06 may 2024 14:07
252

Almaniya XİN "Al Jazeera"nın İsraildə yayımına qadağa qoyulmasına münasibət bildirib

Almaniya Xarici İşlər Nazirliyi "Al Jazeera"nın İsraildə yayımına qoyulan qadağaya münasibət bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniya XİN "X" hesabında paylaşım edib.

"Azad və müxtəlif mətbuatın olması hər bir liberal demokratiyanın təməl daşıdır. Xüsusilə münaqişə zamanı mətbuat azadlığının qorunması mühüm əhəmiyyət kəsb edir. İsrail hakimiyyətinin İsraildə "Al Jazeera" kanalını bağlamaq qərarı yanlış siqnaldır", Almaniya XİN bildirib.

Xatırladaq ki, İsrail hökuməti "Al Jazeera" televiziya şəbəkəsini HAMAS-ın ruporu adlandıraraq ölkədəki fəaliyyətini dayandırıb. Baş nazir Benyamin Netanyahu bildirib ki, hökumət kabineti Qəzzada müharibə davam edərkən telekanalın yayımını dayandırmağa razılaşıb.

Polis mayın 5-də Yerusəlimdəki"Ambassador" otelində Qətər yayım şirkətinin ofisində reyd aparıb.

Telekanal fəaliyyətinin İsrail təhlükəsizliyinə təhdid olduğu iddialarını "təhlükəli və gülünc bir yalan" adlandırıb.

Kanal "hər bir qanuni addımı atmaq" hüququnu özündə saxladığını bildirib.