikinci və üçüncü oxunuşdan keçəcəyi təqdirdə qanuna veto qoyacağını belə vəd edib.

Bəs Gürcüstanda cəmiyyət iki yerə bölən bu qanun özündə nəyi ehtiva edir?  Niyə ona etiraz edirlər?

Belə ki, “Xarici agent” statusu xarici qüvvələrin dəstəyini alanlara, yaxud onların “nüfuz dairəsi” altında olanlara deyirlər. Bu qanun vasitəsi ilə xaricdən qrant alan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzarət edilir. Beynəlxalq ictimaiyyət bunu insan hüquqlarının məhdudlaşdırdığı üçün tənqid edirlər. Yeri gəlmişkən, “xarici agent” haqqında qanun 1938-ci ildə ABŞ-da qəbul edilib. “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA) adlanan qanuna əsasən, Ştatlarda xarici güclərin maraqlarını - “siyasi və ya kvazi-siyasi” səviyyədə təmsil edən belə şəxslər xarici hökumətlə əlaqəli fəaliyyətləri, münasibəti və maliyyə barədə məlumatları açıqlamalıdır. Qanunun məqsədi hakimiyyətin və Amerika xalqının belə şəxslərin bəyanatlarına, hərəkətlərinə qiymət verməsini asanlaşdırmaqdır. O, ABŞ Ədliyyə Departamentinin Milli Təhlükəsizlik Departamentinin Əks-kəşfiyyat və İxracın Mühafizəsi Bölməsi tərəfindən idarə olunur.

Mayın 1-də Gürcüstan parlamenti mübahisəli “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib. Uzun sürən müzakirələrdən sonra qanun layihəsi 83 səs lehinə, 23 səs əleyhinə olmaqla ikinci oxunuşda da qəbul olunub. Qanun layihəsi yaxın iki həftə ərzində yekun 3-cü oxunuşda qəbul ediləcək. Əgər ölkə Prezidenti qanuna veto qoyarsa, dörd həftə ərzində prezidentin vetosu ləğv olunacaq.

Qeyd edək ki, ABŞ, Avropa İttifaqı, BMT, NATO, Avropa Şurası və Qərb dövlətlərinin ayrı-ayrı liderləri qanunun qəbul edilməməsi ilə bağlı rəsmi Tbilisiyə müraciət edib. Maraqlıdır ki, onlar "Xarici təsirin qarşısının alınması haqqında” qanun layihəsini "rus qanunu" adlandırırlar. Amma Rusiya qanunlarında açıq şəkildə yazılıb ki, xaricdən maliyyələşənlərə hansı sanksiyalar tətbiq edilir, hətta həbslər belə var. Xaricdən maliyyələşən media qurumuna reklam verəni belə həbs edirlər. Amma Gürcüstanın qəbul etmək istədiyi "Xarici təsirin qarşısının alınması haqqında” qanun layihəsində heç bir sanksiyadan söhbət getmir. Burada yalnız ildə bir dəfə maliyyə hesabatı vermək tələb edilir. Ona görə də ABŞ-ın, o cümlədən Qərbin bu istiqamətdəki narahatlıqları başadüşülən deyil. Qərb özü xarici agent barədə normativ hüquqi aktlar qəbul edir, xaricdən maliyyələşməni yasaqlayır, amma digər ölkələrə bunu qadağan etməyə çalışır.

Gürcüstan hakimiyyəti də onların tənqidini anlaşılmaz adlandıraraq ABŞ, İsrail və Avstraliyada artıq xaricdən maliyyələşmənin şəffaflığı ilə bağlı qanunların olduğunu, belə qanun layihələrinin Avropa İttifaqında və Fransada nəzərdən keçirildiyini vurğulayıb.

Odur ki, hakimiyyət Rusiya ilə münasibətləri bərpa etmək xəttinə üstünlük verir. Onlar hesab edir ki, Qərblə əməkdaşlıq Gürcüstanı iqtisadi, siyasi və ərazi bütövlüyünü təmin baxımından geri salıb.

Qərb blokunun isə hazırkı şəraitdə Gürcüstandakı müxalifətə müdafiəsi uğurlu sayılmır. Sifarişin icraçıları bəllidir və onlar xaricdən aldıqları maliyyə vəsaitlərinin hara və necə xərclənəcəyini hökumətlə bölüşmək istəmirlər. Hakimiyyət isə hər kəsin qanun qarşısında bərabər olduğunu xatırlatmaqla yanaşı, xarici mənbələrdən əldə edilən pulun mənbəyinin şəffaflığını istəyir. Beləliklə, Gürcüstan bu gün xarici agentlərin işğalı altındadır, hökumət “demokratik dəyərləri formalaşdıran” QHT sektorunun xarici dövlətlərin xüsusi xidmət orqanları ilə birgə fəaliyyət göstərdiyinin fərqindədir. Belə bir vəziyyətin qarşısını almaq üçün hökumət “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulunda israrlıdır.

Nigar Orucova, “İki sahil”